Andiçmənin sabahı günü...

Xan Abdulla

-

"Ağrının təzyiqinə dözmədən, hönkürə-hönkürə bu sözləri qaynar nəsnələr kimi ağzımdan yerə qusdum"

Xan Abdulla

HACI

Dünən yuxuma girdi. Mənimlə salamlaşdı. Sonra əlinin tərli olmasından utandı, tezcə əlimi buraxıb şalvarının arxasına sürtdü.

Küt və donuq baxışlarıyla səhra kimi boş gözlərini gözlərimə zillədi, sonra başını aşağı saldı, əlindəki çomağa yaslana-yaslana çıxıb getdi.

Arxasınca qaçmaq istədim, ayaqlarım torpağın dərinliklərinə kök atmış yüzillik çinar kimi yerinə qaxılıb qaldı.

Qışqırmaq istədim. Lal-karın fəryad etməyə çalışması kimi əbəs idi. Bir anlıq nəfəsimin kəsiləcəyini zənn etdim, tövşüyə-tövşüyə oyandım.

Kal-kal gözlərimi tavana zilləyib saatın çıxardığı səsi dinşədim, səhərin açılmağına az qalırdı.

Onu ilk dəfə görəndə yazığım gəlmişdi. Əynində köhnə, bozarmış, balağı topuğundan şalvar, ölçüsündən bir xeyli böyük qəhvəyi uzunqol köynək, dabanları sürtülməkdən yeyilib yastılanmış, üstü qırış-qırış, qara uzunburun ayaqqabı vardı.

Köynəyini nimdaş, rəngi yeyilib solmuş kəmərinin sımsıx qucaqladığı, az qala sinəsi bərabərində olan şalvarının içinə saldığı üçün olduqca gülünc görünürdü.

Ətrafındakı insanlara elə mat-mat baxırdı, sanki hansısa yad bir planetdən gəlmiş, ilk dəfə insanlarla qarşılaşmışdı.

Əyri, yöndəmsiz burnu, qonur rəngli xırda, qıyıq gözləri, uzun, batıq çənəsi, arıq, tüklü üzü, bir xeyli uzun və çirkli saçları ona daha da miskin görkəm verirdi.

Başını aşağı salıb ətrafda key-key var-gəl edir, yerdən götürdüyü ağac qırığını nazik dodaqlarının arasına alıb ləzzətli bir nemət kimi gəmirir, tez-tez də yerə tüpürürdü.

1986-cı ilin aprel ayı idi. Qazaxıstanın Alma-Ata şəhərində hərbi xidmətimin ilk günlərini çəkirdim. