Beşikdəki şeytan

-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Vəfa Qafarova

BEŞİKDƏKİ ŞEYTAN

Tez-tez nəfəsi tıxanırdı, quru öskürək lap canını boğazına yığmışdı.

Yarpaqlarını yaşıl çətir kimi üzünə tökmüş ağacın altında başını qollarına söykəmiş, öz dünyasına səyahət edən bu qızcığaz yanından ötənlərin diqqətini çəkirdi.

O həqiqətən də gözəl idi. İri, ifadəli gözləri, uzun kiprikləri, qısa, sıx qaşları vardı.

Saçları boyun - boğazına, kürəyinə dağılıb axşam mehində yüngülcə titrəyirdi. Amma üzünün rəngi cox boğuq, gözlərinin altı isə kölgəli idi. Əynindəki paltarların nimdaş olduğu bir baxışdan hiss olunurdu.

Xırıltılı səslə öskürdüyündənmi, əyin-başının cılızlığındanmı nəsə sıxılırmış kimi bir halı vardı.

Qızmar bir yay günü sona çatmaqdaydı və isti, yavaş – yavaş dəniz tərəfdən gələn sərin mehin təravətli nəfəsinin axınına düşüb əjdaha ağzından çıxan alov dilimi kimi əriyib sovuşurdu.

Qızın əynindəki dar, cins şalvar görünür xeyli müddət idi yuyulmurdu, amma rəngi sərfəli idi, bozumtul olduğundan çirki bilinmirdi.

Hava bürkülü olsa da, qızın əynində qolları disəyə qədər qatlanmış sarımtıl kofta, ayağında krossovka vardı.

Bulvar axşama doğru dolub daşırdı. Skamyalarda adam əlindən tərpənməyə yer yox idi.

Elə bil bu boyda şəhərdə istirahət etmək üçün adamların başına bilvardan başqa yer qəhət idi. Adama elə gəlirdi ki, şəhərin sakinlərini hansısa gözəgörünməz qüvvə qovub bulvara doldurub.

Evlərdə heç kim qalmadığından, binalar ayaqlarının altındakı dənizə həsədlə baxırlar.

Boynunu çiyninə tərəf əydi, belə dayanmağa adət eləmişdi. Ətrafa nəzər saldı və sanki bir az da tənhalaşdı.

Cəmiyyət içərisində öz tənhalığını daha çox hiss etdi. Uşaq səsindən qulaq tutulurdu , nənəsi, anası, atası, dayəsi ilə gələn uşaqlar addımbaşı hər şeyin qanı qiymətinə satıldığı köşklərə hücum çəkirdilər.

Təbii ki, böyüklər iyirmi qəpiklik duzlu çöpü altmış qəpiyə, otuz qəpiklik şirəni bir manata almaqdan böyün qaçırdıqlarına görə uşaqlar köşklərin qabağında vay-şivən qoparırdılar.

Arada ona elə gəlirdi ki, bulvarda gördüyü yelləncəklər uşaqların səbrini sınağa çəkmək, onlara ata-analarının hansı maddi durumda olduğunu xatırlatmaqdan ötrü quraşdırılıb. Və yəqin ki, uşaqları gələcəkdə arzulayıb əldə edə bilməyəcəkləri bir cox şeyin varlığı ilə elə indidən tanış etməyə xidmət edir.

Düşündü, görəsən bu vaxta kimi ürəkdən nəsə arzulayıbmı və arzuladığınının heç olmazsa bir-ikisini əldə edə bilibmi?

Əvvəllər arzuladığı ata, ana, kukla, ev, daha nələr-nələr bəlkə də bəsit uşaq arzuları idi. Bəs indi, bu yaşında görəsən nə arzulayırdı? Əmin idi ki, heç nə arzulamır.

Qadın arzularının dilənçi torbasını xatırlatdığını kişi fəhmi ilə anlayırdı. Bir də həmişə beynində çoxlu sual olardı. Bu suallar cox zaman ona gecələr hücum çəkərdi, yatağına girəndən ta günəş çıxana qədər.

Görəsən adamın anası onu səhərlər necə oyadır? Görəsən ev çörəyinin dadı neçədir? Mənim niyə evim yoxdur? Məni niyə atıblar?

Ayna xala niyə məni vurdu, axı danışan Arzu idi. Allah var? O haradadır? Və ən sonda bir sual gəlirdi həmişə . Allah baba, mən axı neyləmişdim?

Sonra böyüdü, suallar yavaş-yavaş formasını və məzmununu dəyişdi: İnternatdan çıxandan sonra hara gedəcəyəm? Kirayəni necə verəcəm? Ev sahibinin oğlu mənə eyhamla nə deyirdi?

