-
Azərbaycanda qarşı tərəfin təxribat cəhdlərinin qarşısının alınması məqsədilə yeni poliqon yaradılıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, müdafiə naziri Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlığı üçün nəzərdə tutulan yeni təlim-atış mərkəzinin açılışında iştirak edib.
Məlumata görə, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda poliqonda istənilən şəraitdə hazırlıq məşqlərini keçmək məqsədilə müvafiq siniflər hazırlanıb.