Hikmət Hacızadə: «Mən anti-milli deyiləm, gələcəyin millisiyəm»

Hikmət Hacızadə

-

"Mən qoca doğulmuşam, amma deyəsən, gənc öləcəyəm"

"Xumar xanım, vəziyyət elədirsə, sən Allah, bağışla".

Politoloq Hikmət Hacızadə ilə Günel Mövludun söhbəti

- Hikmət bəy, ictimai həyata gözümü açandan sizi gümüşü saçlı, olğun demokrat görmüşəm. Maraqlıdır, gəncliyinizdə necə olmusunuz? Məsələn, dava salmaq, qızla bulvarda gəzmək, ziyafətlərdə sərxoş olmaq, son avtobusa çatmayıb, şəhər mərkəzində skamyada yatmaq kimi şeylər sizin həyatınızda olubmu, yoxsa siz həmişə ciddi, mütəfəkkir Hikmət Hacızadə olmusunuz?

- Siz deyənlərin hamısını və hətta ondan beşqat artığını yaşamışam, hamısı olub. Qədim romalılar demişkən: mən insanam və insana xas olan heç bir şey mənə yad deyil... Həm də bililirsiz, bələ bir şey müşahidə edirəm, kim uşaqlığında, gəncliyində şıltaqlıq, macəraçılıq etməyib, sonra yaşlaşanda həyatdan bunun hayfını çıxır, adətən də başlayır ətrafdakıları incitməyə, –ya ailədə, ya cəmiyyətdə bir diktatura, istibdad qurur. İnsan belə şeyləri gəncliyində yaşamalıdır.Ümümən “ciddilik” görkəmlə olmur ki…

Hikmət Hacızadə cavanlıqda

- Sirr deyilsə, günə necə başlayırsınız? Idman, bir fincan kofe, xaş, bostan suvarma, pişik yemləmə, böyük filosofların əsərlərindən bir "kaç" sətir, yoxsa məsələn, oğlunuz Adnanı danlamaqla?

- Axşamlar gec yuxuya gedirəm və səhər çətinliklə oyanıram. Düz bir saat özümə gələ bilmirən, iştahım da olmur. Gecənin fikirləri kafamda həmən firlanıyor. Düşünürəm ki, yenə “dünyanın yükünü” çiynimə qoyacaqlar və səngərə getməli olacam... Amma pendir-çörək-çaydan sonra özümə gəlirəm... Bu “mament” evdə artıq heç kəs qalmır ki, danlıyım...

- Siyasət, yazıçılıq, musiqi... bilmədiyimiz daha nəyi bacarırsınız?

- Mən ixtisasca fizikəm. Fizika-riyaziyyat elmləri namizədiyəm. Qısası, əlimdən hər şey gəlir. Mənə babat instruksiya versələr, təyyarə də yığıb, göyə qaldıraram, yaxşı paştet də bişirərəm. Kişi hər şeyi bacarmalıdır. Həyat yoldaşım Moskvaya 6 aya dissertasiyasını bitirməyə gedəndə 8 ay Adnana mən baxdım. Çətin idi, amma şərəf duyurdum ki, bunu da bacardım.

- Keçid dövrünün hərəkatını gündəliklərinizdə gözəl təsvir etmisiniz. Indi gündəlik yazırsınızmı? Məsələn, Müsavatda son ildə baş verənləri qələmə almaq fikriniz varmı?

- Yox, indi gündəlik yazmıram. Yaşadığımız momenti böyük tarixi hadisə saymıram, yoxsa yazardım. Köhnə gündəliklərimi (1988-1991) qaydaya salmaq fikrindəyəm, amma bizim hamımızı elə hala salıblar ki, əlimdə qələm tuta bilmirəm. “Durumum məmləkətin durumu!”.

- Yaşınıza görə olduqca yeni, yeniliyə açıq, qeyri-standart adam kimi tanıyırıq sizi. Amma Azərbaycanda yaşla bağlı stereotip var ki, o stereotipə görə bizdə insanlar özlərini hələ yaşlanmadan əvvəl yaşlı olmağa məcbur edirlər. Sizi bu stereotipdən nə xilas etdi?

- Səmimi desəm, mən də bu stereotipi yaşamışam. Qabaqlar istəyirdim yaşlı qörünəm – tələbəlikdə saqqal, bığ buraxdım, amma təbiətim bu görkəmə daim üsyan edirdi. İndi isə yaşlı görünsəm də, ürəyimdə və davranışlarımda gəncəm. Bilirsiz, mən, elə bil qoca doğulmuşam, amma görünür ki, cavan öləcəm. Yaxşı sitat alındı (gülür).

- Xumar Qədimovanın məlum bəyanatına çox aqressiv yanaşdınız. Belə əsəbiləşməyinizin səbəbi nə idi? O bəyanatı Monika Belluçi versəydi, yenə eyni reaksiyanı verərdiniz?

