Ütülənmiş köhnə paltar kimi səliqəli şəhər

Mingəçevir şəhəri, 5 noyabr 2006

Mingəçevirdə pul xərclənmədiyi addımbaşı duyulur. Bu şəhərin sakini Aynur xanımın buna öz izahı var. O, deyir ki, Mingəçevir başqa rayonların yolu üstündə yerləşmədiyindən bu şəhərə gəlib-gedən də azdır. Şəkiyə, Xaldana getmək istəyənlər burdan ötürlər. Amma, məsafə az olduğundan onlar da çox vaxt Mingəçevirdə ayaq saxlamırlar. Ona görə də kənardan gəlib bu şəhərdə pul xərcləyən yoxdur.


Mingəçevir o qədər cavandır ki…


Ölkənin şimal-qərbində, Mingəçevir su anbarı ilə həmyaşıd olan şəhərdə indi pullar xərclənməsə də su anbarı və şəhərin salınması vaxtilə keçmiş SSRİ-nin bahalı layihələrindən sayılırmış.


Elə indi də Azərbaycanın elektrik enerjisinə tələbatının əsas hissəsini ödəyən Mingəçevir o qədər cavandır ki, şəhəri indi sakinlərinin çoxu onun salınmasının canlı şahidləridir.



120 min əhalisi olan Mingəçevirdə 17 min işsiz sakin var. Bu kiçik şəhərdə vaxtilə 22 sənaye müəssisəsi yerləşməsinə baxmayaraq, indi onlara yiyə çıxmaq istəyən yoxdur
İstilik və su elektrik stansiyalarını tikməkdən ötrü Kürün yatağını dəyişib, yerli sakinlərin «dəniz» dedikləri Mingəçevir gölünü salıblar. Gölün yerindəki saqqız meşəliyini su basıb. Göl üçün qazıntı işləri aparanda da Rusiyadan gələn arxeoloqlar burda qədim yaşayış məskəni tapıblar. Həmin arxeoloji qazıntıların saxlandığı muzey yaradılıb.


Bəlkə də elektrikin nələrə lazım olduğunu o kəsiləndə fərqinə varırıq. Bu möcüzəli nemətin necə istehsal edildiyini ilk dəfədir görürəm. Orta məktəblərin fizika dərsliklərində oxuduğumuz prosesin canlı şahidi olmaq üçün elektrik stansiyasını kənardan seyr etmək yetməzmiş, gərək 17 metr suyun altına enəsən.

Su elektrik stansiyasının rəhbəri Surəddin Şəmilov deyir ki, elektrik istehsal edən əsas avadanlıqlardan dördü təmir olunub, amma avadanlıqların əksəriyyəti köhnədir. Bununla belə onları vaxtlı-vaxtında təmir edirlər ki, ölkəni işıqsız qoymasınlar: «Qazın, suyun anbarı olsa da, işığın anbarı olmur. Yəni istehsal etdiyin enerjini hardasa ehtiyata yığıb saxlaya bilmirsən ki, hər hansı səbəbdən istehsal dayananda ehtiyatdan istifadə edəsən». Surəddin Şəmilov deyir, ona görə də bircə yol qalır ki, bütün avadanlıqlar saz vəziyyətdə saxlanılsın və əsas avadanlıq sıradan çıxanda ehtiyat avadanlıqla istehsal bərpa olunsun.




Mingəçevirdə indi bir də avarçəkənlər öz keçmişləriylə öyünə bilirlər
Bu şəhərdə heç kimin hamamına çən qoydurmaq qayğısı yoxdur


Elektrik stansiyalarında işləyənlərin dolanışığı Mingəçevirin digər sakinlərinə baxanda pis deyil. heç olmasa, hər ay maaş aldıqlarını deyirlər. Düzdü, su elektrik stansiyasında çalışanların əməkhaqqı mənim öyrənə bilmədiyim səbəbdən istilik elektrik stansiyasında işləyənlərdən azdır. Yüksək maaş alanların-yerli sakinlərin «QRES» dedikləri istilik elektrik stansiyasında işləyən fəhlələrin məvacibi 120-160 manat civarındadır. Amma neynəyəsən ki, bu maaş da bahalı bazarla ayaqlaşmır.


Amma mingəçevirlilər təkcə işıqdan yox, su sarıdan da məsələn, hətta, paytaxt Bakıda yaşayan sakinlərin yanında öyünə bilərlər. Dediklərinə görə, gecə-gündüz kranı nə vaxt açsalar, suları var. Bu şəhərdə heç kimin hamamına çən qoydurmaq qayğısı yoxdur.


Adamları qayğılı olsa da Mingəçevir sanki yaxşı ütülənmiş köhnə paltar kimi səliqəli görünür. Bircə payız fəslinin yarpaq tökümü hər tərəfdə səliqə-sahmana təsir edir. Mingəçevirin xəzanlı parklarında addımbaşı qurulmuş çayxanalarda çay içməyin ləzzəti bir başqadır... Çayxanaların müştəriləri isə ancaq kişilərdir. Aralarında yaşlısı da var, cavanı da… Dincəlməyə gələni də var, bekarçılıqdan vaxt keçirənləri də...


