Rəşid Bərgüşadlının 20-liyə düşməyən hekayəsi

Rəşid Bərgüşadlı

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.

Rəşid Bərgüşadlı

DOSTUM "QULAM"

Elat köçəndə bir çobandan almışdım bu küçüyü. Sol gözünün üstündə qara qaşqası vardı.

Elə küçüklüyündən bir şirinlik vardı üzündə.

Qonşu illah elədi ki, – “Quyruğunu və qulaqlarını kəsməsən, bundan it olmayacaq”.

Özümə sitəm elədim, qoymadım itimə əl vurmağa. Mənimlə birgə böyüdü, bir-birimizə o qədər isinişdik ki, mənsiz qalanda yolağanın ağzını kəsdirib dururdu.

Bir dəfə evdə kimsə olmayanda onu otağa salmaq istədim – yatağımı, kitablarımı, sevdiyim qızın şəklini göstərmək, qıza yazdığım sevgi məktubunu ona oxumaq üçün.

Girmədi. Bildi ki, qardaşım və anam onun evə girməyinə razı deyillər. İsrar etmək istədim, şalvarımın balağından yapışıb məni eşiyə dartırdı, – “Gəl çöldə oynayaq” – deyirdi. Evimizi qoruyan keşikçiydi o.

Ona görə də adını Qulam qoymuşdum. Bir dəfə Qulam adlı kişi gördüm, onda istəmişdim adını dəyişim – bir-iki gün “Bobik” çağırdım – gördüm ki, devikib üzümə baxır, yəni, – “Bobik hardan çıxdı?!” – demək istəyirdi.

Mən orta məktəbi bitirib ali məktəbə sənədlərimi vermişdim.

On gündən sonra qəbul imtahanlarım başlayası idi. Əsas fikrimi kitablara cəmləmişdim deyə, Qulamla az vaxt keçirməli olurdum.

Bir dəfə gördüm ki, ləhləyə-ləhləyə yolağanın ağzında uzanıb. Sığallamaq istəyəndə baxdım ki, yaralıdır – başqa itlərlə boğuşubmuş. Xeyli arıqlamışdı. Yal düzəltdim, yemədi.

Yorğun gözləriylə məni xeyli süzüb məhlədən çıxdı. Nə qədər çağırdımsa, geri dönmədi. “Nə olub buna!?” – heyrət qalmışdım dostumun davranışına. Arxasınca düşdüm.

Uçuq kalafalardan birinə girdi. Uçuq bacadan baxdım ki, bir qancıq uzanıb balalarını yalayır, Qulam da üzünü qancığa sürtür.

“Ay səni, xatakar! Sən nə vaxt aşiq oldun!? Sən bir bunun balalarına bax...”.

Yaxınlaşıb hələ də gözləri açılmamış küçükləri sığallamaq istəyəndə, qancıq üstümə mırıldandı. Qulamın necə hirsləndiyini görəydiniz... – qalxıb qancığın üstünə hirsləndi, – “Səni iti qovan kimi qovaram, dinc dur, o mənim dostumdur!” – deyirdi. İt deyildi elə bil, qeyrətli bir kişiydi mənim Qulamım. Evə qaçdım.

İri bir ləyəndə yal düzəltdim, gətirib qabaqlarına qoydum. İki sevgili ləyəni boşaldıb bir-birinin ağzını yalayanda öz sevdiyim qızı xatırladım.

Nə vaxtdandır düz-əməlli eşq məktubu yazıb sirrimi ona aça bilmirdim. İndi isə eşitmişdim ki, artıq başqasına deyiklidir.

Dostum məndən fərasətli çıxmışdı. Küçüklər ayağıma dolaşırdı. Onlar indi mənə də doğma idi. Onları sığalladıqca, Qulam da mənim əlimi yalayırdı, – “Çox şirindirlər, hə..?” – deyirdi.

Onları bu kalafada qoysaydım, bit-birə darışacaqdı. Karton yeşikdə onları həyətə daşıdım. Anaları yolağaya qədər gəldi, içəri girməyə çəkinirdi - deyəsən "ismətli gəlin olacaq" - düşündüm.

