«Azərbaycan Şərqə gedir, Avropanın xəritəsi yenidən cızılır»

Xəzər

-

«Bu ayın əvvəlində Avropanın xəritəsi yenidən cızıldı. Bu dəfə baş kartoqraf Putin (Ukrayna), yaxud NATO (Kosovo) deyil, Azərbaycan prezidenti İlham Əliyev idi. İllər boyu coğrafiyaşünaslar baş sındırırdılar ki, onun Xəzərin sahilindəki kiçik ölkəsini xəritənin harasına aid etsinlər. Hələ də Avropaya? Yoxsa artıq Orta Asiyaya?».

«The Huffington Post» qəzetində Till Bruckner yazır ki, bu sual həmişə coğrafi deyil, əsasən siyasi baxımdan verilirdi.

«Neftlə zəngin Azərbaycan qonşusu Gürcüstan kimi demokratiyaya doğru keçid mərhələsindədir, yəni sonucda Avropa ailəsinin üzvünə çevriləcək? Yoxsa Şərqə doğru getdikcə ailə idarəçiliyinə dayanan, «…stan» ölkələri kimi feodal quruluşu olacaq?».

Müəllif yazır ki, illər boyu prezident Əliyev ustalıqla bu bölgünü uzadıb – ölkəni mafiya başçısı kimi idarə edib, eyni zamanda demokratik fasad yaradaraq xaricə özünü elə təqdim edib ki, guya daha geniş demokratiyaya keçid üzrədir, azadlıq və insan haqlarına da əlini uzatsan, çatacaq.

Ancaq ayın əvvəlində hər şey dəyişdi: Əliyev rola girməyi dayandırdı və qırmızı xətti keçdi. Müəllifin fikrincə, əslində, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) Azərbaycanın statusunu salanda dramatik bir şeyin baş vermədiyi təəssüratı yaranırdı. Qurum bu addımı ölkədə vətəndaş cəmiyyəti qruplarına davamlı təzyiqlər səbəbindən atdı. Görünür, EITI qərara gəlib ki, korrupsiyada ad çıxarmış ölkə eyni zamanda neft və qaz gəlirlərinin idarəçiliyində şəffaflıq modeli ola bilməz.

«İnsan haqları müdafiəçisi İntiqam Əliyev həmin qərardan bir neçə gün sonra məhkəmə qarşısına çıxanda rejim üçün qızıl fürsət yarandı ki, siyasi məhbusu azadlığa buraxsın, Qərb başını xəfifcə sığallasın və səhnəni növbəti həbs dalğası üçün təmizləsin. Axı bu ssenari bir neçə dəfə təkrarlanıb».

İlham Əliyev - 2013

Ancaq müəllif bu ay hər şeyin başqa cür getdiyini vurğulayır. «Bəlkə ona görə ki, hazırda Azərbaycanın xarici yardım kimi aldığı bir neçə milyard dollar prezident üçün xırda-xuruş məbləğdir, ölkəsinin sərvətinin bu il 55 milyard dollara çatacağı gözlənir. Bəlkə də ona görə ki, prezident Avropa Oyunları kimi idman tədbirləri keçirməklə sivil dünyanınhörmətini satın alacağına inanır. Hansı səbəbdən olur olsun, bir şey aydındır: Azərbaycan keçid oyununu dayandırdı və xəttini çəkdi».

«Nəticədə, Sovet imperiyasının çöküşündən 25 il sonra Avropanın şərq sərhədi siyasi, sosial və mədəni baxımdan aydın çəkildi: bu xətt qərbdə Gürcüstanı şərqdə yerləşən Azərbaycandan ayırır. Əlvida, Azərbaycan. Avropalıların sənin üçün darıxacağını demək düzgün olmazdı; burada çox az adam getdiyindən xəbər tutacaq. Ancaq yenə də ailəni tərk etməyini görmək qüssə yaradır», - müəllif yazır.

İRAN VƏTƏNDAŞ NİKAHI BURAXILIŞINA GÖRƏ JURNALI BAĞLAYIR

İran ədliyyəsi nikahsız birgə yaşayışdan bəhs edən jurnalı qadağan edib. Bunu «The Guardian» yazır.

İran şəriət qanunları nikahdankənar cinsi əlaqəni cinayət sayır, şallaqla cəzalandırılır. Zinaya görə isə adamı daşa basıb öldürürlər. Ancaq ötən il «Zanan-e Emrouz» («Bugünün qadınları») jurnalı xüsusi buraxılışında birgəyaşayışdan bəhs edib. İranda bu, «ağ nikah» adlandırılır. Jurnal buraxılışı İranda nikahsız yaşayan cütlüklərin sayının artmasıyla izah edib.

Ötən il İranın ali dini lideri Ayətulla Ali Khamenei-nin idarəsi nikahsız birgəyaşayışı pisləyib və bu tendensiyaya qarşı kampaniya elan edib.

«İslam Dövləti» yaraqlıları

İran mediasına görə, İranda nikahların 20%-i boşanmayla nəticələnir, səbəb də iqtisadi çətinliklər, zina və narkotik aludəçilyidir. Nikahsız yaşayış bəyənilməsə də, İran siğəyə icazə verir.

«İSLAM DÖVLƏTİ» SİLAHLARI HARDAN ALIR

«The New York Times» qəzeti «İslam Dövləti» silahlı qruplaşmasının silahlı haradan əldə etməsi barədə məqalə dərc edib. Kobanidə bir kürd silahlının əlində Amerika istehsalı olan M-16 avtomatı görürlər, ancaq sonradan bu silahın Çin istehsalı olduğu üzə çıxır. Bu faktı Münaqişələrin Silahlandırılmasının Öyrənilməsi qurumunun üzvü aşkarlayır.

Belə çıxır «İslam Dövləti» Suriyadan tutmuş Şərqi Afrikayadək müxtəlif yerlərdən silah əldə edir. Qurum bu həftə silahlıların silah-sursatı barədə tapıntılarını yayacaq.

«İslam Dövləti»nin inventar siyahısında silah ixrac edən ölkələrin adları var: patronlar Rusiya və Birləşmiş Ştatlardan; avtomatlar Belçikadan; tank əleyhinə raketlər Qərbi Avropa və ABŞ-da ofisləri olan MBDA şirkətindən gəlir. Tədqiqatçılar Kobanidə Sudan, Rusiya, Çin və İranda 2012-2014-cü illərdə istehsal olunmuş kiçik silah sursatları tapıblar. Belə çıxır bu qrup heç də təcrid olunmayıb», - qəzet yazır.