Bu il 38 hərbi qulluqçu dünyasını dəyişib

Onlardan 15-i döyüş (14-ü erməni gülləsi, bir nəfəri mina partlayışı), 23 nəfəri isə qeyri-döyüş itkiləridir

-

2015-ci ilin 6 ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 38 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 15-i döyüş (14-ü erməni gülləsi, bir nəfəri mina partlayışı), 23 nəfəri isə qeyri-döyüş itkiləridir. Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) yayıb. Qurum bu statistikanı Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə əsasən hazırladığını bildirir.

Belə ki, 7 nəfər intihar edib, 6 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 4 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 1 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 32-si Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin və 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Ötən dövrdə 7 hərbi qulluqçu bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 4 hərbi qulluqçu erməni gülləsindən, bir nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

Qurumun araşdırmalarına görə, ötən illərlə müqayisədə Azərbaycan ordusunun döyüş və qeyri-döyüş itkiləri kəskin artıb. İnstitut Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin sayının reallıqda daha artıq ola biləcəyini istisna etmir.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2014-cü ildə Almaniyada yaradılıb. Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, eyni zamanda Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda baş verən prosesləri təhlil etmək, strateji proqnozlar hazırlamaqdan ibarətdir.