Qulam da ev sahibi kimi özünə sitəm edirdi ki, – “Di az naz elə! Çəkinmə, öz evimizdir!”. Amma “gəlin” tərslik edirdi. Üstünə çox getmədim.

Yeşiyi yolağanın ağzına qoydum ki, anası da məhləyə isinişsin. Sərin düşənədək balalarının başının üstündən çəkilmədilər. Onlara toyuq hinimizin yanında daxma düzəltdim.

Öz evlərini görəndə “ər-arvad” elə xoşbəxt idilər ki... Əlimi-ayağımı yalamaqdan doymurdular. Dostlarım küçüklərdən bir-ikisini götürmək istədilər, vermədim – heç qıyardımmı dostumun övladalarına...

Bakıya yola düşürdüm – imtahanlara. Axşamdan kostyumumu 5-6 dəfə geyib çıxarmışdım.

Qulam qüssəliydi – ürəyinə dammışdı ki, sabah ayrılacağıq. Ha könlünü almaq istədim, bir nəticəsi olmadı. “Vallah, həmişəlik getmirəm. Uzağı bir həftəyə qayıdacağam” – desəm də, gözünün yaşı dayanmırdı.

O gecə bir-iki dəfə çölə çıxdım – heç görmədiyim Bakının həyəcanı indidən məni basmışdı.

Hər dəfəsində də onu qapının ağzında uzanan gördüm – daxmasına da getməmişdi. Dalıma da düşmürdü – küsmüşdü məndən...

Sabah ertədən yolun qırağında avtobus gözlədiyim müddətdə Qulam gözümə dəymədi, – “Yəqin yuxusuzdur, yatır” – düşündüm. Anamgillə vidalaşıb “İkarus”a mindim.

Pəncərədən ha baxdımsa Qulamı yenə də görə bilmədim. Avtobus kəndin ortasına çatanda, bir də gördüm ki, Qulam bütün ailəsiylə – tısbağa tirə düzülən kimi düzülüb yolun qırağına.

Maşın onların qənşərinə çatanda avtobusa cumdu – az qalmışdı təkərlərin altında qalsın. Pəncərədən nə qədər üstünə çımxırdımsa, əl yellədimsə də xeyri olmadı.

Beş toppuş küçük də analarının dalınca düşüb yorturdular. Balacalar tez yoruldu. Anaları da balalarının yanında qalmağa məcbur oldu.

Amma Qulam biz kəndi çıxana qədər avtobusun təkərlərini dəli kimi gəmirə-gəmirə maşını saxlamaq istəyirdi. Sürücü, – “Çər dəymiş itin yavalığına bax ey sən! Yeyəsi ölmüş!” – deyəndə ürəyimə elə bil biz soxdular. Tərəddüddəydim, – “Yoxsa düşüm?” – deyə... Qonşu kəndi keçirdik, Qulam hələ də avtobusdan əl çəkmirdi.

Bir xeyli sonra taqətdən düşdü – avtobusdan geri qaldı. Arxa pəncərəyə keçdim.

Aman Allah, o, dili bir qarış çöldə hələ də dalımızca qaçırdı! “Əl çəkən deyil” – mızıldandım. “Ürəyi partlayanadək dalımca qaçacaq” – bundan əmin idim. Sürücüyə səsləndim, – “Saxlayın maşını!”. Sürücü geri boylanıb, – “Nə?! Düşürsən?”. “Hə! Getmirəm, düşürəm!” – dedim. Avtobusu yolun kənarına verib saxladı. Çamadanımı da götürüb düşdüm. Qulam mənə çatanda qan-tər içindəydi.

Dilini yığıb-yığışdıra bilmirdi. Ürəyi partlamaq üzrəydi. Onun boynunu qucaqladım, – “Di sakitləş, getmirəm...” – deyəndə yazıq-yazıq zingildədi, üzümü yaladı. Sürücü qapıdan səsləndi, – “Nə qərara gəldin, gedirsən, ya qalırsan?”. İt sürücüyə hürdü. Güldüm, – “Görmürsünüz, icazə vermir, qoymur” – dedim”. Sürücü qapını örtüb yoluna davam elədi.