Bu pul ayın sonuna kimi yeməyimə çatacaq? Yəni doğrudan hamiləyəm? Və sonda həmişəki ənənəvi sual dolanardı beynində, Ay Allah, mən axı neyləmişəm?

İnternat divarları arasında uşaqların əksəriyyəti eyni dərdə idi. Hamı sevgiyə, nəvazişə, yeməyə və həyatın bir cox nemətlərinə ac idi.

Yadına gəlir ki, ən cox kartof qızartmasında gözü qalardı. İnternatda kartof qızartmasını cox az hallarda bişirərədilər.

İndi də kirayədə qaldığı evdə, dibi yanıq köhnə tavada kartof qızardanda balaca uşaq kimi sevinirdi, çünki hamısını özü tək yeyəcəkdi. Orada “Hamı” deyilən bir coxluğun içərisində hamı tənha idi.

Tərbiyəçilərdən hərəsinin öz xasiyyəti vardı, əsəbi, qayğıkeş, kobud, mehriban, amma heç biri ana deyildi. Heç biri təkcə onun deyildi.

Bu otaq da, tərbiyəçi qadının nəvazişi də, oyuncaqlar da, tumarlar da, tənbehlər də ümumi idi. Ən cox əzabı isə uşaqlarla birgə gəzintiyə çıxanda çəkərdi.

Cəmiyyətdə onlara şəfqətlə baxardılar. O isə bu baxışlara nifrət edirdi. Anasının əlindən tutub yanlarından keçən oğlanlara, internat geyimindən fərqli geyimdə olan qızlara, onların bol-bol kartof yeyə biləcəyi evlərə, öz “yetimçələrini” (bu sözü internatın xadiməsi Ayna xaladan eşitmişdi) nazlandıran qadın və kişilərə, ətrafında olan hər şeyə.

İnternatda nədənsə hamı pəncərə önündəki çarpayılarda yatmaq istəyərdi. O da buna can atardı.

Pəncərədən uşaq evinin yaşıl rənglə rənglənmiş darvazasına baxar və xəyallar qurardı.

Bu xəyallarda heç zaman üzünü görmədiyi anasını təsəvvür edərdi. Nədənsə anasını sümükləri çıxmış, manikenə bəzəyən , canlı asılqan qadınlar kimi yox, “Smetanovna” xamalarının üstündəki qadın şəkli kimi qırmızıyanaq, şən, totuş təsəvvür edərdi.

Amma uşaq evində keçirdiyi on bir ildə o darvazadan cəmi bircə dəfə onun doğması girdi.

O da gözlərinin altı torbalanmış, qupquru, barmaqları tütün və dəmir qoxusu verən bir kişi. Kişi onun başını dəmir və tütün iyi verən barmaqları ilə tumarladı, sonra ağlamsındı.

Bu kişi onun dayısı idi. Gedəndə ona bir qutu rəngli flamaster bağışladı, hətta vəd elədi ki, yenə gələcək. Və həmin gündən həyatının böyük bir hissəsinə çevrildi o kişinin yolunu gözləmək.

Cox gözlədi, o kişi gələnə qədər elə bilirdi ki, göbələk kimi yerdən çıxıb, göydən düşüb, fərqi yoxdur hər hansı yolla bu xaraba dünyaya gəlib. Amma o kişi ona xatırlatdı ki, haradasa doğmaları var və içində bir ümid toxumu əkdi.

Bu toxum isə rişə atıb onun nəfəsini kəsirdi. O kişinin verdiyi flamasterlərdən məktəbdə heç kimdə yox idi. Amma nə illah elədisə flamasterləri işlədə bilmədi. Qıymırdı işlətməyə.

Eləcə daxılda saxlayırdı və sonra bu flamasterlər qurudu. Bir dəfə gəzintidən qayıdanda flamasterləri tapmadı.

Xadimə qadın daxılları yığışdıranda tullamışdı. Xadimə qadın onun niyə isterikaya düşdüyünü, ürəyi gedənə qədər ağladığını heç zaman anlaya bilməyəcəkdi.

Axı bu xadimə qadının bir batalyon qohum-əqrabası (Əri demişkən qırılmışı) vardı. Dünyadakı yeganə doğmasından ona qalan son yadigarın nə olduğunu bu qadın anlamazdı.

Axşamın sərin havasını ciyərlərinə çəkdi. Oturduğu skamyaya cavan bir gəlin yaxınlaşıb, əyləşdi.

