-
"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən
Faiq Əhmədov
LYUK
Elçibəyə ithaf olunur
İlıq və sakit yay axşamlarının birində professor İsa Məsihzadəni işdən evə gətirən sınıq-salxaq avtobus balaca və hüznlü Atəşabad şəhərinin girişində dayandı.
Professor avtobusdan enib qədim şəhər qapılarından içəri keçdi, hündür qala divarları boyunca uzanan, çay daşları döşənmiş dar səki ilə öz birotaqlı mənzilinə- tənhalığın görüşünə yollandı.
Yox, yox, “professor” sözü sizi çaşdırmasın, qəhrəmanımız saçı-saqqalı ağarmış, yorğun və bir az da əfkarlı qoca deyil, onun otuz üç yaşı var, vur-tut otuz üçcə yaşı.
Əslinə qalsa, İsa Məsihzadə heç professor da deyil, adicə elmi işçidir, Antropoloji Araşdırmalar Mərkəzinin siravi əməkdaşı.
Əlbəttə, ürəyi elm həvəsi ilə döyünən bu gənc alimin gələcəkdə, özü də hansısa uzaq gələcəkdə yox, lap elə bu yaxınlardaca professor adını rəsmiləşdirəcəyi heç kimdə şübhə doğurmur.
Açığı, bunun Atəşabad sakinləri üçün bir o qədər də əhəmiyyəti yoxdur; onlar üçün elmlə məşğul olan hər kəs “professor”dur, vəssalam.
Bu vəziyyət İsa Məsihzadəni qətiyyən narahat etmir, əksinə, bir az xoşuna da gəlir.
Professor Məsihzadə 33 illlik həyatının son yeddi ilini böyük həvəs və həyəcanla çox ciddi bir işə - qədim Atəşabad şahı Qaramat Şaturun kanalizasiya xətlərinin inşası zamanı, sırf təsadüf nəticəsində aşkarlanmış kəllə sümüyü üzərində elmi araşdırmalara sərf etmiş, xeyli elmi dəlillər toplamış, bir sözlə, qədim atəşabad xalqının əfsanəvi hökmdarı Qaramat Şaturun müqəddəs ruhu qarşısında öz borcunu qismən də olsa, ödəmişdir.
Düzünü desək, gənc alimin 1501 səhifəlik tədqiqat işi həmkarları tərəfindən birmənalı qarşılanmamış, hətta bəziləri bunu mənasız zaman itkisi adlandırmışdı.
Söhbət ondan gedir ki, əfsanəvi hökmdar Qaramat şahın kəllə sümüyü öz formasına görə atəşabad xalqının kəllə skeletindən tamamilə fərqlənir. Hələlik dünya arxeologiya elminə bu cür formaya malik ikinci bir kəllə sümüyü tanış deyil.
Kəllə skeletinin özünəməxsusluğu ondan ibarətdir ki, o, üst tərəfdən içəriyə doğru nə az, nə çox, düz 4 barmaq batıqdır; bir növ ürək simvolunu xatırladır.
Məsihzadə də öz araşdırmalarını məhz bu yöndə aparmış, kəllə sümüyünün bu qəribə formasını əsas götürərək onu yadplanetlilərlə əlaqələndirmiş, bu iddiasını müxtəlif elmi dəlillərlə sübut etməyə çalışmışdır.
Tədqiqatlar yekunlaşdıqdan sonra isə gənc alimin yanıldığı üzə çıxmışdır, demə, bu haqda elə Qaramat şahın avtobioqrafik şeirlənin birində dolğun informasiya varmış.
Şair-hökmdar yazırmış ki, mən uşaqkən evin damından başı aşağı yıxılmışdım və başım yamanca əzilib.
Onu da qeyd edək ki, Qaramat şahın dünya tarixində hansı rol oynaması hələlik elm aləminə qaranlıq qalır, - yeri gəlmişkən, professor Məsihzadə gələcək tədqiqatlarını məhz bu yöndə aparmaq niyyətindədir- hələlik isə o, daha çox lirik şeirlər müəllifi kimi məşhurdur.
Əfsanəvi hökmdarın mavi kəpənəklər haqqında yazdığı silsilə şeirlər xüsusən diqqətəlayiqdir.
İsa Məsihzadə həm də çox xeyirxah insandır. Atəşabadlılar belə adamlar haqqında deyirlər:
“O, heç qarışqanı da tapdamaz”.
