İntiqam Əliyevin qızı: «Atam zalda o sualı verəndə çox sarsıldım»

Nərmin Kamilsoy

-

Martın 31-də hüquqşünas İntiqam Əliyev məhkəmədə qızı Nərminə müraciət etdi: «Bir də gördüm 23 yaşına çatmısan. 20 yaşına qədər Sumqayıtda 4 nəfərlik ailə üzvlərinlə birgə 3 otaqlı evdə yaşamısan. Bu zaman ərzində Sumqayıt şəhərindəki sıradan orta məktəblərin birində təhsil almısan. Bu yaşınıza qədər həm qardaşın, həm də sən xəstə olanda yanınızda çox ola bilməmişəm. Durmadan işlədiyim üçün təhsilinizlə də daim maraqlana bilməmişəm. Doğum günlərinizdə hamı dağılandan sonra gəlib çıxmışam. Öz gücünə məktəbi bitirib Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmusan. Bilirəm ki, növbəti istəyin xaricdə təhsil almaqdır. Ancaq mənim qızım olduğundan hər hansı dövlət proqramından istifadə edib xaricdə təhsil ala bilməyəcəksən. Mənim qızım olduğuna görə normal iş də tapa bilməyəcəksən. Gələcəkdə qarşılaşacağın xırda problemə görə ittiham oluna bilərsən. Cəmil Həsənlinin qızı Günel kimi. Bir sözlə, səni gələcəkdə böyük problemlər gözləyir. Bütün bunlara görə, mənim qızım olduğuna görə özünü zərərçəkmiş hesab edirsənmi?»

Bəs Nərmin Kamilsoy baş verənləri necə qarşılayıb? O, AzadlıqRadiosuna müsahibəsində bu haqda danışıb.

- İntiqam bəyin sizə müraciəti çoxlarını kövrəltdi. İntiqam bəy bir ata kimi öz-özünü məhkəməyə çəkirdi elə bil. Bu atanın etmədikləri, edə bilmədikləri üçün gecikmiş etirafı, üzrxahlığıydımı sizdən ötrü? Siz o anda nə düşündünüz? Hər halda atalar hər gün övladlarına belə söz demirlər.

- Bu sualın mənim üçün böyük sürpriz olub-olmadığını deyə bilmərəm. Həbs olunduqdan sonra hər həftə təcridxanaya yanına gedəndə bizdən eyni cür üzrxahlıq edir. «Bağışlayın ki, necə böyüdüyünüzdən xəbərim olmadı, sizlə maraqlana və hər zaman yanınızda ola bilmədim» deyir. Bu sözləri hər həftə eşitməyimə baxmayaraq (elə evdə də tez-tez deyirdi ki, siz nə vaxt böyüdünüz?), zalda o sual mənə veriləndə çox sarsıldım, qarışıq hisslər yaşadım. Mənim üçün hər şey o qədər təsirli oldu ki, hakim danışmaq istəməyimə icazə versəydi belə, heç nə deyə bilməzdim bəlkə də.

- Atanız sizə miras qoymayıb. Sizə qalan «qızı olduğuna görə normal iş tapa bilməmək, xaricdə dövlət xəttiylə təhsil ala bilməməkdir. Bir də, gələcəkdə qarşılaşacağınız xırda problemə görə ittiham oluna bilməkdir, Cəmil Həsənlinin qızı Günel kimi». Bu onun sözləridir. Belə anlarda «niyə” deyirsinizmi? Və ya atanızın təbirincə, siz özünüzü zərərçəkən sayırsınızmı?

- Yanılırsınız, atamız bizə ən böyük dəyərləri - vicdan, əqidə, iradə miras qoyub. O elə bir müqəddəs amal uğrunda mübarizə aparır ki, biz ona heç vaxt «niyə» sualını verə bilməzdik, heç bu barədə düşünmək ağlıma da gəlmir. O, həm də bizim ədalətli cəmiyyətdə yaşamağımız üçün mübarizə aparır. Elə bir cəmiyyət ki, insan hüquq və azadlıqları tam təmin olunsun, ordusunda əsgərlər naməlum şəkildə öldürülməsin, saxta məhkəmələrdə hakimlər sifariş, rüşvət əsasında qərar çıxarmasın, şəffaf seçkilər keçirilsin, mülkiyyət hüquqları pozulmasın, insanlar işə rüşvətlə qəbul olunmasın, həkimlər, müəllimlər, təqaüdçülər 150-200 manat maaş almasın, insanlar fərqli ideologiyalarına görə öldürülməsin, təqib və həbs olunmasın. Elə Xədicə İsmayıl, Tofiq Yaqublu, Anar Məmmədli, Rəsul Cəfərov, İlqar Məmmədov, Rəşadət Axundov, Rəşad Həsənli və digərləri də bunları istəyir.

Mən buna görə özümü zərərçəkən yox, onların hər birinə minnətdar sayıram, yalnız onlara yox, həm də azadlıqda bu dəyərlər uğrunda mübarizə aparan hər kəsə.

