Roma Papası: Mən 'Katolik Tanrısı'na inanmıram

Roma papası Francis

Roma Papası Francis-in ən 6 məşhur sitatı

“DOVŞANLAR” HAQDA

Bu yaxınlarda Filippin səfərindən qayıdan Papaya sual verilmişdi ki, doyura, böyüdə biləcəyindən artıq övlada sahib olan valideynlər haqda nə düşünür.

Papanın cavabı belə olmuşdu ki, düzdür, Tanrı insana izdivaca girmək haqqı verir, amma həmin haqdan məsuliyyətlə istifadə etmək gərəkdir:

“Bəzi insanlar düşünürlər ki, - bu ifadəmə görə üzr istəyirəm – mömin katolik olmaq üçün biz dövşan kimi doğub törəməliyik. Valideyn olmaq məsuliyyətli missiyadır”.

GEYLƏR HAQDA

Homoseksualların nikaha girməsinə qarşı çıxdığı bəlli olsa da, Papanın geylər haqda bir müddət öncə söylədiyi bir fikri bir çox katoliki şoka salmışdı.

Romadan Braziliyaya uçan Papa jurnalistlərin suallarına cavab verərkən demişdi ki, “Əgər insan geydirsə, Tanrıya tapınıbsa və məramı xoşdursa, mən kiməm onu mühakimə edim”.

Gey fəallar bunu inqilabi fikir adlandırmışdılar.

TANRI VƏ “KATOLİK TANRISI” HAQDA

2013-cü ildə “La Repubblica” qəzetinin həmtəsisçisi Eugenio Scalfari (ateistdir) ilə din haqda söhbəti zamanı Papa bəzi katolik ruhaniləri tənqid etmişdi.

Onların “katolik-mərkəzçi” baxışlarına qarşı çıxmışdı:

“Mən Tanırya inanıram, Katolik Tanrısına yox. Katolik Tanrısı yoxdur, Tanrı var və onun inkarnasiyası olan İsa peyğəmbərə inanıram”.

DƏBDƏBƏ SEVƏN RUHANİLƏR HAQDA

İnauqurasiyası üçün Papa Vatikan Sarayı əvəzinə sadə bir məkan seçmiş, bununla ruhanilərə nümunə olmağa çalışmışdı.

O, “son model maşın sürən” ruhaniləri tənqid edib. Onları maşın alanda təvazökar seçim etməyə çağırıb: “Əgər dəbdəbəlisini seçirsənsə, bir düşün, dünyada nə qədər uşaq aclıqdan ölür”.

NƏNƏYƏ BƏNZƏYƏN AVROPA HAQDA

2014-cü ildə Avropa Birliyindəki bürokratiyanı tənqid edən Papa Avropanı daha dünyaya övlad gətirə bilməyən qoca nənəyə bənzətmişdi: “Avropada ümumi bir yorğunluq, qocalıb əldən düşmə ovqatı var”.

PEYĞƏMBƏRİN KARİKATURASI HAQDA

Məhəmməd peyğəmbərin karikaturasını çap etdiyi üçün Parisdə radikal islamçıların hücumuna məruz qalan “Charlie Hebdo” haqda suala da Papanın cavabı gözlənilməz olub.

İfadə azadlığının sərhədi olduğunu qeyd edən Papa heç kimin başqalarının inancını təhqir etmək, ələ salmaq haqqının olmadığını söyləyib: “Kimsə mənim anamı söyəcəksə, bilməlidir ki, yumruq yeyəcək. Bu normaldır”.