-
İyulun 4-də ABŞ koalisiyası İslam Dövləti silahlı qruplaşmasının Suriyanın Raqqa şəhərindəki mövqelərinə 16 hava zərbəsi endirib. Bu, silahlı qruplaşmaya ən böyük hücumlardan biridir.
Ordunun sözçüsü bildirib ki, məqsəd qrupun Suriya və İraq boyunca irəliləməsini əngəlləməkdir. Koalisiya qüvvələri hərbi hədəflərə “uğurla zərbələr endirib”, Raqqa boyunca strukturları və tranzit marşrutları dağıdıb.
Raqqa həmin qrupun elan etdiyi “İslam xilafəti”nin paytaxtı sayılır.
Bu hücumlardan öncə qruplaşma yeniyetmələrin 25 suriyalı əsgəri qətlə yetirdiyini göstərən video yayıb. Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı isə ölkənin qərbindəki Hələb şəhərində ağır döyüşlər barədə məlumat yayıb.