- Özünüzü zərərçəkən saymırsınız. Bəs atanız necə, bütün bu yaşadıqlarına görə zərərçəkəndirmi?

- Atam özünə də heç zaman vaxt ayırmazdı. Günlərlə ofisdə qalar, stolların üstündə yatardı, işləməkdən vaxt tapmadığına görə ac qalardı, evə gələn kimi, yemək yemədən yazılarının başına keçərdi. Yorulmadan gecə 5-ə, 6-ya qədər işləyər və səhər saat 9-da işə gedərdi. Heç zaman buna görə şikayət etdiyini görməmişəm. Yardıma ehtiyacı olan insanlara kömək etmək, onların pozulmuş hüquqlarının bərpası üçün çalışmaq mənəvi həzz verirdi ona. Elə onu «İntiqam Əliyev» edən də məhz bu səbəb idi.

İçimdə zərrə qədər də şübhəm yoxdur ki, atam özünü zərərçəkmiş saymır. Məhkəmələr dövründə bu qədər özünə qarşı haqsızlıqlar olmasına, ona yaxın adamlarının əli ilə zərbələr vurulmasına, çoxlu məhrumiyyətlər yaşamasına, məhkəmələrə havasız maşında gətirilib-aparılmasına, bizimlə görüşə axsaya-axsaya gəlib şüşə arxasından görüşməyimizə baxmayaraq, o, özünü heç vaxt peşman saymır.

- Öz yolu olan ataların övladları da bəzən az əziyyət çəkmirlər, həbsə düşürlər, Nigar Yaqublu, Günel Həsənli kimi... Buna görə narahatsınızmı?

- Mən də bu cəmiyyətdə yaşayıram. Ölkədə baş verən haqsızlıqlar, özbaşınalıqlar, qanunsuzluqlar, çətinliklər mənim də, Nigarın da, Günel Həsənlinin də həyatına mənfi təsir göstərir. Elə Nigar da, mən də ətrafımızda baş verən ədalətsizliklərə sakit-səssiz yanaşa bilmirik. Bu səbəbdən bəzən bizə dəyən təpiklərə, zərbələrə görə onları - atalarımızı qınaya bilmərik. Buna görə də, narahat deyiləm və özümü baş verə biləcək hər cür təhlükəyə hazır saxlayıram.

- Nərmin, içinizdə «keşkə»lərlə vuruşduğunuz anlar olurmu?

- Yox, əvvəllər də, onun həbsdə olduğu son 8 ayda da içimdə bir dəfə də olsun «keşkə» deməmişəm. Hər şey elə belə də olmalıydı. Özü də, biz də onun həbs olunacağını aylar qabaq, dəqiq bilirdik. Ona təklif etmişdilər ki, ölkədən çıxsın. Axı niyə, nə səbəbə getməliydi?! Axı bu ölkə bizim hər birimizindir, biz burda qonaq deyilik. Deyirdi ki, «Mən yardıma ehtiyacı olan insanları, həbsdəki dostlarımı, ölkəni bu vəziyyətdə qoyub getsəm, özümə qarşı hörmətimi itirərəm».

- 8 aydır şüşə arxasından baxırsınız atanıza. Bu, necə duyğudur? Baş verənləri ekrandan izlər kimi yəqin... Əgər o şüşə götürülsə neylərdiniz?

- Bu izah olunası bir hiss deyil. Mən də, qardaşım da yetkin yaşda olduğumuza və hadisələrə real yanaşa bildiyimizə görə hisslərimizin öhdəsindən gəlmək çətin olmur. Ən təsirli məqam ora gedən balaca uşaqların atalarını şüşə arxasında görəndə keçirdikləri psixoloji sarsıntılar və gərginliklərdir... Düzdür, hər nə qədər buna alışsaq da, bu bizim həyatımızda həmişəlik travma kimi qalacaq...

Hə, bir də, şüşə arxası görüş qanunsuzdur və Avropa Penitensiar Qaydalarına ziddir.

- Nə gözləyirsiniz məhkəmədən?

- Bu mövzuda ümumi danışmaq istəyirəm. Mən sifariş əsasında hökm çıxaran məhkəmələrdən ədalət gözləmirəm. Ümid edirəm ki, onlar günahkarları cəzasız qoymaqla, günahsızları isə «cəzalandırmaqla» bizi, özlərini, övladlarını necə məhv olmuş cəmiyyətə sürüklədiklərinin fərqinə varacaqlar. Bu cəmiyyət axı tək bizdən ibarət deyil, həm də onlardan ibarətdir. Ancaq yenə də bədbin düşünmək, hakimlərin qərəzsizliyinə, ədalətliliyinə şübhə etmək istəmirəm. Zaman hər şeyi göstərəcək.

- Siz hansı yolla gedəcəksiz?

- Bizim yolumuz da haqq - atamızın yolu olacaq.