-
Fəriba Vəfi
Tanınmış İran yazıçısının Azərbaycan dilində çıxmış "Oyundan yorğun" (Qanun, 2007) hekayə kitabından
ÜZÜNÜ BU YANA ÇEVİR
Sən nə vaxt bir qadın kimi yatağa gəlməyi öyrənəcəksən, dizlərini qarnına yapışdırıb yatan bir uşaq kimi yox.
Hələ arxanı da çevirirsən. Üzünü bu yana çevir. Min yol sənə demişəm, sənə hər nə olsa, bu zəhrimar yaşayışda bizim rahatlıq saatımız olan gecəyə yox, gündüzə saxla. İndi dön görüm.
Özün də, sənə nə olub?! Bir saat qabaq İbrahımın boşboğazlıqlarına gülürdün, bizə çatanda qaş-qabağını niyə sallayırsan?
Nə oldu, indi biz olduq pis? Əlimin duzu yoxdur. Sənə azmı zəhmət çəkdim? Salatı da mən düzəltdim. O qədər buyruq verdin ki, barmağımı da kəsdim. Hələ nə yaxşı ki, Şurəngiz dadıma çatdı.
Qazanı qarışdıranda burnunu elə fıs-fıs çəkirdin ki, ayağımı da kəssəydim, xəbərin olmayacaqdı. Şurəngiz barmağıma bint bağladı. Çox gözəl. Dedim: “Həkim xanım, əllərin ağrımasın.” Nə gözəl güldü!
İndi dön artıq. Bilirəm, Şurəngizin köynəyinin dərdi düşüb canuva. Dedim axı, birini sənə alacam.
Bir az dözməlisən. Bu günlər bir az durum yaxşı deyil. İndi dön, məni peşman eləmə.
Bu murdar əxlaqınla bir dənə yox, yüz dənə alacam, hə, canuva and olsun. Elə burda dur, gəlirəm. Ürəyin rahat olsun!
Dinsiz hava da bu gecə çox istidi. Axı arvat, bu nə oyundu, çıxardırsan? Gördün Şurəngiz necə deyib gülürdü? Onun gülüşləri dünyanın bütün qəmlərini adamın ürəyindən çıxardır. Bəs sən?
Elə odu da, nar ağacına bənzəyirsən. Boş yerə əsəbləşirsən. Axı bir köynəyin bu qədər dərdi olmaz!
Bəzən bir qadınla yox, uşaqla evləndiyimi düşünürəm. İbrahimin necə gəyirdiyini gördün? Sən olsaydın, qan salardın, amma Şurəngiz neynədi? Qəşş elədi.
İmansız o qədər güldü ki, saçları mənim dizimə töküldü. "Bu qədər gülmə" - dedim, ətin tökülər.
Qəhqəhə çəkdi. Sən də bir zəhər tuluğu kimi oturmuşdun. Səni tanıyıram. Keçəl başı əntər götü kimi qızaran İbrahimə ürəyin yanırdı.
Hər kəs payına düşəni alar. Öz günahıdı. Kahının məziyyətlərindən, bişmiş tərənin ölən vitaminlərindən danışmaqla canımızı aldı. Hey danışdı...
Pərdələri açmağı unutmusan. Bir az hava gəlsin. Bu balaca isti otaqda boğuldum.
Sən də leş kimi düşmüsən. Nə tərpənir, nə danışırsan. Nazını çəkməkdən yoruldum. Nə məndə hövsələ qalıb, nə də sən on dörd yaşlı qızsan.
"Sənə də onun köynəyindən alacam" - dedim. Mətbəxdən çıxanda üzünün sarı limon qabığı kimi olduğunu gördüm.
Key adamlar kimi, maddım-maddım üzümə baxdın. Az qala yıxılacaqdın.
Aman, siz qadınlar! Sizi yaxşı tanıyıram. Bir-birinizin əynində bir şey görcək bəh-bəhə, tərifə başlarsız. Ay nə gözəl olmusan, şıx olmusan. Amma ürəyizin içində bir şey sizi qıdıqlar.
Elə arvat belə şeylərlə arvatdı. Hələ bunlarla işim yox, sən üzünü mənə çevir. Sənə də birin alacam.
Amma yaxası bir az bağlı olmalıdı. Şurəngizin sinəsi eşikdəydi. Sənə yaraşmaz. Ayrı bir modelin seçməlisən.
Gecə yarını keçib, biz hələ yatmamışıq. Sən bizə bir bax, arvadımız var deyə, sevinirik.
Arvat demə, odun topası, yeralması tayı de. Əstağfurullah! Elə bax bu səhər gedib alaram, yaxşı oldu? Çox da bahalı olmaz.
Cinsi elə də yaxşı deyildi. Yumşaqlığı barmağımı bir cür elədi. Bunu ona deyəndə qəhqəhə çəkdi. Dinsiz, gülüşünü isti su kimi adamın üstünə tökür. “Arvat deyilsən” - deyəndə bunu deyirəm.
Bir şey səni qıdıqlasaydı da, gəlib əlini qulunun parçasına sürtüb güləcəkdin. Heç nəyi üzüvə gətirməyəcəkdin. Qadınlar bir-birini görəndə gözləri qaplan gözü kimin parıldar.
Sən limon kimi olmuşdun, o, qırmızı alma kimi. Köynəyinin dərdinin sənin canuva düşdüyünü başa düşdü.
Yazıq, pis iş görmədi ki?! Bəyənsən, sənin olsun dedi.
Sən də ki, lal olmuşdun. Maddım-maddım baxdın. Cavab da vermək istəmədin. Sanki məni ilk dəfəydi görürdün. Hər şeyi sındırıb-dağıtmaq istəyirdim.
Amma axmaq mən, elə oradaca sənə də birini alaram - deyə, düşündüm. Yaxşı, niyə həyatı bizə cəhənnəm eləyirsən?...
Bir köynəyin bu qədər dəyərimi var? Belə zindəganlığa lənət olsun, daş düşsün başına! Gedib başqa yerdə ölü kimi yataram.
Farscadan tərcümə: L.Cavanşir