-
Göygöl rayonu Yeni Zod kəndində məskunlaşan Kəlbəcər köçkünləri evlərindən çıxarılır.
Bu kənd 1999-cu ilə kimi Azad adlandırılıb.
Kənd sakinlərinin böyük əksəriyyətini Ermənistan ərazisindəki Zod kəndindən 1988-ci ildə qaçqın düşmüş insanlar təşkil edir.
Ancaq burda Kəlbəcər köçkünləri da az deyil. İndi onlar ağır vəziyyətlərindən və evlərinə məhkəmə yolu ilə əl qoyulmasından gileylənirlər.
Minarə Şahüseynova deyir:
“Heç haranı tanımıram, hara gedim, kimə şikayət edim bilmirəm.
Nəvəm-nəticəm, qohumlarım gələndə yollayıram, gedib qonşularda qalırlar. 20 ildir bu qəsəbədə qalırıq, bizdən başqa da 23 ailə var. Oğlum burda yaşayır, mən də onunla qalıram. 6 övladım var, Gəncədə Kəlbəcər köçkünləri üçün tikilən şəhərcikdə 1 ev veriblər, indi mən o evi hansı uşağıma verim”
"HEYDƏR ƏLİYEVİN VERDİYİ FƏRMANA BAXAN YOXDUR"
Köçkünlərdən Elxan Bayramov isə kənddə antisanitariyanın baş alıb getdiyini deyir:
“Binanın üstündə biz qalırıq, altında heyvan saxlayırıq. Antisanitariya baş alıb gedir. Atam Məhəmməd kişi 1993-cü ildə gələndən bu kənddə yaşayır. İndi isə yaşadığı yerdən çıxarılır. Səbəb kimi isə deyirlər ki, yer bizimdir, burdan çıxmalısınız. Heydər Əliyevin köçkünlərin məskunlaşdığı yerdən çıxarılmaması haqda verdiyi fərmanına baxan yoxdur. Bu ayın axırına kimi vaxt veriblər! Atam damda yaşayır, gedib baxın, görün orda insan yaşayarmı? Göygöl rayon icra başçısının da yanında olmuşuq amma nə fayda”
Rasim adlı başqa bir köçkün isə deyir ki, onun məskunlaşdığı ev bir Gəncə sakininə məxsusdur. İndi həmin evi boşaltmaq məcburiyyətində qalıb:
“ 2014-cü ildə Qaçqınlar Komitəsində olmuşam, şikayətimə baxılması üçün nümayəndə göndərdilər. Ümumi iclas oldu, mən də söz aldım, dərdimi dedim. Gəncənin icra başçısı Elmar Vəliyevlə burada qonşuyam, evimizin qabağındadır onun evi. Elmar müəllim tapşırdı ki, mən bu evdən çıxarılım, başqa evlə təmin olunum, gəlib yoxlayıb getdilər. Gözlədik, bina tam hazır oldu, amma mənə ev verilmədi. Orada yaşayan adamlar mənə açıq dedilər ki, ay dayı, təzə tikilən binalarda ev pul ilə verilir, pulunu ver al. Ay bala, mənim pulum haradandır? Yalandan camaatı aldadırlar. Hamısı mülk yığır. Xalq üçün işləyən yoxdur”
“BURDA İT İTLİYİ İLƏ YAŞAMAZ"
Məhəmməd Bayramov adlı bir köçkün isə deyir ki, pul verib aldğı torpağı da əlindən alırlar:
“8 il bundan öncə pul verib bu torpağı almışam. İndi torpağı da əlimdən alıblar, özümüzü də məhkəmə icraçısı ilə gəlib çölə atırlar. Mən, yaxşı, burdan çıxım hara gedim? Özüm də müharibə iştirakçısıyam, medallarım var. İlham Əliyevə məktub yazmışam, Əli Həsənova məktub yazdım, xeyri yoxdur”.
Məsələ ilə bağlı Göygöl rayon icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Ancaq oradan suallarımıza cavab verən olmadı. Bununla belə Kəlbəcər köçkünlərinin bu şikayəti ilə bağlı başqa rəsmi qrumların da mövqeyini öyrənməyə çalışacağıq