Məsihzadə, doğrudan da, qarışqaları çox sevirdi; hər istirahət günü parka yollanar, qarışqa yuvalarını axtarıb tapar, çör-çöp qırıntılarını yuvaya daşıyan qarışqalara kömək edərdi.
O, həmin çör-çöpləri qarışqaların kürəyindən götürüb düz yuvanın qabağına qoyardı. Evdən çıxarkən qarışqalara şəkər gətirməyi də unutmazdı.
Cibindən çıxardığı şəkər parçasını ağzında isladıb yuvanın kənarına qoyar, sonra isə qarışqaların şəkərə daraşmasını maraqla seyr edərdi; bir anın içindəcə bütün yorğunluğu çıxardı. Hə, bax bu cür adam idi İsa Məsihzadə .
Axşamlar birotaqlı, kasıb mənzilində dərin-dərin xəyallara dalar, insanlara yaxşılıq etməyin yollarını axtarardı. Məsihzadənin bircə həyat amalı vardı: öz xalqına layiqli övlad olmaq, vəssalam.
Qəhrəmanımızı öz həyatına laqeydlikdə günahlandırmaq yersizdi, axı söhbət doğma xalqına xidmətdən gedir. Hələ yeddi il əvvəl, məlum araşdırmalara başlayarkən özünə söz vermişdi ki, bundan sonrakı həyatını bütünlükdə öz xalqına, onun şanlı tarixinə həsr edəcək.
Həmin ilıq və sakit yay axşamı qədim qala divarları boyu uzanan, çay daşları düzülmüş dar səkiylə öz birotaqlı evinə- tənhalığın görüşünə yollananda da elə bu haqda düşünürdü Məsihzadə.
O axşam içəridəki bürküdən qaçaraq giriş qapısının kəndarında oturub donlarının ətəkləri ilə özlərini yelpikləyə-yelpikləyə qeybət edən arvadların qabağından keçə-keçə öz evinə tərəf addımlayarkən Məsihzadənin heç ağlına da gəlməzdi ki, bir azdan - ilk döngədən burulan kimi başına gələcək bu qəribə hadisə bütünlükdə onun həyatını dəyişəcək...
O, tindən burulub evinin yerləşdiyi küçəyə girdi. Elə bu an... Lənət şeytana!
Məsihzadə gözünü açanda o qədər də dərin olmayan kanalizasiya lyukunun içində idi. Tfuu! Çoxdan idi ki, Məsihzadənin həyatında bu cür ciddi hadisə baş vermirdi. Professor bir müddət beləcə gözlədi, sanki nə baş verdiyini anlamağa çalışdı.
Hə, aydındı, lyukun qapağını saxlayan iki balaca qarmaqdan biri sınıb...
Birtəhər dırmaşıb lyukdan çıxmağı bacardı. Yalnız indi sağ dizində dəhşətli sızıltı hiss etdi, deyəsən, sol topuğu da yamanca burxulmuşdu. Eybi yox, kişinin başına iş gələr!
Şalvarının sağ balağını düz dizinin üstünə qədər çirmələyib yaranı təftiş etdi. Bədənindən süzülən tər damcısı yaranın üstünə düşəndə sızıltı bir az da şiddətləndi.
Sıyırılmış dərini yerinə dartıb üstündən bərk-bəkr basdı, sızıltı bir azca səngiyən kimi oldu. Sonra ayaqqabılarını çıxarıb topuğunu gözdən keçirdi, sınığın olub-olmamasını dəqiqləşdirmək üçün ağrıya məhəl qoymadan sol ayağını bir–iki dəfə oyan-bu yana oynatdı. Hmm, deyəsən, sınıq yoxdu, amma yaman gücə düşüb! “Yaxşı ki, sabah bazardı”- düşündü Məsihzadə- “Dincələrəm, keçər...”
Birdən Məsihzadənin içini dəhşətli bir narahatlıq bürünü: bəs qarışqalar?! Axı sabah qarışqalara şəkər aparmalı idi. Narahatlıq ayaqlarının ağrısını unutdurdu...
Küçənin o başında bir qoca göründü. O, çəliyini qabağa uzadıb qarşıda hansısa maneənin olub-olmadığını müəyyənləşdirməyə çalışırdı, deyəsən, kor idi.
