Salman kişi Məkkədən dönmədi...

Rəşad Bərgüşadlı

-

Rəşad Bərgüşadlı

Şeytanla rəqs edənlər

Hekayə

Qubadlıdanıydılar. On səkkiz il idi ki, üzbəüz mənzildə məskunlaşmışdılar. Bu illər ərzində ailənin ağsaqqalı Salman kişinin vətən sev­gisi, torpaqlara qayıtmaq ümidi öləzimək bilmirdi.

Yeriyəndə elə bil özü boyda dərd, həsrət yeriyirdi. Qürbət onu o qədər çeynəmişdi ki, daha onun sifətindəki təkəmseyrək qərib sevinci də düz-əməlli tutmaq olmurdu.

Son vaxtlar tromblaşıb göy ilan kimi baldırına sarılmış damarları onu çox incidirdi. Həyat yoldaşı Süsənbər yeddi il öncə dünyasını dəyişmişdi. Arından ömür yoldaşının dərdini dilə gətirməzdi. Bu dərdi də Qubadlının dərdinə qatıb özünü şam kimi əridirdi.

Addımlarından bilərdim ki, həyətə düşən Salman kişidir – “tak, tap, tap”... – əvvəlcə ucunun rezini qopmuş əsasını alt pilləyə dirəyərdi, sonra da məhəccərdən yapışıb yanıüstə dayanar, ehtiyatla ayağını həmin pilləyə qoyardı.

Sübhdən həyətə düşüb söyüdün altındakı taxta skamyada öz daimi yerini tutardı. İşə, dərsə gedənlər ona hər “Sabahın xeyir” deyəndə o qədər duavsana edərdi ki, adamın bu alqışlardan ürəyi atlanardı.

Elə bil ki, Salman kişinin ertədən pilləkən əzabına qatlaşıb həyətə düşməkdə elə məqsədi budur, – “Sabahın xeyir, Salman baba!”, “Necəsən, Salman əmi?” – halını xəbər alanlara dua etmək.

O, hər şeyi eyni cür sevirdi – ot-əncəri, böcəyi, ağacı, insanları, uşağı-böyüyü... Elə bil, bu dünyanı sevməyə, sevgi yolunda xərclənməyə gəlib. Həyət-bacada gediş-gəliş seyrələndən sonra dilinin altında zikrlər oxuya-oxuya təzədən evə qayıdıb naharını edərdi.

Xeyli simsar olmuşduq. Məni çox istəyirdi və ərki çatırdı. Görəndə ki, skamyada tək oturub, özümü yanına verərdim, fikrini dağıdardım. “Xəbərlərə baxmamısan?” – qıyqacı baxardı.

Bilirdim ki, baxdığı tək veriliş “Xəbərlər”dir, amma, yenə də ilk sualı bu olardı. “Yox. Niyə soruşursunuz ki?”

“Deyəsən bunların Qarabağı geri almaq niyyəti yoxdur” – gözünü çəliyin ucuna dirəyər, sonra çənəsini tutacağına qoyub köks ötürərdi.

Səksəni haxlamışdı. Gözləri eyzan nəmli olardı. Bilmək olmurdu, bu, tez-tez dəstəmaz aldığından idi, yoxsa gözü elə-belə yaşarırdı – dəsmalı əlindən yerə qoymazdı.

Mobil telefondan başı çıxmasa da, hər ehtimala qarşı nömrəmi bir kağıza yazıb ona vermişdim. Birdən həyətdəki uşaqlardan xahiş edirdi ki, məni yığsınlar. Telefonu açırdım, “Salman baba sənlə danışmaq istəyir” – telefonu ona verirdilər.

“Evin antennasına nəsə olub, televizor yaxşı tutmur, yanında televizor varsa, “Xəbərlər”ə bax gör bir şey demirlər ki?”... – bilirdim ki, həm də məni qəribsəyib. “Nəsə vacib xəbər deməlidirlər?” – avam-avam soruşurdum.

“Gör Qarabağdan bir şey demirlər, prezidentlər sabah Davosdu-mavosdu nədi, orda görüşməlidirlər”... Qocaları körpə uşaqlara bənzədənlər çox arif adamlardır.

Birdən sarı simə köklənəndə deyirdi ki, – “Oğul, bağışla ki sənə çox ərk eliyirəm. Bu şəhər mənə çox yaddı. Allah qismət eləsin, rayona qayıdanda əvəzini minqat çıxaram.

