-
Asiyada səhm bazarlarında kəskin eniş yaranıb. Səbəb Yunanıstanın defolta gedə biləcəyi qorxusudur. Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna (BVF) borcunu ödəyə bilməsə, defolta gedə və avrozonadan çıxa bilər.
İyunun 29-da Şanxay bazarında 7 faiz enmə qeydə alınıb. Son iki həftədəki eniş isə 20 faizdir.
Tokioda ticarət 3 faiz azalıb. Honq Konq bazarı 3.6 faiz itirib.
Asiya bazarında avro 1.10 dollara düşüb.
İyunun 28-də gecə Yunanıstanın baş naziri Alexis Tsipras elan edib ki, ölkə bankları növbəti altı iş günü ərzində bağlı qalacaq, banklardan pul çıxarılmasını əngəlləmək üçün kapital nəzarəti tətbiq olunacaq.
Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna 1.7 milyard dollarlıq borcunu ödəməlidir. Vaxta bircə gün qalır, defolt təhlükəsi və ya avrozonadan çıxmaq ehtimalı güclənir. Tsipras deyib ki, borc müddətinin az da olsa uzadılması xahişini bir də irəli sürəcək. BVF iyunun 28-də bildirib ki, böhrana nəzarət edir və Yunanıstana yardım göstərməyə hazırdır.