Payi-piyada əlimdə çamadan, əynimdə təzə kostyum geri döndük.

Qulam sevindiyindən bilmirdi neyləsin – elə hey şitənirdi. Küçüklərin yanına çatanda baxdım ki, üst-başımı tamam toz-torpaq edib. Küçüklər bizi görən kimi üstümüzə cumdular.

Anasının isə heç tükü də qımıldanmadı. Yəqin, Qulamın onu atdığına inciyib – dişilər hər nə olursa olsun, qısqanc olurlar axı...

Qulam da onu soyuq qarşıladı – “Küsürsən, cəhənnəmə küs! Mən istədiyimə nail oldum!”unu gözündən oxuyurdum.

Üst-başımı toz-torpaq içində görəndə evdəkilər əvvəlcə qorxdular. Amma məsələdən agah olandan sonra ikiəlli mənə, – “Al e, kül olsun sənin sərək başına!” dedilər.

Atam, hələ Qulama yağlı bir təpik ilişdirdi. İt zingildəyə-zingildəyə öz daxmasına qaçdı. Bu, Qulama qarşı ilk təhqir idi – indiyədək bu evdə onun xətrinə dəyən olmamışdı.

Əynimi dəyişdim və bir neçə gün valideynlərimin, qardaşımın tənəsinə dözməli oldum.

Ancaq bir gün eşitdik ki, sən demə mən mindiyim “İkarus” avtobus yolda yük maşınıyla toqquşub və iki nəfər sərnişin vəfat edib.

Bu sirrə hamımız məəttəl qalmışdıq. “Necə ola bilər ki, Qulam bu fəlakəti duya bilibmiş?”. Mən indi həyatımı Qulama borcluydum. Atam Qulama vurduğu təpiyin əvəzinə indi onu gündə yüz kərə sığallayırdı, – “Keç günahımdan, Qulu. Mən nə bilim ki, sən nələr çəkirmişsən? Allah balalarını saxlasın...” – deyirdi.

Aradan çox keçmədi. Küçüklər böyüdü. Əvvəlcə anaları, sonra da bir-bir özləri Qulamı tərk etdi. Analarını başqa bir itlə yavalıq edəndə görmüşdük. Qulam bundan çox sarsılmışdı.

Bu dərd onu sürətlə qocaldırdı... Mənimlə qoyun nobatına gedəndə artıq əvvəlki kimi kəklik-dovşan dalınca yüyürmürdü. Vaxtının çoxunu uzanıb dincəlməklə keçirirdi.

Atam dünyasını dəyişəndə ürəyimin qübarını boşaltmaq üçün qəbiristanlığa tək gedərdim, doyunca ağlayıb içimi boşaldardım.

Mən evə qayıtsam da, Qulam məzarın yanında xeyli ləngiyərdi.

Elə bil ölümün haqq olduğunu anlamışdı. Atamı dəfn edəndə görmüşdü və elə bilirdi ki, bir gün torpağı qaldırıb qalxacaq, yenə də onu sığallayacaqdır.

Bir gün Qulamı görmədim. Ha səslədim, axtardım onu tapa bilmədim. Axşamüstü qonşumuz Əbdül kişi dedi ki, – “Qəbirüstünə getmişdim, Qulam atanın məzarı yanında keçinib”. İçim sarsıldı, dünyam qaraldı, evim yıxıldı bu xəbərdən.

Külüng-bel götürüb qəbiristanlığa yollandım. Zavallı Qulamım atamın sinədaşına qısılıb ölmüşdü.

Cansız Qulamı qucağıma alıb qəbiristanlıqdan çıxardım. “Papaq” təpəsinin üstündə məzar qazdım və əziz dostumu dəfn etdim. İndi hər dəfə qəbirüstünə çıxanda Qulamı da hüznlə ziyarət edirəm.

O, bu dünyada məni anlayan ən yaxın və sadiq dostum idi...