Erdoğan-ın partiyası uddu, özü uduzdu

HDP tərəfdarları "qələbəni" bayram edirlər.

“Kürd partiyası” kimi tanınan müxalif Xalq Demokratik Partiyası - HDP Türkiyəni prezident dövlətinə çevirmək planlarını alt-üst etdi

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bazar günü keçirilən seçkidə hakimiyyətdə olduğu müddətdə ilk dəfə həllidici çoxluğu qazana bilməyib.

Özünün prezident səlahiyyətlərini son dərəcə artırmaq istəyən Erdoğan-a konstitusiyanın dəyişdirilməsi, bunu etmək üçünsə partiyasının mandatların üçdə ikisini qazanması lazım idi.

Qərb məmnundur

Bu planların pozulmasına başlıca səbəb isə kökləri ilə ölkənin kürd əhalisinə bağlı HDP-nin 10 faizlik həddi aşa bilməsi olub. Beləliklə HDP parlament partiyasına çevrilib və indi 13 il şəriksiz hökumət edən AKP digər partiyalarla koalisiya hökumətinin yaradılması üçün ağrılı və uzun danışıqlara girməli olacaq.

Dünyanın və əsas etibarilə Qərbi Avropanın bütün diqqəti bu seçkilərdə idi, çünki Erdoğan son aylar və illərdə getdikcə artan avtoritarlığına görə tənqid edilirdi.

Reuters: Erdoğan Türkiyənin ən müasir, lakin ən bölücü lideridir

Reuters agentliyi Erdoğanı Türkiyənin “ən müasir, lakin ən bölücü lideri” adlandırır.

Koalisiya nəticəsində yaranacaq yeni hökumət ölkədəki stabilliyi qoruyub saxlaya bilməsə, qarşıda erkən və ya Qərb mətbuatının yazdığı kimi qəfil seçkilər keçirilə bilər.

"Putin-Medvedev modeli" Türkiyədə keçmədi

Hazırkı seçkinin nəticələrinə görə AKP 40 faizdən bir qədər çox səs toplaya bilib, halbuki partiya 2011-ci ilin seçkilərində az qala 50 faiz səs toplamışdı.

Türkiyənin baş naziri Ahmet Davutoğlu səs verir

Tərəfdarlara təskinlik verən baş nazir Ahmet Davutoğlu deyib ki, AKP-nin bu seçkidən də qalib çıxdığını hamı gördü və “qoy heç kəs məğlubiyyətindən qələbə düzəltməsin”.

Bir sıra tənqidçilər isə bildirilər ki, “Erdoğan-Davutoğlu tandemi” Türkiyədə “Putin-Medvedev modeli”kimi işləyə bilməyib.

Bununla belə, AKP-nin bu seçkidəki nəticələri artıq öz təsirini göstərməyə başlayıb. Milli valyuta lirə dollar nisbətdə özünün ən aşağı həddinə çatıb.

Kürdlər bayram edirlər

Cənab Davutoğlunun “heç kəs qələbə düzəltməsin” məsləhətinə rəğmən Diyarbakır şəhərində kürdlər küçələrdə məhz “qələbə bayramı” ediblər.

Türkiyədə icraçı prezident vəzifəsi və diktatorluq barədə müzakirələrə son qoyuldu

İlkin nəticələrə görə, səslərin 13 faizinə sahib olan HDP-nin lideri Selahattin Demirtaş artıq bu başdan AKP ilə heç bir koalisiya danışıqlarına daxil olmayacağını elan edib: “Türkiyədə icraçı prezident vəzifəsi və diktatorluq barədə müzakirələrə son qoyuldu”.

Erdoğan və Davutoğlu seçkidən əvvəl xəbərdarlıq etmişdilər ki, bu səsvermə “yeni Türkiyə” ilə keçmişin koalisiyalı hökumətləri arasında seçim olacaq.

Erdoğan bu seçkinin əsas məğlubudur

“Erdoğan bu seçkinin əsas məğlubudur, - deyir İstanbulda mənzillənmiş İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Ülgen Sinan, - Onun iki ideyası vardı: biri ölkəni prezident sisteminə keçirmək, ikincisi isə təkpartiyalı hökumət yaratmaq. Bunların heç biri baş tutmadı”.

Təhlilçilər bildirirlər ki, bu seçkidə HDP-nin taktikası düzgün olub. O mövqeyini sırf “kürd gündəliyi”ndən kənara çıxara bilərək, solçu, dünyəvi, bir sözlə anti-Erdoğan elektoratı cəlb edib.

Şərhçilər həmçinin maraq edirlər ki, bundan sonra Türkiyə dövləti ilə separatçı PKK-nin danışıqları hansı axarda davam edəcək.

Bu seçkidə Cümhuriyyət Xalq Partiyası – CHP yenə də parlamentin ikinci böyük partiyası olub.

Partiyanın İstanbul üzrə lideri Murat Karayalçın deyib ki, nəticə icraçı prezidentlik institutuna “aşkar yox” deyib.

Koalisiya indidən qəliz görünür

AKP-nin mümkün koalisiya müttəfiqlərindən sayılan Milliyyətçi Hərəkat Partiyası səslərin 16 faizini əldə etməklə üçüncü böyük partiya sayılır.

Birinci variant AKP və HDP koalisiyasıdır, ikinci variant AKP, CHP və HDP-dir. Əgər bunlar alınmasa, onda erkən seçki keçirilməlidir

Lakin partiyanın lideri Devlet Bahceli də AKP ilə hər hansı ittifaqı istisna edib və deyib ki, belə vəziyyətdə çarə erkən seçkinin çağırılmasıdır.

“Birinci variant AKP və HDP koalisiyasıdır, ikinci variant AKP, CHP və HDP-dir. Əgər bunlar alınmasa, onda erkən seçki keçirilməlidir” – deyib MHP lideri.

Öz növbəsində AKP də MHP ilə hər hansı koalisiyanı mümkün saymır. Partiya liderləri bildirirlər ki, əgər belə bir ittifaqa girsələr, gələn seçkilərdə bundan da zəif nəticə göstərə bilərlər.