«Bir dənizimiz vardı, onu da əlimizdən aldılar»

Şıx çimərliyi

-

İyunun 1-dən Bakı çımərlikləri dəniz sevənlər üçün rəsmən açılıb. Hava küləkli olsa da, dənizə baş vuranlar az deyil. Şəhərə ən yaxın və illərdir ən çirkli çimərlik sayılan Şıx çimərliyinə isə gələnlər çoxdur.

ZİBİLQABI, TUALET YOXDUR

Təqaüdçü Kazım Əliquliyev deyir ki, onun ancaq bura gəlməyə gücü çatır:

«Pulsuz çimərlik ancaq buradır. Burda da heç nə yoxdur. Adi zibilqabı, tualet də yoxdur. Heç kim baxmır. Camaatın hamısının pulluya getməyə imkanı yoxdur axı. Mənim kimi pensiyaçı, əlbəttə, pulsuz yerə gəlmək istəyəcək. O da belə...».

Yaxınlıqdakı qəsəbədə yaşayan Kərim Kərimov isə axşamlar gəlib buraların zibillərini təmizləyir. Deyir, çox adam onun kimi eləsə, dənizkənarı da səliqəli olar:

«Bura çox çirklidir. Ancaq mən axşamlar gəlib zibilləri təmizləyirəm. Hərə öz ətrafını yığışdırsa, heç belə vəziyyət də yaranmaz».

Gənclər üçünsə əsas dənizdə çimməkdir. Suyun çirkli olub-olmaması gözlərinə görünmür:

- «Kənarda çirkab çox olsa da, su təmizdir».

- «Hava soyuq olsa da, su istidir. Mənə ləzzət eləyir».

Sumqayıt, Şıx və Sahil qəsəbəsinin çimərliklərində mikrobioloji çirklənmə qeydə alınıb.

17 ÇİRKAB TƏMİZLƏYİCİ QURAŞDIRILIB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərliklərdə monitorinq aparıb. İdarənin məlumatında deyilir ki, Abşeronun kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və «Amburan» çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahilboyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb. Bu ərazilərdə indi 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Ancaq bu qurğuların olmadığı Sumqayıt, Şıx və Sahil qəsəbəsinin çimərliklərində mikrobioloji çirklənmə qeydə alınıb.

Bu ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen «E.coli»nin (bağırsaq çöpü) miqdarı normadan artıqdır.

QİYMƏTLƏR DƏ BAHALANIB

Şıx çimərliyi boyunca təkcə bu kiçik ərazi pulsuzdur. Pullu çimərliklər isə yolboyu bir-birinin ardınca sıralanıb. Bibiheybət qəsəbəsində yaşayan Fərəməz Kərimov deyir ki, bir az səliqə-sahmanlı çimərliklər pullu olduğundan dənizə gedə bilmir:

«Hər yerdə kasıb adamlar üçün pulsuz çimərliklər var. Bizim çimərliklərdə qapıdan içəri girən kimi pul istəyirlər. Bir dənizimiz vardı, onu da əlimizdən aldılar».

«Kənarda çirkab çox olsa da, su təmizdir».

Pullu çimərliklərin yolunu tutanlar isə qiymətlərin bahalaşdığını deyir:

- «Qiymətlər bahalaşıb. Adambaşı 5 manatdır. 10 nəfər gəlsən, gərək 50 manat ödəyəsən».

- «İki il əvvəl gəlmişdim. Giriş 3 manat idi. İndi 5 manatdır».

XİLASEDİCİLƏR İŞ BAŞINDA

Pullu-pulsuz bütün çimərliklərdə xilasedicilər də işə başlayıb. Xilasedici Tamerlan Əliyev də iş başındadır. Gün ərzində əlindəki meqafonu yerə qoymur. Həm xəbərdarlıq edir, həm də gözünü dənizdən ayırmır. Tamerlan deyir ki, gərək dənizə girənlər də xilasediciləri eşitsin, təhlükəsizlik qaydalarına əməl etsin:

«Şarlar təhlükəsizliyə görə qoyulub. Mikrofonla deyirik ki, şarlardan o tərəfə keçib həyatlarını təhlükəyə atmasınlar. Ancaq sözə qulaq asmayanlar da çoxdur».

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) məlumatına görə, builki çimərlik mövsümündə kadrların hazırlıq səviyyəsi artırılıb. Xidmət suda boğulma hallarının qeyri-çimərlik ərazilərində baş verdiyini bildirir. Bu ərazilərdə çimməyi tövsiyə etmir.