Yanpörtü oturmuş qadının yanındakı uşaq arabasında körpə var idı. Körpə nədənsə narahat idi və tez-tez var səsi ilə bağırırdı.

Az qaldı ayağa qalxıb uşaq arabasına bir təpik çəksin, ziddi zəhləsi gedirdi körpə uşaqdan. Nifrət edirdi uşaqlara, xüsusən də bir yaşına kimi, beşikdə, çarpayıda, arabada yatan, gəzməyən körpələrə.

Yeddi-səkkiz yaşı olardı, bir gün uşaq evinə uşaq götürmək üçün bir qadın gəldi. Uşaqlar elə həyəcanlı idilər ki, sözlə təsvir etmək olmazdı bunu. Rəqabət deyilən bir şeyi onda hiss etdi və qorxdu.

Bu uşaqların hər biri o qadınla getmək üçün dəridən- qabıqdan cıxırdılar. O da dolabdan nisbətən gözəl hesab etdiyi paltarını çıxartdı, ciddi cəhdlə, bapbalaca əlləri ilə paltarın qırışlarını açmağa çalışdı.

Güzgüdə solğun simasına, səliqəsiz daranmış saçlarına baxıb məyus oldu. Tez bir daraq tapıb tərbiyəçi qadına yalvardı ki, saçını darasın. Amma tərbiyəçi ona əhəmiyyət vermədi, əlində başqa iş vardı.

Böyük qızlardan biri onun saçlarını darayıb hördü. Güzgüyə bir də baxdı. Deyəsən indi özü-özünə çox gözəl görünürdü.

Gözlərində gur bir ümid işığı vardı. Az sonra bu işıq sönmüşdü. Müdirənin qadına təklif etdiyi uşaqların içində o da vardı.

Sadəcə, qadın bir neçə kəlmə ilə uşaqların ümidini qayçılamışdı. “Mən körpə uşaq istəyirəm”.

Sonralar da, uşaq arzusunda olanlar hamısı eyni sözü deyirdi. O gündən içində körpələrə qarşı kin daşımağa başladı.

Uşaq evindən çıxandan sonra Alatavada yerləşən evlərinə getdi. Ümumiyyətlə, gedəsi yeri də yox idi.

Vaxtilə onlara geniş qucaq açan uşaq evi onları yetkin yaşında taleyin ümidinə buraxırdı.

Arxasınca bağlanan yaşıl, ağır darvazalara bir daha nəzər yetirən qızın beynində yalnız bir fikir vardı, haraya gedəcəm?

Amma evi coxdan satmışdılar. İndiki ev sahibləri evi arıq, gözlərinin altı torbalanmış bir kişidən aldıqlarını deyirdilər. Bu kişi, çox güman ki, bir zamanlar ona flamaster gətirən insan idi. Bu xəbər onu cox sarsıtdı, dönüb ev sahibinə dedi:

- O kişinin əllərindən tütün və dəmir iyi gəlirdimi?

Ev sahibi bu əcaib sualdan mat qaldı. O isə sakitcə dönüb uzaqlaşdı. Və gedə-gedə hiss elədi ki, içindəki ümid yavaş-yavaş doğranıb Alatavanın iyrənc kanalizasiyə suyu axan küçələrinə tökülür.

Fikirdən ayıldı. Skamyada oturmuş qadın ciddi cəhdlə uşağı yelləyirdi. Uşaq bağırırdı, dayanmırdı. Ana qurban-sadağa gedirdi.

- Can, axı nolub, balam? Ölüm qabağında, mama qurban, sakit ol. Ay it balası, axı niyə ağlayırsın? Can, balama nə alım mən?

Əsəbləri gərginləşdi. Başı partlayırdı. Ona bir anlıq elə gəldi ki, qadın durmadan təkrar edir: “Mən körpə istəyirəm, mən körpə istəyirəm” Gözlərini yumdu, başını əlləri arasına aldı.

Dünəndən bəri narkotik qəbul edə bilməmişdi. Bir az da keçsə, isterik tutmaları başlayacaqdı.

Bayılıb küçənin ortasında çabalayacaqdı. O zibili qəbul edəndə elə bil bütün dərdi-səri göyə çəkilirdi, amma sonra daha dəhşətlə həyatın dibinə yuvarlanırdı.

Bu alışqanlıq ona oğurluq üzündən düşdüyü polis bölməsindən yadigar idi. Orda bir system işçisi onun həyatını dəyişdi. O vaxtlar hələ təmiz idi indikinə nisbətən.

Hətta görüşdüyü, sevdiyi oğlan da vardı və bu oğlan onun nə yuvanın quşu olduğunu hələ ki, bilmirdi. Vicdanında bircə oğurluq vardı, bir də körpələrə nifrət.

