-
Mayın 11-də Ağ Ev 2011-ci ildə Osama bin Laden-in necə öldürülməsi barədə Obama administrasiyasının yalan danışdığını iddia edən məlumatları rədd edib. Jurnalist Seymour Hersh-ın mayın 10-da London Review of Books-da dərc olunmuş yazısı “qeyri-dəqiqlik və əsassız fərziyyələrlə” doludur, Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Ned Price deyib.
Hersh yazıb ki, bin Laden-i öldürmək üçün administrasiya Pakistan kəşfiyyat rəsmiləri ilə gizlicə əməkdaşlıq edib, Pakistanın ordu və kəşfiyyat rəsmilərinin missiyadan xəbəri olub.
“Osama bin Laden-in öldürülməsi əməliyyatının birtərəfli ABŞ missiyası olmadığını demək saxta iddiadır,” Price deyib. “O vaxt da dediyimiz kimi, bu əməliyyat barədə informasiya məhdud çevrədə ABŞ rəsmilərinə bəlli idi. Prezident Pakistan da daxil olmaqla, başqa hökumətə informasiya verməmək qərarına gəlib. Reyd baş verənədək heç bir tərəfə xəbər verilməyib. Biz al-Qaeda-nı dağıtmaq işində Pakistanla tərəfdaş olaraq qalırıq, ancaq həmin missiya yalnız və yalnız ABŞ əməliyyatı idi”.