“Gəncləri başa sala bilmirəm ki, Həmid Herisçi necə böyük yazıçıdır”

Orxan Orxanov

-

“Azərbaycan ədəbiyyatında ciddi personalar yoxdur”

“Azərbaycanda kitabımın 50-100-500 kimi biabırçı tirajla çap olunacağı “perspektivi” məni məhz daha böyük mühitə çıxmağa həvəsləndirir. Hal-hazırda roman ingilis dilinə tərcümə edilir”.

Yazıçı Orxan Orxanovla müsahibə

- Orxan, 2000-ci illərin ədəbi yayınlarında sənin adına Eyp təxəllüsü ilə tez-tez rast gəlirdim, amma birdən-birə ədəbi mühitdən yoxa çıxdın. Hansı səbəblər səni ədəbi mühitdən uzaqlaşmğa vadar etdi?

- 2008-cu ildə mən əsgərlikdən gələndən sonra hiss etdim ki, ədəbi mühitdə artıq hər şey sönüb. Yəqin ki, biz gözüyumulu harasa gedirdik və inanırdıq ki, gedib bir yerə çıxacağıq. Sonrakı illər göstərdi ki, bizim nə vaxtsa inandığımız, inanmağa çalışdığımız prinsiplər, dəyərlər artıq süquta uğrayıb.

Orxan Orxanov

2005-ci ildə mən təzə-təzə çap olunmağa başlayanda, Azərbaycanda indikiylə müqayisədə kifayət qədər ciddi ədəbi mühit vardı. Bir çox adamlar hələ özlərini süquta uğratmamışdılar. Zaman hələ bir çox adamların gerçək mahiyyətini göstərməmişdi. Ədəbi mühitdə xeyli adam vardı, əlbəttə onlar hamısı elə də ciddi işlər görmürdülər, ancaq bu adamların varlığı publisistika, mətbuat üçün vacib idi.

Ola bilsin, sonradan ölkəyə çoxlu pul kütləsinin gəlişi bu mühiti dağıtdı. 2010-cu illərdə inandığım, çap olunduğum mətbuat resurslarının yavaş-yavaş sıradan çıxdığını gördüm. Mən anladım ki, böyük işlər görmək üçün kiçik sulardan kənarda oynamaq lazımdır və illər keçəndən sonra əmin oluram ki, düz addım atmışam.

- Gedib özümüzə təzə bir ədəbi mühit də tapa bilmərik axı, gərək bu ölkədə ədəbiyyatdan başqa sahəylə məşğul olasan onda.

- Xeyr, mən ədəbiyyatdan ayrı qalmamışam. 2008-ci ildən 2011-ci ilə qədərki dövrdə ədəbiyyatla məşğul olmaq mənə çətin gəldi. O dövrdə foto sənəti ilə məşğul olmağa başlamışdım, dünyanın bir çox nüfuzlu nəşrində fotolarım yayımlanırdı, bunun arxasınca internetdə “küçə söhbəti” adlı bir tok-şou yaratmışdım.

Bunlar kifayət qədər ciddi işlər idi, amma yazıçı kimi həyatımın ən çətin dövrü o illərdə olub. 2011-ci ildə yeni nəfəslə oturub bir roman yazmağa başladım və 2013-cü ildə onu bitirdim. Hal-hazırda roman ingilis dilinə tərcümə edilir. Azərbaycanda kitabımın 50-100-500 kimi biabırçı tirajla çap olunacağı “perspektivi” məni məhz daha böyük mühitə çıxmağa həvəsləndirir.

- Bu bir qədər Əli Əkbərin Azərbaycan oxucusundan narazılığına bənzəyir, hansı ki, onu eyni maraqla oxuyacaq başqa ədəbi mühiti hələ də tapmayıb.

2000-ci illərdə, iki dəfə 2003 və 2005-ci illərdə ölkədəki insanlar öz gələcəklərinə inanıb küçəyə çıxıblar. Bu böyük şey idi. Amma indi insanlar artıq həyatlarını necə dəyişə biləcəklərinə inanmırlar.

- Xeyr, xeyr, mənim Azərbaycan oxucusu ilə bir problemim yoxdur, məni qane etməyən Azərbaycandakı ədəbi mühitdir. Söhbət insanın özünə verdiyi dəyərdən gedir.

Bir romanı yazmaq üçün iki-üç il vaxt sərf edirsən, çox ciddi işləyirsən, amma görürsən ki, Azərbaycana ilişib qalıbsan. Mən azərbaycanca yazıram, çox istəyirəm ki, romanımda hadisələrin baş verdiyi şəhərin sakinləri onu oxusun. Ancaq əlbəttə ki, bir kitabın 500 tirajla çap olunması kimi bir kədər var ortada və yazar o kədəri dəf etmək üzərində çalışmalıdır.

- Çox ənənəvi səslənsə də, bilmək maraqlıdır, roman nədən bəhs edir?

- Mənimçün çətin nöqtələrdən biri yazdıqlarımı anlatmaqdır. Qısaca deyə bilərəm ki, roman günümüzdə baş vermiş bir qətlin arxasınca açılan ailə sirlərindən, öz həyatını, öz ailəsini daha yaxından tanımağa çalışan bir adamdan bəhs edir.

Öldürülmüş adam nə vaxtsa romanın baş qəhrəmanının anası ilə sevgili olub və buna görə anası intihar edib, ailələri dağılıb. Qəhrəman həmin adamı taparaq həyatının iyirmi ilini yenidən mənalandırmağa çalışır. Hadisələr Bakıda baş verir və Bakı mənim dünyamın mərkəzində dayanır.