Qoca Məsihzadənin böyründən keçib getdi... Axı qabaqda lyuk var! Bu qoca lyuka düşsə, nə olacaq?! Çətin ki, ordan sağ çıxa! Yox, mütləq kömək etmək lazımdı! Məsihzadə qocanı arxadan səslədi:
-Ehtiyatlı olun, lyukun qapağı xarabdı!
Ona elə gəldi ki, kişinin qulaqları da ağır eşidir. Yox! Hər şeyi taleyin ümidinə buraxmaq olmaz!
Odur ki, professor ağrılarına məhəl qoymadan yüyürüb kişidən əvvəl lyukun yanında dayandı.
Qocanın qolundan tutub onu ötürdü.
Məsihzadə yenidən evə yollanarkən içində daha bir narahatlıq baş qaldırdı: görəsən, daha heç kim gəlmir ki? İndi ayağındakı ağrılar, demək olar ki, heç yadına da düşmürdü.
Yavaş-yavaş evə tərəf addımlayır, arabir geri dönüb lyuka tərəf boylanırdı. Artıq həmin yerdən xeyli uzaqlaşmışdı. Birdən uzaqdan velosipedli bir qız uşağı göründü.
10-12 yaşı ancaq olardı. Fikirləşməli heç nə yox idi! Məsihzadə etməli olduğunu etdi: tez yerindən götürüldü, gəlib düz lyukun qabağında dayandı və uşağı gözlədi.
Qollarını aralayıb yolu kəsdi, qız Məsihzadənin yanına çatanda burulub kənardan keçməli oldu və deyəsən, öz-özünə deyindi:
-Yekəbaş!
Məsihzadə qızcığazın sözünü eşitmədi, eşitsəydi belə, yəqin ki, qətiyyən narahat olmazdı, çünki onun başı heç də böyük deyildi.
Professor bir müddət beləcə dayandı. Xeyli fikrə getdi, heç cür qərar verə bilmədi ki, evə getsin, yoxsa dayanıb burdaca gözləsin.
Nəhayət, qərar qəbul edildi: göz görə-görə heç kimi təhlükəyə atmaq olmaz! Gözləmək! Mütləq!
Bir az əvvəlki qərarsızlığına görə özünü bərk qınadı. Vicdanlı adam belə vacib qərarlarda tərəddüd etməməlidir! Bir az sonra ordan yaşlı bir qadın keçəndə öz qərarının doğruluğuna bir daha əmin oldu...
Hava qaralmışdı. Təxminən, bir saat idi ki, Məsihzadə burda, bu qapağı xarab lyukun böyründə keşik çəkirdi, özü də ayaq üstə. Sol topuğu möhkəm ağrıyırdı.
Ona görə elə ordaca - lykun böyründə oturmaq qəranına gəldi. Kürəyini divara söykəyib xilas edəcəyi növbəti Atəşabad sakinini gözləməyə başladı...
Səhər o başdan Məsihzadə süpürgəçilərin səsinə oyandı. Sol topuğu yamanca şişmişdi, ayağını azca tərpətməyə cəhd etdi, yenidən dəhşətli ağrı ilə üzləşdi. Süpürgəçi qadın onun yanına çatanda öz-özünə dedi:
-Avara köpəy uşağı!
O, qadının sözlərini eşitsə, də özünü eşitməzliyə vurdu, əvəzində qadını təhlükə haqqında məlumatlandırmağı özünə borc bildi:
-Xanım ehtiyatlı olun, lyukun qapağı xarabdı!
Qadın bir müddət Məsihzadənin üzünə baxdı, onu başdan-ayağa diqqətlə süzdü, sonra süpürgəsini yanına dayayıb əllərini havada yellədi, professorun başına kül ələyib öz işinə davam etdi. Qadın bütün bunları elə qəribə ciddiyyətlə etdi ki, professoru gülmək tutdu. Əhvalı bir azca düzəldi və qadına təşəkkür etməyi unutmadı:
-Allah sizi güldürsün, kefim yerinə gəldi...
Və elə həmin gün Məsihzadə burdaca gözləyib yoldan keçənləri təhlükədən xəbərdar etmək qərarına gəldi. Həyatı boyu heç bircə dəfə də həmin qərarın doğruluğuna şübhə etmədi.
Əksinə, hər dəfə ordan keçənlərə “Ehtiyatlı olun...” dedikcə insanlar üçün necə böyük yaxşılıq etdiyinin, bu gözəl duyğunun sehrinə qərq oldu.
