Hüquq müdafiəçisi Bakıya buraxılmadı

Britaniyanın Platform London təşkilatından Emma Hughes AzadlıqRadiosuna deyib ki, Bakıya Avropa Oyunlarını işıqlandırmağa gəlirmiş. Aeroportda ona deyiblər ki, adı qara siyahıya salınıb

-

Britaniyalı hüquq müdafiəçisi deyir ki, iyunun 9-da Azərbaycana buraxılmayb. O, Bakı aeroportunda saxlanıb.

Britaniyanın Platform London təşkilatından Emma Hughes AzadlıqRadiosuna deyib ki, Bakıya Avropa Oyunlarını işıqlandırmağa gəlirmiş. Aeroportda ona deyiblər ki, adı qara siyahıya salınıb.

Hughes Azərbaycanda insan haqlarının durumunu, eləcə də BP şirkətinin Prezident İlham Əliyev hökuməti ilə biznes əlaqələrini vaxtaşırı tənqid edənlərdəndir.

“Məni bayaqdan terminalda saxlayıblar,” Hughes deyib. İmmiqrasiya rəsmiləri ona bildirib ki, Bakıdan təyyarə ilə yola salınmaq üçün iyunun 11-dək gözləməli ola bilər.

Qərb rəsmiləri və insan haqları qrupları Azərbaycanı hökumətini opponentlərinə, jurnalistlərə və QHT-lərə qarşı təzyiq kampaniyası apardığı üçün tənqid edir. Ölkədə 100 “siyasi məhbus”un olduğu bildirilir.

İyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında isə 50 ölkədən 6 min atlet yarışacaq.

Hughes AzadlıqRadiosuna deyib ki, Azərbaycana buraxılmamasından təəccüblənib. Belə ki, ona akkreditasiya verilib və bilet alıb.

“Ölkəyə daxil ola biləcəyimi gözləyirdim, çünki mənə akkreditasiya vermişdilər və bilet satmışdılar”.

Hughes deyir ki, səfəri zamanı həbsdə olan insan haqları fəalı Rəsul Cəfərov da daxil olmaqla insan haqları müdafiəçilərinin işini monitorinq etməyi planlaşdırırmış. Cəfərov siyasi saydığı ittihamlarla 6.5 il azadlıqdan məhrum edilib.

Human Rights Watch təşkilatının tədqiqatçısı Giorgi Gogia da martda Azərbaycana buraxılmayıb, Bakı aeroportunda 31 saat saxlanıb.

Hughes Azərbaycana buraxılmayan gün hökumətyönlü APA agentliyi Platform London təşkilatını Britaniyanın böyük media orqanları ilə birlikdə Avropa Oyunlarını gözdənsalma kampaniyasından iştirakda, oyunların sponsor BP şirkətinə təzyiq göstərməkdə qınayan məqalə dərc edib.

“Masaya yaxınlaşıb pasportumu göstərdim. Pasportuma baxan qadın dərhal təhlükəsizlik xidmətini çağırdı. Onlar məni kənara çəkdilər. Dedilər ki, pasportumu yoxlayırlar və mən bir saat gözləməli oldum. Sonra mənə bildirdilər ki, qırmızı siyahıdayam və ölkəyə daxil ola bilmərəm,” Emma Hughes deyib.