Orta məktəblərdə siqaretə, ali məktəblərdə narkomaniyaya qarşı...

2006-cı ildə Azərbaycanda qanunsuz dövriyyədən 463 kq. narkotik maddə götürülüb

Noyabrın 10-dan başlayaraq Gənclər və İdman Nazirliyilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ali məktəblərdə «Sağlam həyat» marafonuna başlayıb. Marafon çərçivəsində tələbələrə narkomaniyanın mahiyyətini izah edən, ondan çəkinməyin yollarını aşılayan informasiyalar, broşüralar, kitabçalar verilir, müzakirələr təşkil edilir.


Cənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Raqif Abbasovun sözlərinə görə, belə bir tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrində gənclərin narkomaniyaya meyllənməsinin qarşısını almaqdır. Cənab Abbasova görə, təhlükəli həddə olmasa da, Azərbaycanda gənclər arasında narkomaniyaya meyl var. Təşkilatçılar maarifləndirmə işini ilin sonuna qədər Bakı Dövlət, İnşaat və Memarlıq, İqtisadiyyat və bir neçə özəl universitetlərdə, gələn ilin əvvəlindən isə ölkənin şimal-qərb və sərhədyanı bölgələrində davam etdirəcəklərini deyirlər.



Narkotikdən istifadə edənlərin əksəriyyəti dispanserə müraciət etmir. Bu baxımdan da daha dəqiq məlumatlar əldə olunması üçün rəsmi məlumatlar 10-a, bəzən də 15 vurulur. Bu düstur tətbiq edilərsə, onda Azərbaycanda təxminən 200 min nəfərin narkotik maddələrdən istifadə etdiyi məlum olur
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında İşçi Qrupun rəhbəri İsrafil Əliyev isə deyir ki, onlar bu cür tədbirlərlə gəncləri narkomaniyadan çəkindirməyə çalışırlar. Rəsmi statistikaya görə, Azərbaycanda təxminən 18 min norkomanın qeydiyyatda olduğunu deyən cənab Əliyevin sözlərinə görə, onların əksəriyyəti gənclərdir. İsrafil Əliyev düşünür ki, narkomanların sayı barədə həm rəsmi, həm də beynəlxalq təşkilatların rəqəmlərinə bir qədər ehtiyatlı yanaşılmalıdır. O, hesab edir ki, rəsmi məlumatlarda narkomanların sayı az, bəzi beynəlxalq təşkilatların hesabatlarında isə əksinə, şişirdilərək çox göstərilə bilər.

Qeyri Hökumət Təşkilatı olan Beynəlxalq Antinarkotizm Mərkəzinin baş narkoluqu Akif Abdullayev isə deyir ki, əslində, Azərbaycanda narkotik maddələrdən istifadə edənlərin 18 min olmasıyla bağlı rəsmi məlumatlar heç bir şübhə doğurmur, çünki bu bilgilər Respublika Narkoloji Dispanserində qeydiyyatda olanların siyahısıdır. Amma narkotik maddələrdən istifadə edənlərin əksəriyyəti dispanserə müraciət etmir. Bu baxımdan da beynəlxalq təcrübədə daha dəqiq məlumatlar əldə olunması üçün rəsmi məlumatlar 10-a, bəzən də 15 vurulur. Bu düstur tətbiq edilərsə, onda Azərbaycanda təxminən 200 min nəfərin narkotik maddələrdən istifadə etdiyi məlum olur. Bu sahəyə meyllənən qadınların sayı isə rəsmi məlumatlarda göstərilən rəqəmlərin təxminən 2 faizini təşkil edir.


Rəsmi statistikaya görə, təkcə bu ilin doqquz ayı ərzində 1600-ə nəfərə yaxın adam narkotik maddələrin satışına və istifadəsinə görə, cinayət məsuliyyətinə cəlb edilib ki, onun da 400 nəfərdən çoxu 30 yaşına qədər olanlardır. Narkotik maddələrin qanunsuz dövriyyəsilə bağlı isə 1900-ə yaxın fakt aşkarlanıb: «Qanunsuz dövriyyədən 463 kq. narkotik maddə götürülüb. Bu, ötən illə müqayisədə təxminən 20 faiz çoxdur». Həmin müddət ərzində beş nəfər azyaşlı saxlanılıb. İsrafil Əliyev deyir ki, onlar azyaşlıları bu yoldan çəkindirmək, onların gecə barlarına düşməsinin qarşısını almaq üçün növbəti tədbirləri valideynlərlə birgə keçirəcəklər.


Bir müddət əvvəl orta məktəblərdə Bakı Şəhər Baş Polis İdarəsi siqaret əleyhinə maarifləndirmə işinə başlamışdı. İdarə bu işə orta məktəblərdə şagirdlər arasında kütləvi siqaret çəkmə hallarını aşkar etdikdən sonra başladığını bildirirdi. Hətta həmin məlumatlarda qeyd olunurdu ki, Bakıdakı orta məktəblərdə şagirdlərin 60-70 faizi siqaret çəkir. İdarənin açıqladığı bu rəqəm Təhsil Nazirliyinin ciddi narazılığı ilə qarşılandı və nazir Misir Mərdanov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirdi. Amma ali məktəblərdə narkomaniyaya qarşı keçirilən maarifləndirmə tədbirini Təhsil Nazirliyi müsbət qiymətləndirir.