«Shaltai Boltai» nələri üzə çıxardı

Foto illüstrasiya

-

«Shaltai Boltai» adı ilə tanınan bir qrup rusiyalı haker ölkədə mediaya nəzarət edən «Roskomnadzor»un rəhbərinə aid e-mailləri ələ keçirib. Sonra da onları yayıb. Yayılmış e-maillər hökumətin medianı getdikcə daha da sıxışdırmasını aydın şəkildə üzə çıxarıb.

«ROSKOMNADZOR» «EXO MOSKVI» RADİOSUNUN MATERİALLARINI EFİRDƏN ÖNCƏ YOXLAYIR

Ölkənin ən məşhur radiostansiyası olan «Exo Moskvı»nın nəzarət səhmləri dövlətin yayım şirkəti olan «Gazprom Media»ya məxsusdur. Ancaq buna baxmayaraq, Rusiyada fəaliyyətini hələ də davam etdirə bilən tək-tük azad söz tribunasından biri hesab olunur.

Ancaq internetə sızdırılmış e-maillər göstərir ki, radionun yeni təyin olunmuş baş direktoru Mikhail Dyomin bəzi məqalələrin nəşrdən öncə baxılıb razılaşdırılması üçün birbaşa «Roskomnadzor»a müraciət edir.

Dyomin-in «Roskomnadzor»un rəhbəri Alexander Zharov-a ünvanladığı 2015-ci il 2 fevral tarixli məktubda deyilir: «Zəhmət olmasa, bu materiala baxın. Hər hansı tövsiyəniz və ya iradınız yoxdur ki?».

E-maillərdən o da görünür ki, uzun müddətdir Kremli sərt tənqid edən məşhur jurnalist Yevgenia Albats-ın radiodakı fəaliyyətinə yaxın gələcəkdə son verilə bilər.

Dyomin fevralın 24-də baxılmaq üçün Zharov-abaşqa bir məktub yollayır. Həmin məktubdaDyomin müxalifətin martın 1-də keçirəcəyi mitinqin anonsu ilə bağlı klipin radionun saytında yerləşdirilməsi barədə müxalifətçilərin xahişinə baxılmasını istəyir.

«Dojd» telekanalı

«ROSKOMNADZOR» ETİRAF EDİR Kİ, «DOJD» KANALINA XƏBƏRDARLIQ ƏSASSIZ İMİŞ

2014-cü ilin yanvarında «Dojd» telekanalı «İkinci Dünya müharibəsində insanları xilas etmək üçün Leninqrad nasistlərə təslim olmalı idimi» sualı ilə tamaşaçıları arasında sorğu keçirmişdi. Buna görə telekanal «Roskomnadzor»dan sərt tənbeh məktubu almışdı.

Rəy sorğusundan sonra Rusiyanın əsas kabel yayım şirkəti «Dojd»u siyahısından çıxarıb. Oktyabrda isə radio Moskvadakı studiyasından çıxarılmağa məcbur edilmişdi. O zaman geniş ictimaiyyətdə bu tədbirlər müstəqil medianı boğmaq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilmişdi.

«Roskomnadzor»un İnformasiya texnologiyaları və KİV bölməsinin rəhbəri Vadim Subbotin-in «Roskomnadzor»un rəhbərinin müavini Maxim Ksenov-a yazdığı e-mail-də «Dojd»a göndərilən xəbərdarlıq məktubunun həddən artıq sərt olduğu və kifayət qədər əsaslı olmadığı vurğulanır.

«GREENPEACE»İN ETİRAZ AKSİYASINDA HƏBS EDİLƏN JURNALİSTLƏRLƏ BAĞLI «ROSKOMNADZOR» SƏSSİZ QALMAĞI ÜSTÜN TUTUR

2013-cü ilin oktyabrında «Roskomnadzor» Arktikada neft axtarışlarına etiraz olaraq «Greenpeace»in keçirdiyi aksiyada 29 digər jurnalistlə birgə həbs edilmiş rusiyalı fotoqraf Denis Sinyakov-un işinə baxır.

Həbs edilənlər piratçılıqda ittiham olunurdular.

Yayılmış e-maillər-dən görünür ki, Prezident yanında İnsan Hüquqları Şurası Sinyakov-un həbsini media hüququna zidd adlandırdıqdan sonra Ksenov öz işçilərinə bu məsələ ilə bağlı idarənin mövqeyini hazırlamağı tapşırır.

Alexander Zharov

İşçilərdən bəziləri «Roskomnadzor»un Sinyakov-un həbsini dəstəkləməli olduğunu, digərləri isə Sinyakov-un piratçılıq etmədiyini, sadəcə şəkil çəkdiyini bildirirlər. Belə olandaKsenov müzakirəyə belə nöqtə qoyur: «Onda bu məsələdə biz hələlik səssiz qalaq».

RUSİYADA TƏTİL «FƏLAKƏTDİR»

Krımın ilhaqından sonra Rusiya hakimiyyəti yüksəkvəzifəli şəxslərə xaricdə istirahət etməyi qadağan edib. Onlara öz istirahətlərini Qara dəniz sahilində keçirməyi təklif edib. Bu qadağa «Roskomnadzor» rəhbərliyinə də şamil olunmuşdu.

Zharov-un e-mail-lərinin çoxu onun Rusiyada ailəsinin istirahətini təşkil etmək səylərini əks etdirir.

«Roskomnadzor» rəhbəri ölkənin nəhəng alüminium müəssisəsi olan «Rusal»ın biznes direktoruna ünvanladığı e-mail-də Soçidəki bir oteldə ona 30 faizlik endirim olunmasını xahiş edir. Xahişi yerinə yetirilsə də, Zharov Rusiyada istirahət etməklə bağlı şikayətini Ulyanov-dan gizlətmir:

«Normal bir otelin qiyməti Avropadakı lüks otellərin qiymətindən azı 2-3 dəfə bahadır. Bu, fəlakətdir, bilmirəm, nə edim».