Bakı Konqres Mərkəzinin açılışı olub

Bakı Konqres Mərkəzi

-

Aprelin 29-da Bakı Konqres Mərkəzinin açılışı olub. Azərtac-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

Maliyyə naziri Samir Şərifov Mərkəzdə görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident Bakı Konqres Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir.

Bakı Konqres Mərkəzinin auditoriya zalı 3500 yerlikdir.

Mərkəzdə ilk beynəlxalq tədbir mayın 2-dən 5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olacaq. Bu tədbir Cənubi Qafqaz regionunda ilk dəfə məhz Azərbaycanda keçiriləcək.