"İnsan haqları üçün idman" danışır

Mayın 27-də bir qrup azərbaycanlı Tbilisidə etiraz aksiyası keçirib

-

İnsan haqları üçün idman kampaniyası iyunun 11-də mətbuat üçün açıqlama yayıb. Açıqlamada deyilir ki, “İlham Əliyev rejimi iyunun 12-də başlanan ilk Avropa Oyunlarından yararlanaraq özünün proqressiv ölkə imicini yaradır. Reallıqda isə Azərbaycanda narazılar və jurnalistlər susdurulur.

Kampaniyanın fəalı, hazırda ölkədən kənarda yaşamağa məcbur olan Gülnarə Axundova deyir:

“İdman insan haqlarından üstün deyil. Avropa Oyunlarından əvvəl hökumət insan haqları fəalları və jurnalistləri həbsə atıb. Ancaq Avropanın idman rəsmiləri hələ də susur. İdmanın adı niyə korrupsiya ilə yanaşı çəkilir?”

Açıqlamada qeyd olunur ki, Azərbaycan idman tədbirləri ilə ölkədə insan haqlarının durumunu ört-basdır etməklə məşğuldur. Gələn il ölkədə Grand Prix, 2020-ci ildə Avropa futbol çempionatının oyunları keçiriləcək. Hökumət ümid edir ki, oyunlar “Azərbaycanı dinamik və müasir Avropa dövləti kimi təqdim edə biləcək”.

“İnsan haqları uğrunda İdman kampaniyası bu oyunlar ərəfəsində və yarışma müddətində Azərbaycanda insan haqlarının durumuna diqqət çəkmək üçün yaradılıb. Kampaniyaya rəhbərlik etməli olan fəal Rəsul Cəfərov isə hazırda həbsdədir.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını bildirir, bu yöndə bütün tənqidləri ölkəyə qarşı qarayaxma kampaniyası adlandırır.