Sanki ümumi, sağlam, atalı-analı bəxtiyar bir uşağı gözlərinin qarşısına gətirir uşaq yazarları və onun üçün yazırlar.
Uşaq ədəbiyyatımızda bir paradoks
Bir azərbaycanlı uşağın başına nə gəlirsə gəlsin, valideynləri boşansın, qol-qıçı sınsın, nənə-babası səhərdən-axşamacan kənd-kəsəkdə onu basıb işlətsin, eynək taxdığına görə ələ salınsın, apendisit əməliyyatına girsin, belə başına hər nə gəlirsə gəlsin, o uşaq kitabxanaya və yaxud da uşaq kitabları satılan dükana gedəndə kitablarda öz həyatının izini-tozunu da tapmayacaq.
Spesifik mövzular yoxdur uşaq kitablarında.
Uşaq ədəiyyatımız həmişə ümumi – adi, öz uşaq qayğılarıyla böyüyən uşaqdan yazır.
Mən ilk dəfə bir Qərb ölkəsində uşaq kitabxanasına girəndə ağzım açıq qaldı. Orada spesifik mövzularda o qədər kitab var ki!
Valideynləri boşanmış uşaqlar üçün nəhəng bir kitab şkafı doluydu həmin mövzuda olan uşaq kitablarıyla. Birində yazılmışdı: "Sən başa düşürsən bu nə deməkdir? Bundan sonra sənin bir yox, iki evin olacaq. İki çarpayın, iki yazı masan, iki oyuncaq ayın, iki oyuncaq maşının. Mən sənin yerinə olsam, sevinərdim."
Hər iki valideyni qadın, yaxud hər iki valideyni kişi olan uşaqlar üçün, yəni başa düşdünüz də, LGBT cütlüklərin övladlığa götürdüyü uşaqlar üçün “Mənim iki atam var”, "Mənim iki anam var" mövzusunda min dənə uşaq kitabı. Rəngarəng, bir-birindən maraqlı, bir-birindən oxunaqlı.
Gecələr yerini isladan uşaqlar haqqında macəralar, atası ölmüş uşaqlar üçün, anası ölmüş uşaqlar üçün nağıllar...Ağlımıza gələn və gəlməyən hər cür spesifik mövzu, özəl həyat, özəl yanaşma.
Azərbaycan uşaq ədəbiyyatında çatışmayan məhz belə spesifik mövzulardır.
Sanki ümumi, sağlam, atalı-analı uşağı gözlərinin qarşısına gətirir uşaq yazarları və məhz onun üçün yazırlar.
O biri yandan da, Azərbaycan statistikası deyir ki, boşanma faizi belə artıb, evsizlik elə artıb, genetik xəstəliklər daşıyan uşaqların sayı belə artıb, uşaqlara qarşı məişət zorakılığı isə lap qalxıb kəllə-çarxa.
Uşaq yazarlarımızın kitablarını oxuyanda elə deməzsən amma.
Oxu zalı