"Mən belə könüllü əsarəti heç bir azadlığa dəyişməzdim"

Vəfa Mürsəlqızı

-

"Bu ilki şeirlərin də içərisində şeirdən daha çox mətni xatırladan nümunələr oldu, amma onluğa düşən şeirlərin çoxu buna layiqdir".

Iki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksələn Vəfa Mürsəlqızı (Qafarova) ilə müsahibə

- Vəfa xanım, bildiyim qədəriylə ədəbi mühitdə bir-neçə ildir ki, varsınız. Şeir yazmağınızın və bunu cəmiyyətə etiraf etməyinizin bir tarixçəsi varmı?

- Əslində ilk dərc olunan yazım on dörd yaşıma təsadüf edir. Sumqayıt şəhərinin ədəbi orqanı olan “168 saat” qəzetində “Məktəb mənim həyatımdır” adlı oçerkim çıxmışdı.

Ədəbiyyata uşaq vaxtından böyük marağım olub, baxmayaraq ki, gəlib sonunda riyaziyyatçı oldum.

Mən ədəbiyyata hər zaman ciddi yanaşmışam, elə bu səbəbdən də lazımınca zaman ayıra biləcəyim məqama qədər gözlədim. 2012-ci ildə “Araz” nəşriyyatında “Payız sevgisi” adlı ilk kitabım nəşr olundu. İkinci kitabım hekayələr və şeirlər toplusu -“Mələk kölgəsi”- 2014-cü ildə işıq üzü gördü və mən sizin dediyiniz kimi etirafımı etdim.

Nəsrlə də məşğul oluram və hətta ötən il Mahmud Kaşğarlı hekayə müsabiqəsinin ödülünü qazanmışam.

Ədəbi mühitdə görünüb-görünməməyim isə düzü mənim üçün bir o qədər də vacib olmayıb. Məni narahat edən mövzuları, başqalarının ağrılarını yazmağı sevdiyim üçün yazmışam. Düzü, buna bir missiya kimi də baxmıram, sadəcə yazmağı və oxunmağa layiq olan hər şeyi oxumağı çox sevirəm.

- Sizcə, şairlərimizin durmadan əzablardan, yalnızlıqdan, həyatın çətinliklərindən şeirlər yazması psixoloji olaraq gərgin vəziyyətdən xəbər vermirmi? Yəni sözümün canı, özünü nikbin şeirlər yazmağa kökləmək niyə belə çətindir?

- Balzak deyirdi ki, həddini aşan sevincə söykənmək, ən ağır əzəba söykənməkdən çətindir. Mənim fikrimcə, insanlar sevinci bölüşməyi bir o qədər də sevmirlər.

Yəni xoşbəxtlik duyğusu əsrara bənzəyir və onun təsirindən dumanlanmış idrak yalnız oz hisslərini yaşamaqla məşğul olur.

Əksinə insan özünü bədbəxt hiss etdikdə hisslərini fərdlərlə bölməyə və cəmiyyətə bildirməyə meylli olur. Yenə də Balzakın sözü ilə desək, iztirab sonsuzdur, sevincin isə həddi var.

Gənclərin psixoloji gərginliyinə qaldıqda isə bu gün bəzi problemlər var ki, həqiqətən də bizi sıxır və gərgin vəziyyətdə saxlayır. Amma mən bilirəm ki, insan çox xoşbəxt olduqda belə qəmli şeirlər yaza bilər və bu heç də sünilik deyil.

- Şeirimizin Şərq şeiri ilə hələ də olduqca möhkəm bağlarla bağlanmasının onu yenilənməkdən saxladığını düşünürsünüzmü? Məsəlçün, hələ də Qərbdə istifadə olunan şeir mövzuları bizdə diqqətdən kənarda qalır. Şeirimiz əsasən sevgi, həsrət və bir də zəmanədən şikayət üzərində qurulub...

- Şeirimizin Şərq şeiri ilə bağlarının olması bizim şərqli olmamızla, düşüncə tərzimizin Şərq düşüncə tərzinə uyğunluğu ilə bağlıdır sanıram. Və biz heç zaman bu çərçivədən tamamilə çıxa bilməyəcəyik, çünki qabığımız necə görünürsə görünsün daxilimizdə şərqli yatır.

Mövzuya qaldıqda isə məişətimiz necədirsə, nə yaşayırıqsa təbii ki, onu da yazırıq. Yaşantımızın xaricində olan mövzuları yazsaq, bəlkə də süni alınar. Elə yazmaq lazımdır ki, həm özümüz olaq, həm də biz Qərbi necə maraqla oxuyuruqsa,

Qərb də bizi eləcə maraqla oxusun. Axır nəticədə insanlar müxtəlif olsa da duyğular bütün dünyada eynidir. Biz Qərbə şərqli düşüncəsi, təfəkürü ilə maraqlıyıq.

- Bir qədər“Ədəbi Azadlığın” onluğuna düşən “Yazıq Gülnar”şeiriniz haqda danışaq. Sizcə, qadın azadlığı Azərbaycanda hansı həddədir və gülnarların olmaması üçün şairlərin üzərinə hansı missiya düşür?

- İnsanlara təsir etməyin bəlkə də ən optimal yolu ədəbiyyatdan keçir. Bu gün Azərbaycanda təəssüf ki, öz hüquqlarını bilməyən və cəmiyyətdə demək olar ki, heç bir funksiya daşımayan qadınlarımız da çoxdur .

Qadın azadlığı deyə səsimizi yüksəltsək də, mən bir qadın olaraq bilirəm ki, qadınlar əslində əsarətə meyllidirlər, amma bir şərtlə ki, bu əsarəti könüllü və sevdikləri adamdan qəbul etsinlər.

Azərbaycandakı ümumi mənzərəyə gəldikdə isə məncə, ziyalı və daha geniş təfəkkürə malik qadınların azadlıqla elə də bir problemi yoxdur. Amma hər şey öz yerində qadın o zaman əsl qadın olur ki, özünü xanım hiss edə bilir və yanında ona bunu daima xatırladan kişi olur. Mən belə könüllü əsarəti heç bir azadlığa dəyişməzdim.

- Deyəsən, “Ədəbi Azadlıq”da birinci dəfədir onluğa düşübsünüz. Onluqda kimin şeirlərini ilk yerlərə iddialı görürsünüz? Öz şeirləriniz necə, sizcə ilk yerlərə düşəcəkmi? Ümumiyyətlə, bu ilki müsabiqədəki şeirlərin səviyyəsi sizi razı saldı?

-“Ədəbi Azadlıq” müsabiqəsində ilk dəfədir iştirak edirəm. Mənim üçün gözəl şeirin müəllifi vacib deyil. Müsabiqədə iştirak edən yoldaşlarımın əksəriyyətinin şeirləri ilk onluğa düşübsə bu artıq göstəricidir.

Şeirlərimin müsabiqədə uğur qazanacağına ümid edirəm və təbii ki, hər kəs müəyyən çərçivədə iddialıdır. Bu ilki şeirlərin də içərisində şeirdən daha çox mətni xatırladan nümunələr oldu, amma onluğa düşən şeirlərin çoxu buna layiqdir.

Onluğa keçməyən yoldaşlarımdan Faiq Hüseynbəylinin, Günel Eyvazlının, Günay Səma Şirvanın maraqlı şeirləri vardı.

Hər kəsə uğurlar arzulayıram! İddialı olmaq yox, layiq olmaq şərtdir.