Beynəlxalq qurumlar İntiqam Əliyevə azadlıq tələb edir

İntiqam Əliyev məhkəmə zalında

-

Beynəlxalq hüquq müdafiə təşkilatları hüquqşünas İntiqam Əliyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsini pisləyir.

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində çıxarılan hökmə görə, o, 3 il dövlət vəzifəsi tuta bilməz. Hüquqşünas vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunub.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir. Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.​

İnsan Haqları Müdafiəçilərinin Müdafiəsi üzrə Rəsədxana (OMCT) bu hökmü qətiyyətlə pisləyib. Bu qurum Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) və Ümumdünya İşgəncələrə qarşı Təşkilatın birgə proqramıdır. Qurum ötən ilin avqustundan qanunsuz olaraq saxlanmış insan haqları müdafiəçisini dərhal və qeyd şərtsiz azadlığa buraxmağa çağırır.

“Bu, Azərbaycanda tanınmış insan haqları vəkilinə qarşı daha bir utancverici hökmdür,” FIDH prezidenti Karim Lahidji deyib.

Bir həftə öncə ictimai fəal Rəsul Cəfərov 6 il yarım azadlıqdan məhrum edilib.

OMCT-nin baş katibi Gerald Staberock Avropa Oyunlarına 2 aydan da az qaldığı bir vaxtda İntiqam Əliyev də daxil olmaqla bütün insan haqları fəallarını azadlığa buraxmağa, ölkədə insan haqları müdafiəçilərinin təqibinə son qoymağa çağırır.