Mənə çox köməkdarlıq edirsən burda... Bircə o torpaqlara qovuşsam, heç bir dərdim qalmazdı. Oyrəli rəhmətlik Hacı Kələntərin qəb­rini ziyarətə getmişdik, qəbristanlığı qanqal teyxa alıb ağzına.

Elə bil qəbirdəkiləri tikanlı zindana salıblar, ətim ürpəndi. Allaha ağır getməsin, hər yerin torpağı bir olan Allahındı, amma heç burda basdırılmaq istəməzdim... Allah heç bir didərginə bu torpaq­larda basdırılmağı nəsib eləməsin.

Qoy qocalıb qay­tana, yumağa dönək, amma vətəndə torpağa gömülək. Amma belə getsə, torpaqlar alınana oxşamır. Birdən fikirləşirəm ki, eybi yox, qoy burda bas­dır­sınlar, sonra qazıb yenidən rayona apararlar.

Onda da, adımı “gorbagor olmuş Salman” deyib çağıracaqlar. Nəysə, şükür tanrının məsləhətinə.

Cümə namazını yaxınlıqdakı məsciddə camaatla birgə qılırdı. Məscidə, toya gedənlər kimi xüsusi hazırlaşardı – təzə geyinər, ayaqqabılarını kremlədər, üzünü təraş edərdi.

Hərdən də yaşlı namaz dost­ları onu yoluxmağa gələr, söyüdün altındakı skamyada oturub dərdləşərdilər. Olduqca mütaliəli adamıydı – dindən adama dərs verərdi.

Tövratı, İncili Qurandan az bilmirdi. Birdən başına toplaşardıq. Elə maraqlı hədislər, ibrətli öyüd-nəsihətlər danışardı ki, adam ayrıla bilmirdi.

Diqqətlə qulaq asanları görəndə isə daha da şövqlənərdi – öyrətməyi savab sayardı. Sünni-şiə mübahisəsinin qatı düşmə­niydi. Onun yanında kimsə bu münasibətləri müza­kirə et­məzdi, dərhal onu susdurar – “İslamın çox eybəcər tarixi var. Əhli-beytin üz-üzə gələn vaxtları da olub. Əgər İslama din kimi yox, tarix kimi baxdınsa, batdın.

Sünnü-şiə söhbəti salanlar fitnə törədənlərdir, Allahın qəzəbi onların üstündədir!”– danışdıqca hirslənərdi. Amma, bir gün özü bu davanın toruna düşdü.

Bir gün xəbər gəlir ki, – “İrandan bir alim gəlib, hamı yığışır, ağsaqqalımızsan, sən də gəl”. Salman kişi də geyinib-kecinib gedər məscidə. Ordan-burdan söhbət edib namaza duranda, iranlı molla əllərinin vəziyyətindən bilər ki, Salman kişi sünni qaydasıyla namaz qılır.

O qədər adamın içində kişiyə – “Sən sünnisən, sənə bizim məsciddə namaz qılmaq olmaz. Sünni ilə birlikdə namaz qılmaq şiəyə yaramaz!”– hikkəylə na­mazı dayandırır. Kişi pərt olur. Bir-bir namaz yoldaşlarının üzünə baxır.

Sən demə, sünnilər bu məsciddən çoxdan ayaqlarını kəsibmişlər və Salman kişi tək qalıbmış. Onsuz da səbirsiz olan Salman kişi gül ağzını açmış, nə açmış... İranlı molla ilə aralarındakı deyişmə bir müddət məhləmizin ən maraqlı mövzusuna çevril­mişdi:

– Sünni ilə şiənin fərqi nədir? – Salman kişi mollanın çənəsinin altınacan gəlir.

Molla:

– Siz qolubağlı qılırsınız!

– Allah qarşısında qulun başı aşağı, qolu həmişə bağlı olar!

Molla:

– Siz Əliyə inanmırsınız!

– Yalansa, səni lənətə gələsən! Əmilərimin adı Əli, Dostəli, Hümbətəli, Məhəm­məd­əli, Fətəli olub. İndi de görək, kimdir imam Əlini daha çox sevən, sən, ya mən?

– Onda niyə namazı Əli qıldığı kimi qılmırsınız?

