Goradilli İsfəndiyar: "Şəxsi mülklərin hasarlarını sökürlər, ictimai yerləri isə hasarlayırlar"

Arxiv fotosu

-


İsfəndiyar Səfərov AzadlıqRadiosunun "Qaynar xətt"inə Goradildəki bağların hasarlarının qanunsuz sökülməsindən şikayət edib. Deyir ki, azı 2 ildir ki, bağ sahələrinin hasarları sökülüb. Buna görə bağ sahiblərinə kompensasiya ödənilməyib:

"40 ildir bu bağda yaşayıram, yayı da, qışı da burda keçirdirəm. Bağımın sənədləri də qaydasındadır. 2 il əvvəl "Azərsu" gəlib hasarın böyük hissəsini uçurdub. "Kupça"nı göstərdim, dedim a kişi, neynirsiz, mənim sənədli-sübutlu sahəmdir. Dedilər evi sökmürük ki, hasarı sökürük. Hər yerə yazmışam, şikayəti oxuyan yoxdur".

MƏN MÜLKÜMÜ DÖVLƏTƏ ETİBAR ETMİŞDİM, O İSƏ SÖKDÜ...

Əziz Babayevin də Goradildə bağ sahəsi var. Ötən il bağ mövsümü başlayanda köçünü tutub bağa köçəndə qarşılaşdığı mənzərədən heyrətlənib:

"Maşından düşdüm gördüm hasarın bir hissəsi yerli-dibli yoxdur. Söküblər... Məəttəl qaldım. Mənim sənədli mülkümün hasarını kim nə ixtiyarla sökə bilərdi? Axı bu ölkənin Konstitusiyası, Mülki Məcəlləsi var. O qanunlarla mənim mülkiyyət toxunulmazlığım təmin olunur. Mən mülkümü bu dövlətə etibar edib gedib şəhərdə evimdə oturmuşam. Ancaq elə dövlət özü mənim bu etibarımdan sui-istifadə edib mülkümü dağıdıb. Bundan sonra dövlətə hansı etibardan, etimaddan danışmaq olar?"

SU KƏMƏRİ ÇƏKİLİR

"Azərsu" ASC-dən bildirilib ki, Ceyranbatan su anbarından Maştağa su anbarına gedən iki su kəməri boyunca söküntü işləri aparıb. Məqsəd su kəmərlərinin keçdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görməkdir. Söküntü işləri Bakının Novxanı, Goradil, Saray, Maştağa qəsəbələri ərazisində aparılıb. Kompensasiya yalnız bütün sənədləri tam qaydasında olan evlərə şamil edilə bilər.

MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏYİ DÜŞÜNÜRLƏR

Hüquqşünas Fuad Hüseynovun sözlərinə görə, məhkəmə qərarı olmadan mülkiyyətçiyə məxsus mülkün bir daşını da yerindən tərpətmək olmaz:

"İstər hasar olsun, istər ev, qanunidirsə, sökülə bilməz. Mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Buna görə bağ sahibləri məhkəməyə müraciət etməlidirlər. Cavabdeh kimi "Azərsu" ASC-ni göstərməlidirlər. Mülkiyyətçilərə sökdükləri bir daşa görə də kompensasiya verilməlidir".

Bağ sahibləri isə deyirlər sənədləri qaydasında olsa da, buna məhəl qoyan olmayıb. Onlar kompensasiya tələbi ilə məhkəməyə müraciət etməyi düşünürlər.