İran səfirliyi Azərbaycan vətəndaşlarına məhdudiyyət qoyulması xəbərini təkzib edir

İran bayrağı

-

İranın Azərbaycandakı səfirliyi sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşlarına məhdudiyyət qoyulması haqda yayılan xəbərləri təkzib edib.

AZƏRTAC-ın məlumatına görə, səfirliyin mətbuat xidmətinin rəhbəri Sayyid Muhammad Ayatullahi deyib ki, Tehran iki xalq arasında əlaqələrın güclənməsində maraqlıdır.

Ayətullahi əlavə edib ki, Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək istənilən zaman İrana səfər edə bilərlər.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, İran nəinki Azərbaycan vətəndaşlarının bu ölkəyə səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd-keçid məntəqələrinin iş saatını da artırıb.

Bir qədər əvvəl Astara və Biləsuvar gömrük məntəqələrində yeni qaydaya keçidlə bağlı məlumat yayılmışdı. Həmin qaydaya görə, Azərbaycan vətəndaşları İrana ayda iki dəfə - hər 15 gündən bir buraxılmalıydılar.

İran 2009-cu ildə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib.

GÖMRÜK KOMİTƏSİNİN SƏDRİ DƏ TƏKZİB EDİR

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də son günlər bəzi KİV-lərdə Azərbaycandan İrana gediş-gəlişə məhdudiyyət qoyulması barədə dərc olunan yazılara münasibət bildirib.

apa-nın xəbərinə görə, komitə sədri qeyd edib ki, iki ölkə arasındakı gömrük-keçid məntəqələrində buraxılışla bağlı heç bir məhdudiyyət yoxdur: «Nəzərinizə çatdırım ki, son vaxtlar Azərbaycandan İrana və əks tərəfə gedib-gələnlərin sayı artıb. Novruz bayramı günlərində təkcə Biləsuvar gömrük keçid məntəqəsinə hər gün 3 mindən yuxarı insan müraciət edib. Bu məsələlər tənzimlənir, məhdudiyyət qoyulmur. Xəstə insanların müalicə üçün İrana gedib-gəlməsinə də heç bir məhdudiyyət qoyulmur, insanlar rahat şəkildə gedib-gələ bilərlər».​