– Niyə Məhəmməd ümmətini bu qədər parçalamaqdan ləzzət alırsınız!? Əlinin necə namaz qıldığını görmüsən!? Bəs peyğəm­bərimiz necə namaz qılırmış? Bir də ki, namaz qılmağın qaydasına qalsa, lənətlənmiş Firon özünü ayaqla­rın­dan asıb Allaha yalvarırmış, bunun isə mükafatını Allah-taala artıq­lamasıyla ona vermişdi. Yetər ki, namaz qıl və namazın­da tək olan Allahı zikr elə!

– Uzatma, çıx məsciddən! – molla Salman kişinin üstünə çımxırır.

– Şeytanın oğlu, şeytan, sənin o keçi saqqalına bax­maram, bu saat səni it kimi kötəkləyərəm! İrandan gəlib bu­rada bizə din dərsi vermək istəyirsən!? Şeyx Nəsrullah kimi lotuluq etmək istəyirsən, Allahın lənətinə gəlmiş it!?

Dur burdan elə rədd ol ki, tozun da qalmasın, murdar şeytanın oğlu! Məni Allahın evindən qovmaq istəyən iblisə bax! – çəliyini mollanın təpəsinə endirəndə onu tutub saxlayan namaz dostlarına acıqlanır: “Tfu sizin adam­lı­ğınıza, qo­yun əzim bu şeytanın başını..!

O gün birlikdə oxumur­duqmu peyğəmbərimizin hədisini?! O demirdimi, “Ümmətimin ən mərhəmətlisi Əbubəkr, dində ən sağlam olanı Ömər, ən həyalısı Osman, ən yaxşı hökm edəni isə Əlidir! Allahın, mələklərin və bütün xalqın lənəti, onlara kin saxlayanların üzərinə olsun.

Allah-təala onlara kin-kidurət edənlərdən uzaqdır, mən də uzağam!” – nə tez unutdunuz rəsulumuzun bu tapşırığını?! Axirətdə hamı­nı­zın yaxanızdan ikiəlli yapışa­cağam, sizi özüm rəsulullaha, ağam Əliyə şikayət edəcə­yəm!”– deyərək, bu məs­cidə bir daha ayaq basmamağa tövbə edir və məsciddən çıxır.

Bu hadisə onu çox sarsıltmışdı. Daha namazını evdə qılar, cümə günləri isə maşın düşsə, “Şəhidlər məscidinə” gedərdi. Qayıdanda deyərdi:

“Nə gözəl şeydi vəhabi, sünni, nurçu, şiə ilə yan-yana namaza durmaq... Həm də necə pis mənzə­rədir din qardaşla­rının – Məhəmməd ümmətinin təriqətlərə parçalandığını görmək, onların sənə kinayə ilə zillənmiş göz­lə­rinin içinə dik baxa bilməmək... Allah, sən özün bizə doğ­ru yolu göstər, bizi məzhəblərə bölənlərin cəzasını özün ver, sən bizə ağıl ver, ya Rəbbəna” – gözünün nəmini silərdi.

Bir dəfə danışırdı ki, “Peyğəm­bərimiz, çuxası üs­tündə yatmış pişiyi oyatmamaq üçün ətəyini kəsib ki, pişiyi yuxu­dan eləməsin. Görürsən necə ibrətamiz hərəkətdir? Biz isə, – “Vay, ay aman, qoymayın it, ya pişik mənə toxundu, dəstə­mazım pozuldu!” – deyib, məscid­lərin qaba­ğın­dan məsum heyvanları təpikləyir, qovuruq.

Sün­nü vəhabini, şiə sün­nü­nü görəndə az qala dəstəmazlarını pozul­m­uş hesab edirlər. Əlini sev­məmək imansızlıqdır, ancaq Allaha olan sev­gini kimin xati­rinə olursa-olsun parçalamaq, ən azı günahdır. Bədbəxt­lik­dir bizimki...

5-6 peyğəmbərin adını güclə bi­lən biz müsəlmanlar qanmırıq ki, hələ yüz iyirmi dörd min pey­ğəmbərdən bircəciyinə inan­masaq da imandan çıxmış oluruq. Peyğəmbərləri bir yana qoyub, imamların üstündə bir-birimizin az qala qanını içirik...”

Böyük oğlu onu həcc ziyarətinə göndərəndə uşaq kimi sevinirdi. Elə bil, yenidən doğul­muşdu, ağrı-acısı da çəkilmişdi. Bir-bir qonşuların halalığını alırdı. Məni bağrına basıb, “Boynumda haqqın böyükdür, bala, haqqını halal elə” – deyəndə qəhər məni boğdu.

