-
«Azərbaycan mediasının 140 illik tarixində «Azadlıq» qəzeti qədər tanınmış ikinci qəzet yoxdur. Bu qədər tanınmış qəzet o tədbirə dəvət olunmursa, bu özü ölkədəki söz azadlığına münasibətin göstəricisidir».
«Azadlıq» qəzetinin redaktoru Rahim Hacıyev iyunun 5-də prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun 50-dək KİV rəhbəriylə görüşündən danışarkən belə deyir. Görüşdə prezident İlham Əliyevin Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı verdiyi sərəncam, bu sənəddən irəli gələrək 144 jurnalistin hansı qaydada mükafatlandırılacağı müzakirə edilib.
ADI «QARA SİYAHI»DA OLANLAR MÜKAFATA DÜŞMƏYƏCƏK
Tədbirin iştirakçılarından, «525-ci qəzet»in redaktoru Rəşad Məcid görüş haqda AzadlıqRadiosuna bunları deyir:
Sizin brauzer HTML5-i dəstəkləmir
«Ancaq yenə də say çox olduğu üçün həmin şəxslərin seçilməsi media kapitanlarına və onların şəffaf seçiminə həvalə ediləcək» - prezident köməkçisi deyib.Qafqazinfo-nun yazdığına görə, Əli Həsənov bildirib ki, jurnalist «Tərəqqi» medalı almaq üçün azı 10 il media sahəsində fasiləsiz çalışmalı, əməkdar jurnalist adı üçün 15 illik stajı olmalıdır.
Əli Həsənov onu bildirib ki, seçim zamanı mətbu orqanın və jurnalistlərin adının daxil olduğu «qara siyahı»ya da baxılacaq.
ƏFLATUN AMAŞOV TƏHQİRLƏRƏ GÖRƏ «FACEBOOK»U BAĞLAMAĞI TƏKLİF EDİB
Əli Həsənov söz azadlığına da toxunub. O, Azərbaycanı söz azadlığına görə tənqid edənlərin «5-ci kolon» adlanan qeyri-hökumət təşkilatları vasitəsilə ölkəni təhdid etdiklərini deyib. Prezident köməkçisi bu yaxınlarda Britaniya kral ailəsinin «The Guardian» qəzetinə kral ailəsinin şəkillərini çəkməsi ilə bağlı qoyduğu qadağanı yada salıb: «Böyük Britaniya kral ailəsinə məhkəmədə uduzan «The Guardian» qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan edildi. Təsəvvür edin ki, Azərbaycanda hansısa media orqanına prezident ailəsi haqqında yazmaq qadağan olunsa, nə baş verərdi».
Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkələrdə yaradılan səhifələrdə redaktorların, siyasətçilərin təhqir olunduğunu söyləyib. O əlavə edib ki, «facebook» rəhbərliyi həmin səhifələri bağlamalıdır. «Bağlamasa, Azərbaycanda «facebook» bağlanmalıdır. Bu cür səhifələrin bağlanması mümkün olmazsa, Azərbaycan «facebook» rəhbərliyi ilə danışıqlar aparmalıdır».
«ƏFLATUN O CÜR DEMƏDİ... ƏLİ HƏSƏNOV DA SAKİT MÜNAİSBƏT BİLDİRDİ»
Görüş iştirakçısı Rəşad Məcidin AzadlıqRadiosuna dedikləri: «Əflatun o cür demədi, bağlansın-filan demədi, yox. Əflatun narahatlığını bildirdi ki, sosial şəbəkələrdə qruplar açılır, Azərbaycanın KİV rəhbərləri təhqir olunur, ən qatı ifadələrlə. Ona da Əli Həsənov sakit münasibət bildirdi ki, sosial şəbəkədə tənqid adi hala çevrilib, fikir vermək lazım deyil. Sosial şəbəkələrdə nəyinsə qarşısının alınması mümkün deyil. O, təklif vermədi, Mətbuat Şurasının sədri kimi narahatlığını bildirdi. Jurnalistlərin davranış qaydaları var və onu pozan «qara siyahı»ya düşür. Amma «facebook»da bu, mümkün deyil. Təklif var ki, bəlkə «facebook»da insanları təhqir edənlərə qarşı hansısa qınaq qrupu yaradılsın».