Bax beləcə, Məsihzadə düz 40 il orda, o lyukun böyründə oturub insanları xilas etdi. Yayın günəşi başını dəldikcə, payızın yağışında islandıqca, qışın qarı canını üşütdükcə daha da əzmlə dayandı o lyukun yanında.
Saqqalı uzandı Məsihzadənin. Çal saçları çiyinlərinə töküldü. Əyinindəki nimdaş köynəyi bir az da köhnəldi. Getdikcə Məsihzadə bu küçənin bir parçasına çevirildi.
Gözü öyrəşdi adamların bu mənzərəyə. Bir müddət sonra artıq heç kim onun fərqinə varmadı. Burda, divarın dibində oturub “Ehtiyatlı olun...” deyən adam onlara qəribə görünmədi.
Bax beləcə, hər gün ordan keçən adamlar lyukun yanına çatanda burulub kənardan keçməyi öyrəndilər.
Uşaqlar daşa basdılar bu qəribə və ziyansız adamı. Məsihzadə bunu uşaq şıltaqlığı kimi qiymətləndirdi, bu məsum varlıqların oyuncağına çevirilməkdən mənəvi zövq aldı.
Atılan daşları səliqə ilə yığıb saxladı ki, sabah uşaqlar yenidən ona atmaq üçün daş axtarmasınlar.
Yoldan ötən mərhəmətli adamlar quru çörək qoydular onun qabağına, qışda köhnə-köşkül paltar gətirib atdılar üstünə. Hər dəfə də Məsihzadə təşəkkür etdi bu mərhəmətli həmvətənlərinə və təbii ki, təhlükə haqqında xəbərdar etməyi də unutmadı:
-Ehtiyatlı olun, lyukun qapağı xarabdı.
İlıq və sakit yay axşamlarının birində Məsihzadə öldü. Elə orda, o lyukun böyründə. Səssiz-səmirsiz. Həmvətənlərini narahat etməməkçün cıqqırığı da çıxmadı.
Səhər o başdan işə tələsən adamlar bomj cəsədi ilə qarşılaşdılar. Bir anın içindəcə elə səs-küy qopdu ki, hər tərəfdən adamlar axışıb gəldilər bu lyukun yanına. İki əliylə lyukun ağzını qucaqlayıb ölmüş bu adama heyrətlə baxdılar. Səhəri gün Atəşabadda çıxan bütün qəzetlər Məsihzadə haqqında geniş məqalələr dərc etdilər.
Lyukun ağzını qucaqlayıb ölmüş bu qəribə adamın fotosu bəzədi qəzet səhifələrini. İnsanlar uzun müddət cəsədin üzündəki qəribə ifadədən danışdılar; kimi dedi ki, ölərkən gülümsəyib, kimi dedi ki, yox, nəsə narahat gedib bu dünyadan.
Heç kim bilmədi ki, nədən narahat idi bu adam. Heç kim bilmədi ki, bu 40 il ərzində Məsihzadəni bircə şey narahat edirdi: “Görəsən, qarışqalara şəkər verən olacaqmı?”
Həmin gecə, can verərkən isə bu narahatlığa başqa biri də əlavə edilmişdi: “Görəsən, məndən sonra yoldan keçənləri təhlükə barədə kim xəbərdar edəcək?”
Bax belə... Məsihzadənin cəsədini kimsəsizlər qəbiristanında dəfn etdilər...
Məsihzadə ölən günün səhəri o lyuka başqa bir adam da düşdü, sağ dizi yamanca sıyrıldı bu adamın, sol topuğu isə bərk burxuldu.
Bağırmağa başladı, elə səs-küy qopardı ki, bütün şəhər yığışdı başına. Şəhər sakinləri lyukun qapağını təmir etmədiklərinə görə aidiyyatı qurumları qınadılar.
Heç bir saat keçmədi ki, şəhər bələdiyyəsi iki fəhlə göndərdi həmin yerə, lyukun qapağını yenisiylə əvəz etdilər. İndi həmin lyukun yanında- divarda belə bir lövhə vurublar:
“Atəşabad sakinləri fadakar insan İsa Məsihzadəni hörmətlə yad edirlər”.
İşdi, yolunuz Atəşabada düşsə, gedib öz gözünüzlə görə bilərsiz.