Mingəçevirdə 17 min işsiz var


Şəhər İcra Hakimiyyəti başçısının müavini Əli Qəniyev deyir ki, 120 min əhalisi olan Mingəçevirdə 17 min işsiz sakin var. Sovet dövründə isə 38 minə qədər adam işlə təmin olunmuşdu. Yenə rəqəmlərin diliylə desək, bu kiçik şəhərdə vaxtilə 22 sənaye müəssisəsi yerləşib. İndi onların əksəriyyətinin qıfılı pas atıb. Əli Qəniyev deyir ki, köhnə müəssisələrə yiyə çıxmaq istəyən də yoxdur. Çünki, bu müəssisələrin 8-10 hektar ərazisi, texniki avadanlığı var və onu işlətmək istəyən də bunun üçün vergi ödəməlidir. Üstəlik, avadanlıqlar da çoxdan arxiv eksponatlarına yaraya biləcək hala düşüb. Bu müəssisələri işlətmək arzusuna düşən sahibkar gərək sıfırdan başlaya…



Dövrün tələbi Mingəçevirdən də yan keçməyib, bu yaxınlarda şəhərdə asfalt, beton dayaqları istehsal edən, kompyuter yığan zavodlar işə salınıb
Amma, müasir dövrün tələbi Mingəçevirdən də yan keçməyib, bu yaxınlarda şəhərdə asfalt, beton dayaqları istehsal edən, kompyuter yığan zavodlar işə salınıb.

Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramında 2008-ci ilə qədər müddət qoyulursa da, cənab Qəniyev əmindir ki, 9 ildən sonra Mingəçevirdə yenə həyat qaynayacaq, bir işsiz adama da rast gəlinməyəcək.


Bazar əhli iki qrupa bölünüb


Bəlkə ölkənin hər yerində olduğu kimi Mingəçevirdə də işini itirən yeni işini bazarda tapıb. Bazar əhli də burada iki qrupa bölünüb: içəridəkilər və çöldəkilər. Bunun açması belədir ki, satıcıların yarısı alverini bazarın çölündə edir, yarısı da içərisində. Yarısı malını yerdə satır, yarısı piştaxta üstündə… aralarında nifaq salan da elə bu içəri-çöl söhbətidir.



Bazarda bir ağbirçək qadınla da tanış odum, tərəvəz satırdı. 46 il uşaqlara əlifba öyrədib, rəqəmləri anladıbmış Sərbiyə xanım. Həyat 70 yaşlı müəlliməni sənətini yuxusunda da görmədiyi bazar satıcılığına dəyişməyə vadar eləyib: «15 «şirvan» təqaüd alıram. Gözümü məktəb yolunda qoydum. 7 yaşından ayaq döydüm məktəbə-əvvəl şagird kimi, sonra da müəllim kimi…»


Bazar əhli də burada iki qrupa bölünüb: içəridəkilər və çöldəkilər
Məktəbdən söz düşmüşkən, Mingəçevirin 21 məktəbi var, onun 15-də Azərbaycanın işğal olunan rayonlarından məcburi köçkün düşmüş ailələr məskunlaşıb. Son vaxtlar məktəblərdən dördündə məskunlaşmış köçkünləri şəhərin kənarında salınmış yeni qəsəbəyə köçürüblər.

412 ailə bu qəsəbədə cərgəylə tikilən, bir-birindən fərqlənməyən evlərdə yaşayır. Evlər fərqlənməsə də otaqların sayında fərq var.


Teatrın «peşəkar» problemi


Mingəçevirə gələndə şəhərin amerikalı qonaqları da var idi. Onlar dram teatrda caz konserti verəcəkdilər. Konsertə azacıq gecikdiyimdən yer tapa bilmədim.


Amma, bu cür anşlaq Mərziyə Davudova adına Mingəçevir Dram Teatrı üçün az qala amerikalı caz ustaları kimi qonaqdır. Hər halda, teatrda söhbətləşdiyim aktyorlar və rejissorlardan belə başa düşdüm. Teatrın direktoru Nazim Qafarov deyir ki, 40 yaşı gələn il tamam olacaq teatrın problemləri xirtdəyəcəndir. Əsas yaralı yerləri də peşəkar aktyorların az olmasıdır.


Mingəçevirdə indi bir də avarçəkənlər öz keçmişləriylə öyünə bilirlər. Mingəçevirin avarçəkmə bazası keçmiş SSRİ məkanında çox məşhur idi. Sovet dönəmində qayığıyla dünyanı gəzmiş, indi sevimli işini uşaqlara öyrədən məşqçi Fazil Məmmədovu elə iş başında yaxaladıq. Uşaqlara göstəriş verirdi. Fazil müəllim deyir ki, bazanın əvvəlki şöhrətini qaytarmaq üçün həm diqqət, həm də pul lazımdır. O, xatırlayır ki, sovet dönəmində bazaya məşqə gələnlər yerli idmançıları sıxışdırırdılar, hətta onların qayıqlarını da anbardan çıxarıb özününküləri yığırdılar.


Mingəçevir icra hakimiyyəti başçısının müavini Əli Qəniyevinsə xoş xəbəri var. Onun dediyinə görə, avarçəkmə bazasının əvvəlki şöhrətini qaytarmaq üçün bura nə az, nə çox, düz 14 milyon manatdan artıq vəsait xərclənməsi planlaşdırılıb.


Mingəçevirdən bu xoş xəbərlə ayrılmaq istəyirəm. Təki avarçəkmə bazasının şöhrətini qaytarmağa da pul tapılsın, bu gənc şəhərin gənc sakinlərinə yaxşı iş yeri açmağa da. Qısası, yol üstündə olmasa da Mingəçevirdə pullar xərclənsin.