Rəşad Məcid düşünür ki, dünyada internet olandan sonra ifadə, söz azadlığının məhdudlaşdırılması mümkün deyil, kim nə istəyir bəyan edir. O, bəzən özünün də belə hücumlarla üzləşdiyini bildirir: «Mənə qarşı da təhqir olub, bəzən insanlara qarşı amansızlıqla, az qala mənəvi terror səviyyəsində hücum olur. Bunu mən də bəyənmirəm. Amma, görünür, bu, dövrün, zamanın yetişdirdiyi yeni vəziyyətdir. Buna zamanla uyğunlaşmaq lazımdır. Zənnimcə, bunu zaman özü yoluna qoyacaq».
«HAKİMİYYƏT GÖRÜŞ OLMADAN DA MƏTBUATIN PROBLEMİNDƏN XƏBƏRDARDIR»
Həmin görüşə dəvət edilməyən «Azadlıq» qəzetinin redaktoru Rahim Hacıyevə görə, ölkədə azad mətbuat üçün olduqca ağır vəziyyət yaradılıb və bu, qabaqcadan düşünülüb-daşınılmış bir işdir:
«Hakimiyyət heç bir görüş olmadan da mətbuatın problemlərindən çox yaxşı xəbərdardır. Əslində, problemləri özləri yaradıblar, istəsəydilər, bunlar olmazdı. Azərbaycanda azad mətbuatın bir neçə media qurumundan ibarət olduğu vaxtda mətbuat gününün qeyd olunması əsaslı görünmür. Əvvəlcə mətbuatın problemləri həll olunmalı, azad söz təmin olunmalıdır, sonra ruh yüksəkliyi ilə bayram keçirilməlidir. Amma tamam başqa mühit yaradılıb. Bu gün «Qasid» firması «Azadlıq»a olan 70 min manatlıq borcu ödəmir, reklam yox, metroda qəzet satışı dayandırılıb, əl yayımı faktiki yoxdur. Bu cür ciddi problemlər yaradılıb. Nə bayram?..».
Son hesablamalara görə, ölkədə 8 jurnalist və ya bloqqer həbs edilib. Bu görüşün baş tutduğu gün – iyunun 5-də onlardan biri – AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən 6 ay ötür. Beynəlxalq qurumlar Avropa Oyunları ərəfəsində həbsdəkiləri azad etməyə çağırsa da, hökumət buna əhəmiyyət vermir. Hər dəfə bəyan edir ki, Azərbaycanda heç bir jurnalist yazdığına görə tutulmayıb, onlar cinayət əməllərinə görə həbs ediliblər.
««LIKE» MƏHBUSLARI ORTAYA ÇIXIB»
Rahim Hacıyev isə əksini düşünür, onun dediyinə görə, bu gün mətbuat sıxışdırılıb, elə sosial şəbəkələrdə də söz azadlığından danışmaq çətindir: «Bu gün «like» məhbusları ortaya çıxıb. Sosial şəbəkələrdə fəal olanlar başqa ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir, azadlıqdan məhrum olunur, profillər oğurlanır, bu zaman qanuna, əxlaqa zidd addımlar atılır. Söz azadlığı olsaydı, məsələn, biz – «Azadlıq» qəzeti həmin tədbirə dəvət olunardıq. 140 illik mətbuat tarixində «Azadlıq» qəzeti qədər tanınan qəzet yoxdur və bunun əksini heç kim sübut edə bilməz. Biz ora dəvət olunmuruq və bunun özü də söz azadlığına münasibətin göstəricisidir».
«MƏN «DÖRD» VERİRƏM»
«525-ci qəzet»in redaktoru Rəşad Məcidə görə, vəziyyət elə də dramatik deyil. «Azərbaycan mediası rəngarəngdir, ifadə, söz azadlığının məhdudlaşdırılmasından danışmaq yersizdir. Mən mətbuata bu gün beşlik şkala ilə «dörd» verirəm» - deyir.