O polislə qaranlıq dindirmə otağındakı son dəhşətli görüşdən iki ay keçirdi. Kirayədə qaldığı evin dar, kif atmış, divarlarında tez-tez tarakanlar gəzişən, nəm otağında arxası üstə uzanmışdı.

Başı sınıq çarpayıdakı çirkli döşəyin üstündən yerə sallanır, açıq qəhvəyi, uzun saçları döşəməni süpürürdü.

Bərəlmiş gözlərində qorxu, ümidsizlik, utanc, nifrət vardı. Bəlkə də hələ kimsə bir qadın gözlərində bu qədər müxtəlif duyğuları bir arada görməmişdi.

Açıq ovcundakı hamiləlik testi ona ölüm hökmü yazılmış kağızı xatirladırdı. Qarnındakı məxluqa elə güclü nifrət duyurdu ki, az qala qarnını barmaqları ilə cırıb onu çıxarmaq istəyirdi.

Allaha hamıdan daha cox acığı tuturdu. Dünyada bir balaca körpəyə həsrət qalan insanlar varkən niyə onun boynuna düşmüşdü bu cəza. Qəfil televizorda qadınların ana olacaqlarını biləndə necə sevindiklərini göstərən epizodları xatırladı.

Birtəhər o qadınları anlamağa çalışdı, amma alınmırdı. Nəhayət bir yol tapıb körpədən can qurtardı.

Amma sanki elə o körpə ilə eyni anda içində az-cox təmiz nə varsa hamısını məhv etdilər. Oğlan isə uzaq keçmişdə qaldı. O gündən bəri yuxusuna tez-tez qana bulanmış korpələr girirdi.

Təzədən xəyallarından qopub sahildəki skamyaya qayıtdı. Uşaq bağırırdı, lap zəhləsi töküldü. Körpə özünəməxsus əda ilə ağzındakı əmziyi yerə tulladı. Ana əmziyi yerdən götürüb ayağa qalxdı. Üzünu ona tutdu.

- Ay bacı, siz Allah ikicə dəqiqə uşağa baxın, əmziyi yerə düşüb, yuyum gətirim.

Qadın onun cavabını gözləmədən uzaqlaşdı. O uşağa tərəf əyildi və diqqətlə onu nəzərdən keçirməyə başladı.

Körpənin tər-təmiz dərisi, gün işığında açıq qəhvəyiyə çalan gözləri, qırmızı ağzı o qədər məsum idi ki.

Həyatı boyu bir neçə dəfə təsadüflər dəyişmişdi taleyini. Bu dəyişikliklər hamısı belə məsum körpələrin ucbatından baş vermişdi.

Hər kəsin saf, köməksiz, yazıq zənn etdiyi bu balaca da kim bilir kimin taleyini qıracaqdı.

Bəlkə də o zaman uşaq evinə gəlmiş o insanlar körpə uşaq yerinə onu seçib aparsaydılar taleyi belə gətirməzdi. O müdhiş gecədə bətninə o günah düşməsəydi, başqa cür yaşayardı. Bəlkə, bəlkə, bəlkə…….

Bir anda ona elə gəldi ki, bütün bədbəxtçiliklərinin səbəbi bu körpədir. Uşaq ağladıqca arabada üzünün ifadəsi dəyişirdi. Dərisi qırışır, ağzı köpüklənir, göyərir, sanki şeytan sifətinə düşürdü.

O, qətiyyətlə ayağa qalxdı. Uşaq arabasına yaxınlaşdı, titrək əllərini uzadıb uşağı arabadan götürdü.

Skamyanın üzərinə qoydu və barmaqlarını kəlbətin kimi körpənin boğazına keçirdi. Körpə dəhşətlə bağırdı. Boğulan uşağın rəngi get- gedə tündləşir, səsi xırıldayırdı. Nəhayət uşağın nəfəsi kəsildi və o bihal düşüb skamyanın bir başında qaldı...

Bir azdan kimsə onu silkələdi. Bu, uşağın anası idi. O çevrilib dəhşət içində arabaya baxdı, amma körpə sağ- salamat idi. Sakitləşib yatmışdı. Üzünün mələk ifadəsi də, çəhrayı rəngi də, zəncirli əmziyi də yerində idi.

- Cox sağ olun, bacı, əziyyət verdim.

Yerindən atılıb ayağa qalxdı, dəli nəzərlərlə qadını süzdü. Gün qüruba əyilirdi, şər qarışırdı. O, başını önünə əyib həyatın dibinə doğru yollandı.