Cannes Festivalının baş mükafatı uğrunda bu filmlər yarışacaq [Video]

Cannes Festivalının baş mükafatı - Qızıl palma

-

Mayın 13-də başlanacaq Cannes Kinofestivalında əsas mükafatlar uğrunda 17 film mübarizə aparacaq:

“Ağac dənizi” (Gus Van Sant, ABŞ). Yaponiyada həyatlarına qəsd etmək üçün "intihar meşəsi"nə üz tutan iki nəfərin qəfil görüşü haqdadır. (Gerçək həyatda belə bir meşə doğrudan da var. Aokiqahara meşəsi Tokio sakinlərinin ən çox intihar etdiyi yerdir)

“Sadə adam” (rej: Stephane Brize, Fransa). Supermarketdə mühafizəçi işinə düzələn 51 yaşlı baş qəhrəman tezliklə mənəvi dilemma qarşısında qalır. Ondan tələb olunur ki, öz həmkarlarını güdsün...

"Cavanlıq". Oskar mükafatlı Paolo Sorrentino-nun çəkdiyi bu film sevgi, itki, arzu, sənətkarın yaratmaq təşnəsi haqdadır.

80 yaşını haqlamış iki dost Alp dağlarında istirahət edirlər. Gənclik illərini xatırlayırlar, həyatlarına qiymət verməyə çalışırlar. Onlardan biri karyerasını başa vurmuş məşhur dirijordur. O birisi isə sonuncu böyük filmini başa çatdırmaqda çətinlik çəkən rejissordur.

Amma kim deyir ki, sənətkar üçün hər şeyə nöqtə qoymaq asandır. Londondan kral sarayından keçmiş dirijora konsert təklifi gəlir.

Təklif onu çox çətin dilemma qarşısında qoyur... (Ardı aşağıda)

“Xərçəng" (rej: Yorgos Lanthimos, Yunanıstan, Böyük Britaniya-İrlandiya-Hollandiya-Fransa) Distopiyadır. Özü də romantikindən. Hədisələr gələcəkdə - 45 il sonrakı dövrdə cərəyan edir. İnsanlar çox yalqızdırlar. Onlara 45 gün vaxt verilir ki, hoteldə özlərinə sevgili tapsınlar. Əgər tapmasalar, onları heyvana çevirib meşəyə buraxırlar...

Qatil” (rej: Hou Hsiao-hsien, Tayvan). Əlbəyaxa döyüş filmidir. Tanq sülaləsi (618-907-ci illər) dövründə bir qadın qatilin qətlə yetirməli olduğu oğlana vurulmasından bəhs edir. Bu, qatilin daxilində çevriliş edir, o, missiya, sadiqlik kimi dəyərləri sorğulamağa başlayır.

“Karol” (rej: Todd Haynes, ABŞ-Böyük Britaniya). Cate Blanchett və Rooney Mara-nın rol aldığı bu film 1950-ci illər Nyu-Yorkunda gənc univermaq satıcısının özündən yaşlı kübar bir xanıma vurulması haqdadır.

"Mənim anam" (Nanni Moretti, Italiya-Fransa). Bu tragikomediyadakı hadisələr həm kamera önündə, həm də arxasında baş verir. Dram çəkməkdə olan rejissorun öz həyatında da xaos yaranır. Anası xəstəxanaya düşür. O bir tərəfdən tamaşaçıya öz filmi vasitəsilə nələrisə anlatmağa çalışır, digər tərəfdən isə öz həyat dramındakı "rolunu" oynayır. (Ardı aşağıda)

“Dipan” (rej: Jacques Audiard, Fransa). Filmin qəhrəmanı Şri-Lankadan olan keçmiş "Tamil pələngi", silahlı üsyançıdır. O, məğlubiyyətin qaçılmaz olduğunu görüb Fransaya qaçır. Siyasi sığınacağı daha asan almaq üçün ora özüylə tanımadığı bir qadını və qızı da aparır. Guya ailəsidir. Paris kənarında gözətçi işinə düzələn keçmiş döyüşçü yeni həyat qurmaq istəyir. Amma Paris ətrafının gündəlik zorakılıqları ondakı döyüşçü instinktlərini yenidən oyandırır, yaralarını qanadır...

"Bombadan da səs-küylü” (rej: Joachim Trier, Norveç-Fransa Danimarka). Müharibə jurnalisti Isabelle Huppert-in ölümündən 3 il sonra onun xatirəsinə həsr edilmiş sərgi ərini və oğullarını bir araya gətirir. Amma onlar mərhumu tamam fərqli xatırlayırlar. Atanın öz oğulları ilə ünsiyyəti alınmır...Heç kim Isabelle-lə bağlı fikrindən, xatirəsindən geri çəkilmək, güzəştə getmək istəmir.

"Marqarita və Jülyen" (rej: Valerie Donzelli) Uşaqlıqdan bir-birinin xətrini çox istəyən bacı-qardaş böyüyəndən sonra onların münasibətləri sevgiyə çevrilir. Cəmiyyətin qəzəbinə tuş gələn Marqarita və Jülyen çıxış yolunu qaçmaqda görürlər.

“Nağıllar nağılı". İki dəfə Kann Festivalının qran-prisini qazanmış Matteo Garrone-nin bu filmi 17-ci əsr italyan yazarı Giambattista Basile-nin nağıllarına əsaslanır. Filmdə Salma Hayek, Vincent Cassel də çəkilib. (Ardı aşağıda)

“Dağlar çıxıb gedə bilər" (Jia Zhangke, Çin-Yaponiya-Fransa). Film Çin cəmiyyətindəki dəyişiklikləri göstərir. Üç nəsil boyu: 1990-cı illərdə, indi və gələcək zamanda - 2025-ci ildə. Bu böyük dəyşikliklər insanların mentalitetinə, düşüncələrinə necə təsir edir?..

“Maqbet” (rej: Justin Kurzel, Böyük Britaniya-Fransa -ABŞ). Şekspirin şotland kralı Maqbet haqda, hakimiyyət hərisliyi, dost xəyanəti barədə məşhur faciəsinin adaptasiyasıdır.

“Mənim kralım” (rej: Maiwenn, Fransa). Bu film uğursuz bitən çılğın eşq macərasından sonra bir qadının özünə gəlməsi, həyatını yenidən qurmağa çalışması haqdadır.

“Saulun oğlu” (rej:Laszlo Nemes, Macarıstan). Osvensim düşərgəsində saxlanan əsirin hekayətini anladır. Ona öldürülənlərin meyitlərini yandırmaq tapşırılır. O, oğlu bildiyi oğlanın meyitini gizləməyə çalışır...

“Muzdlu qadın" (rej: Denis Villeneuve, ABŞ). Meksikadakı narkomafiya davalarından bəhs edir.

“Bizim balaca bacımız” (rej: Hirokazu Kore-eda, Yaponiya). Ataları öləndən sonra 3 bacının öz nənələrinin evindəki yaşayışını anladır. Tezliklə onlara 13 yaşlı bir qız da- atabir bacıları da qoşulur.