BMT İraqa təxminən yarım milyard dollar beynəlxalq humanitar yardım göstərməyə çaçırıb.
Təşkilatın humanitar yardım üzrə koordinatoru Lise Grande iyunun 4-də Brüsseldə bildirib ki, əgər bu ölkəyə təcili yardım göstərilməsə 50 faizdən çox iş yeri bağlana bilər.
Təşkilat bildirir ki, yaxın 6 ay ərzində zorakılıqlara görə ev-eşiyindən didərgin düşmüş 5,6 milyon adama 497 milyon dollarlıq yardım lazımdır.
2014-cü ildən bu yana İraqda hərbi əməliyyatlara görə 3 milyona yaxın adam ev-eşiyini tərk etməli olub.
Son vaxtlar isə İslam Dövləti yaraqlılarının ölkənin qərbində yeni əraziləri zəbt etməsindən sonra 10 minlərlə insan evindən didərgin düşüb.
Yaraqlılar ötən ay Anbar əyalətinin paytaxtı Ramadini ələ keçirib.
Bu şəhər Bağdadın təxminən 110 kilometrliyində yerləşir.
Hazırda İraq və Suriyanın bir çox bölgələri İslam Dövləti Qrupunun əlindədir.