Elə bilirdim ki, birdəfəlik ayrılırıq, sanki, doğma Qubadlısına qayıdır və onu bir daha görməyəcəyəm, məhlədəki skamyası da boş qalacaq. Gözünün yaşını silə-silə maşının şüşəsindən uşaq kimi bizə əl eliyirdi...

Amma, hamının gedəni gəldi, Salman kişi Məkkədən dönmədi... Salman kişinin yasında zəvvar dostu hacı Əfqan (Salman kişinin şiə dostu idi və o da məzhəb davasının qatı əlehdarı idi) danışırdı ki, “Hələ Bakıda bizi hava limanına aparan avtobusa minəndə qohumunu yolan salan biri yola saldığı zəvvardan soruşdu ki, Əbubəkrə lənət duasını unutmamısan ki?

Həccə gedən cavan qohumu da dedi ki, – “Unutmaram, na­ra­hat olma”. Salman kişi də bunu eşidib yolboyu çox dilxor olmuşdu. O, şeytanı daşlama mərasimində həmin oğlanı görür.

Və fikir verir ki, həmin oğlan dilinin altında imam Əbubəkrə lənət oxuya-oxuya şeytana daş atır. Salman kişi əlindəki daşları bir-bir həmin oğlana ataraq, – “Səni lənətə gələsən, məlun şeytan!” – deyib onu daşlayır.

Oğlan qorxu­sun­dan aradan çıxmaq istəyəndə, o da arxasınca düşür, “Ay müsəl­man­lar, şeytan burdadır, boş divarı daşlamaqdan nə fayda, insan sifətinə girmiş bu şeytanı daşlayın!” – deyib qışqırırdı.

Oğlanı güclə onun əlindən aldıq. Kişinin başına hava gəlmişdi elə bil. Bizim qafilənin hamısı onun başına toplaşmışdı. O isə əllərini göyə tutub, “Qapında itin olum, ya Əli! Səni and verirəm Allaha, peyğəmbərə, dost­ların və silahdaşların Osmana, Ömərə, Əbubəkrə, bu kafirin cəzasını özün ver!

Azacıq imanı olan adam da əziz peyğəmbərimizin sirdaşına, hər kəs Onu yalançı adlan­dırarkən Onu təsdiq edənə, hər kəs Onu sürgün edərkən Onu bağrına basana, hər kəs Onu öldürmək istərkən öz malını, canını, bədənini Ona fəda edənə, Bilalı Onun xatrinə azad edənə lənət oxuyarmı heç?

Özü də şeytanın qənşərində!.. “Allaha və mənə düşman olmaq istəyən Əbubəkrə düşman olsun!” – peyğəmbərimizin hədisi deyilmi bəs bu!?” – deyib ba­yıl­mışdı.

Üç gün xəstəxanada yatdı yazıq. İnsult keçiribmiş. Qurban kəsimi üçün də gedə bilmədi, pul göndərmişdi. Son sözü də bu oldu: “Lənətə gəlmiş iblis həcc ziyarətimi pozdu, qoymadı hacı olum”...

Bu yaxınlarda bələdiyyə işçiləri məhlədəki skamyaları yeniləriylə əvəzləyirdi. Köhnə skamyaları xurd-xəşil edib zibil maşınına tullayırdılar. Salman kişinin həmişə oturduğu skamyaya əl vurmağa qoymadım.

“İcazə verirsinizsə, bu skamyanı mən götürüm...”

“Götür, nəyimizə lazımdır ki...” – dedilər.

Binanın qabağında balaca bir bağ qaralamışam. Skamyanı qoca əncir ağacının altına qoyub tilişkələrini yondum, çatını-zədəsini təmir elədim, təzədən rənglədim.

İndi hər dəfə bağa girəndə vətənə qovuşmaq üçün Allaha əl açıb yalvaran, çənəsini çəliyinin tutacağına dayayıb gözünün nəmini silən Salman kişini o skamyada oturan görürəm.

Onun vətənə qovuşa bilməməsi içimi burum-burum göynədir. Həmişə deyərdi: “Allah, gözəl Allahdır, adil Allahdır, hər nə eylərsə, gözəl eylər”. Vətən dərdi onun dizlərini qatlaya bilmədi, onu məzhəb davası öldürdü.

Tək olan Allah bilir, bəlkə də belə məsləhət imiş. Təki, yeri behişt olsun...