Ermənistan: Hərbçilər biz tərəfə keçməyib

Artsrun Hovhannissian

-

«Azərbaycan hərbi qulluqçuları Ermənistan ərazisinə keçməyib».

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan özünün «facebook» səhifəsində yazıb.

«İstisna etmirik ki, Azərbaycan hərbçiləri yolu azıblar. Bu, Qırmızı Xaç Komitəsinin Yerevan ofisinin bəyanatından da bəlli olur. Onlar bizə müraciət edərək Tavuş vilayətinin Vazaşen kəndi ərazisində, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə üzbəüz zolaqdan minaya düşdükləri ehtimal olunan iki Azərbaycan hərbçisinin meyitlərinin çıxarılması üçün təminat istədilər. Belə bir təminat dərhal verildi. Bildiririk ki, Azərbaycandan heç bir hərbçi bizim tərəfə keçməyib», - A.Hovhannisyan söyləyib.

İyunun 23-də Azərbaycan Müdafiə Nazirliyi Qazax rayonu ərazisində iki çavuş - Musa Musayevlə Sabir Yolçiyevin yoxa çıxması haqda məlumat yayıb.

Nazirlik onların azaraq qarşı tərəfə keçə biləcəyini ehtimal edir.

Hərbçilərin axtarışları davam etdirilir.