Hikmət Hacızadə

- Xumar Qədimovanın varlığını bu yaxınlarda bildim, qabaq ondan xəbərim yox idi. Onun (və istənilən Monikanın) varlı sponsor axtarışı məni əsəbiləşdirir. Həm qadınların, həm də kişilərin bələ sponsor və ya dəmir əl axtarması ölkəmizin məğlubiyyətinin əsasıdır. Digər tərəfdən, düşündüm ki, bəlkə mən Xumar xanıma ədalətsiz sərtik göstərirəm. Bəlkə o, qıtlıqda böyüyüb, bəlkə onun heç normal oyuncaqları olmayıb, bəlkə qaçqındır? Qismən firavan şəraitdə böyüyən mən hansı haqla ona irad tuturam? Mən onu, onun dəhşətlərini yaşamamışam və heç vaxt axıra qədər anlaya bilmərəm... Həblə-həblə fikirlər dolaşır başımda. Xumar xanım, vəziyyət elədirsə, sən Allah, bağışla.

- Gənc yazarların mentalitetlə, milli dəyərlərlə problemini “bakirəliklə mübarizə” adlandırırsınız. Bu ironiya nəyə görədir? Sizcə, daha ciddi işlər problemlər var cəmiyyətdə?

- İroniyam var, düz deyirsiz. Umümən, bu, böyük mövzudur. Qısası isə belədir. Siz mübarizənizdə qənclərimiz üçün hey haqları və azadlıqları təbliğ və tələb edirsiz, amma o azadlıq nəyin bahasına dünyada əmələ qəlib – onu bilmirsiniz, yazmırsız.

Dədəniz sizə azadlıq vermir, niyə? O qorxur ki, siz təkbaşına bu çətin dünyada yaşamağı bacarmayacaqsınız. Sizi 18 yaşında ərə vermək istəyir. Niyə? Qorxur ki, siz 40 yaşına qədər və s. ərə gedə bilməyəcəksiniz, ailəsiz ömür sürəcəksiz. Bu onun üçün faciədir. Amma siz gərək sübut edəsiniz ki, universiteti qurtaran kimi, yaxşı iş tapa biləcəksiniz! Karyeranız olacaq. Yaxşı maaş olacaq və siz özünüz özünüzə ev tuta biləcəksiniz. Və ya tapa bilməsəniz – eybi yox, 3-4 il zirzəmidə da yaşaya bilərsiniz. Gənclərimizə bunu öyrədin. Azadlıq nəyin bahasına başa qəlir – bax budur müəmma! Və ya dədənizə deməlisiniz ki: məni zorla ərə vermə, eybi yox, qoy mən lap ərə qetməyim, amma azad insan kimi ömrümü başa vurum – hamı ana ola bilmir ki... Bax budur problem. Bunu həll eləyin və gənclərə başa salın, məcburiyyətin və azadlığın fəsadlarını. Nə isə, bu barədə böyük bir kitab yazılmalıdır...

Adnan Hacızadə

- Aytac Babayevanın qətli və bu qətlə münasibət sizin üçün cəmiyyətin hansı mənzərəsini yaratmış oldu?

- Allah rəhmət eləsin o günahsız qıza. Çoxları kimi mən də bu faciəni qətiyyətlə pisləyirəm. Amma nə etmək olar. Məhəbbətdir, faciəsiz olmur. Belə hallar hər yerdə olur. Otello da Dezdemonanı belə öldürdü. O ki qaldı, bəzi mənfi rəylərə... neynəyək. Cəmiyyətimizdə hələ nadan çoxdu. Ümümən cəmiyyətimiz tərbiyə olunmalıdır, amma tərsinə tərbiyə olunur.

- İndiki gənclərdə sizi ən çox nə əsəbiləşdirir və ya xoşunuza gəlir?

- Məni belə böyük bir dərd əsəbiləşdirir: Qabaqlar cəmiyyətimizin geriləməsini görəndə düşünürdüm ki, eybi yox, bu, Sovet mühitinin nəticəsidir. Yeni nəsil yetişəcək və o, ruhən azad olacaq, o nəsil biliklər üçün dağları aşacaq, o nəsil usanmadan işləyəcək, yaradıcı olacaq, nahayət bir yaxşı kino çəkəcək, azadlığı üğrunda gecə-gündüz yorulmadan vuruşacaq. Amma, əfsus ki, belə olmadı. Görürəm ki, yeni nəsil də bizim kimi, konformist və tənbəldir. Sınır qol-qanadım, yanıma düşür...

- Adnanla nəsillərin savaşını hansısa məsələlərdə yaşayırsınızmı?

- Yox, belə savaş-zad yoxdur. Çünki, mən də onun nəslindənəm. O məndən nə qədər öyrənirsə mən də ondan bir o qədər öyrənirəm.

- Əgər hansısa aktrisa və ya modelin Azərbaycan prezidenti olmaq şansı olsa, o aktrisa və ya modelin kim olmasını istərdiniz?

- Mən aktyor, yaxud aktrisa-prezidentin əsla əleyhinə deyiləm. Amma hələ ki, bu işlə maraqlanan aktrisa görmürəm. Məsələn, Sənubər İsgəndərli bir gün namizədliyini irəli sürsəydi, dəstəkləyərdim. Qoy, bir prezidentimiz yaraşıqlı olsun (gülür).

- Sizdən bir şey soruşmaq istəyirəm. Amma bir az da çəkinirəm. Necə oldu ki, siz bu qədər qeyri-milli oldunuz? Ya mənə belə gəlir, bəlkə siz əslində millisiniz?

- Mən anti-milli deyiləm, mən gələcəyin millisiyəm.