- Saytlarda köşələr yazdığını görmürəm, ümumiyyətlə cəmiyyətdəki hadisələrə münasibətindən xəbərsizəm. Əkrəm Əylisli bu yaxınlardan bir çıxışında demişdi ki, iqtidarın cəmiyyət üzərində arasıkəsilməz zorakılıqlarına görə yazıçı bir müddət sonra susqunlaşır. Sən belə susqunluğu qəbul edirsənmi?

Orxan Orxanov

- Əgər düzgün başa düşdümsə, buna oxşar hissi gündə bir neçə dəfə keçirirəm. Əgər söhbət yazıçının ictimai-siyasi məsələlər fonunda susmasından gedirsə, bəli, mən bunu hiss edirəm ki, ədəbiyyata bağlı olan sözün artıq ictimai mənada bir əhəmiyyəti qalmayıb. Kədərli olan budur. Bəlkə o vaxtlar özümüzü aldatmışdıq, amma inanıram, 10 il öncələrdə ictimai sözün bir dəyəri var idi, o az da olsa cəmiyyətə təsir edirdi.

Az-çox mənalı adamların dilindən səslənən ictimai mənalı sözlər insanları düşündürürdü, cəmiyyət diskussiyalara açıq idi, insanlar ağrılı mövzularda danışa bilirdilər, cavab gözləyirdilər. O dövrdə də qorxu var idi, bəlkə mən yaşımın azlığına görə bu qorxunu hiss etmirdim. Amma həmin dövrdə cəmiyyət üçün söz hələ tam devalvasiyaya uğramamışdı.

- Belə bir sadə səbəbi ola bilərmi ki, o vaxtlar media azad idi və söz ağzından çıxandan sonra heç bir dəyişikliyə uğramadan mətbuatda yayılırdı? Sonradan neft pulları ilə birlikdə qeyri-rəsmi senzura da gəldi, hələ mütəmadi qorxuların nəticəsində yaranmış özünüsenzuranı da bura əlavə edirəm.

- Açığı inanmıram ki, problem burdadır. Hər şeyin əsasında dayanan apatiyadır. Daha böyük səbəblər insanların gündəlik problemlərin altında əzilməsi ola bilər. 2000-ci illərdə, iki dəfə 2003 və 2005-ci illərdə ölkədəki insanlar öz gələcəklərinə inanıb küçəyə çıxıblar. Bu böyük şey idi.

Amma indi insanlar artıq həyatlarını necə dəyişə biləcəklərinə inanmırlar. Adamların gələcəyə inamı itib. Əlbəttə ki, göz önündə senzura da var, insanların satınalınması var, ancaq bunlara ciddi faktorlar kimi baxmaq lazım deyil.

- Media bir yana, axı ölkəmizdə yazıçı üçün insan faciələri, absurdlar, avtoritarizmin yaratdığı qorxular, məişət zorakılığı nümunəsində sonsuz mövzular var. Bəs yazıçılar bunu lazımınca dəyərləndirə bilirlərmi?

- Mənə elə gəlir hadisələri iri planlar şəklində deyil, bütövlükdə görə biləcək yazıçılar yoxdur. Əlbəttə, qorxu var, daim ciddi sözə görə qorxu olub, amma bütün dünya ədəbiyyatı bu qorxunun içindən keçib.

Bu qorxunu Brodski də hiss edib, faşist İtaliyasında yaşayan yazıçılar da hiss edib. Məncə biz çoxlu səbəblər axtarırıq ki, gerçəyi görməyək. Səbəb sadədir, Azərbaycan ədəbiyyatında ciddi personalar yoxdur. Ciddi mənada ədəbiyyatımızda maraqlı hadisələrin baş verdiyini görmürəm.

Həmid Herisçi

​Ən azından ustadım hesab etdiyim Həmid Herisçinin transformasiyası fonunda ədəbiyyatın vəziyyətini görmək mümkündür. Mənim yaşda insanlar Həmid Herisçini “Nekroloq”u, “Dəli Kür”ü, “Əli. Nino. Bakı”nı yazan nəhəng yazıçı kimi tanıyır. Bir də yeni nəsildən olan insanlar var ki, Həmid Herisçini pirlərdən, paranormal hadisələrdən danışan yazar kimi tanıyırlar və mən gənc nəsildən olanlara başa sala bilmirəm ki, əsl Həmid Herisçi kimdir, necə böyük yazıçıdır. Məncə reallığımız bu qədər eybəcərləşməsində onlarca kiçik faktorun kəsişməsi var.

- Azərbaycan yazıçısının dünyəvi uğurlar qazanması üçün nə çatışmır?

- Məncə Azərbaycan yazıçısı mükəmməlçi deyil. O elə düşünür ki, üç-dörd ay oturub bir kitab yaza bilər. Elə fikirləşir ki, başdansovdu, tez-təlsik də yazmaq olar. Bunu anlamaq lazımdır ki, heç bir oxucu tələbini gözləməyin anlamı yoxdur. Belə tələb onsuz da yaxın zamanda olmayacaq. Standartları yüksəltmək, daha çox işləmək lazımdır.

Məncə, yazıçılarımızın çoxu sovet hakimiyyətindən qalma “işğal dövrünün” qaydalarından hələ də çıxa bilmir, halbuki heç kim onları zorla bu qaydalar çərçivəsində saxlamır.