-
Uşaqlıqda əmisigildən çörək oğurladığını yazan var, evdə çox incidildiyini yazan var, atasının onu zorladığını yazan var...
Onlar ona "Miserable Lit" deyərlər...
Əvvəllər fikirləşirdim ki, Azərbaycan yazıçısı uşaqlıqda ailədə və cəmiyyətdən aldığı travmaları tünd boyalarla memuar kimi yazsa, bu, ölkə bir yana dursun, dünyada çox böyük maraqla qarşılanacaq. Çünki müsəlman Şərqi ölkələrindən bir-iki yazıçı belə şeylər yazıb, maraqla qarşılanıb.
Ancaq sonra olimpiya terminləri ilə danışsaq, üçqat daşınmalı oldum bu fikrimdən.
Birincisi, bu cür kitablara qoşulan ümumi addan xəbər tutdum. “Miserable lit” - hərfi tərcümədə acınacaqlı ədəbiyyat, səfil ədəbiyyatı.
Dave Pelzerin “Bu adlanan uşaq” (A Child Called It) və Frank McCourtun “Angelanın külləri” adlı kitabı bu janrın ən populyar nümunələri imiş.
“Miserable lit” – elə bir hekayətdir ki, orada müəllif uşaqlıqda yaşadığı travmaları duyğuları riqqətə gətirəcək şəkildə nəql edir və o travmalar üzərində necə qələbə çaldığını danışır.
İngiltərənin “Waterstone's” kitab dükanları şəbəkəsində “Faciəli həyatlar” adlı ayrıca bir rəf varmış. Bu rəfdəki kitablar öz uşaqlığında ailədən və cəmiyyətdən aldığı travmaları xatırlayan, açıq danışan romanlardır.
“Miserable Lit” adlı janrdan xəbər tutan kimi "Google"-da yazdım bu iki sözü, gördüm, dünya sprayt içirmiş, mənim xəbərim yox.
Əvvəla, o növdən olan çoxlu kitab çıxdı. İnsanlar öz zorlanma, döyülmə, aclıq, yoxsulluq, səfillik içində keçmiş uşaqlıqlarından acı bir qürurla memuar yazırlar. Bundan əlavə, həmin kitabları “aşağı sort”, "səviyyəsiz ədəbiyyat" kimi təhlil edən “elitar” müəlliflərin nüfuzlu jurnallardakı məqalələri çıxdı.
Bir məqalədə sual olunurdu: "Uşaq vaxtı seksual zorakılığa məruz qaldığını bu yazıçılar niyə belə nümayişkəranə nəql edir və niyə oxucular bunları oxumağa meyl edir? Toni Maguire-in “Anama demə” kitabı “uşaqlıqda alçaldılan adamın memuarıdır” və bu dəqiqə Britaniyada nömrə birdir. "Susqun bacılar” ("Silent sisters") alçaldılmış, amma tab gətirmiş bacıların hekayətidir. "Bizim kiçik sirrimiz" ("Our Little Secret”) 4 yaşında aşağılanan oğlanın hekayətidir. “Zərərçəkmiş” ("Damaged") valideynlərinin alçaltdığı uşağın hekayəti, “Daddy's Little Girl” atasının zorladığı qızın hekayəti.
Bu memuarlar ən çox satılan kitablardır. Onlar təkcə kitab dükanlarında yox, "Asda" və "Tesco" kimi supermarketlərdə də satılır."
“Misery” memuarlarının Britaniyada belə qəfil vüsət almasının səbəbi nədir? – BBC müzakirə edir 2006-cı ildə. Onlar elə bir tonla danışırlar ki, bu tonla adətən vampirlər haqda olan kitablardan, ucuz detektivlərdən danışılar.
İkincisi, "The Guardian" qəzetində Britaniyalı jurnalist Samira Ahmadın bu haqda məqaləsinə rast gəldim. Gün o gün idi ki, Pakistanlı fəal Malalanın “Mən Malalayam” kitabı, Ayaan Hirsi Alinin Infidel memuarı gündəmdəydi.
İncidilmək, alçaldılmaq və yoxsulluq haqda yaşanmış hekayələrin son vaxtlar populyarlaşdığını yazırdı Samira Ahmad, ardınca isə deyirdi ki, şərqli qadınların belə memuarlarının populyarlaşması yenə orientalist münasibətə yol aça bilər; "Şərq özü bacarmır, baxın bu qadınlar öz xatirələrində nələr danışırlar, ona görə də biz qərblilər Şərqi idarə etməliyik."
Üçüncüsü, məsələ lap Wikipedia dərəcəsində aydınmış: "Miserable lit" – bioqrafik hesab olunan, çox vaxt baş qəhrəmanın uşaq vaxtı yaşadığı travma və ya alçaldılma üzərində qələbəsi hekayəsidir. Bu hekayələr çox vaxt emosional katarsisdə kulminasiyaya çatır... Birinci şəxsdə yazılır. Bu janr dünya kitabçılığının ən qaynar sahəsidir və kitab satışında rekord rəqəmlər haqda məlumatla məqalə davam edir.
İndi sual olunur, əgər yaxşı satılırsa, oxucusu varsa niyə Azərbaycan yazıçısının da dünyaya çıxış yolu olmasın ki bu? Əslində bizim müasir yazıçılarımız arasında bu janra meyl edənlər çoxdur.
Uşaqlıqda əmisigildən çörək oğurladığını yazan var, evdə çox incidildiyini yazan var, atasının onu zorladığını yazan da var...
Fəqət
Bizim ədəbiyyatda bu cür etiraflar axından olmamaq, səmimi olmaq, "daha yaxşı ədəbiyyat" sayılır. Sərhədin o üzündə isə əksinə, ona münasibət bizim detektiv ədəbiyyata olan münasibətimiz kimiymiş.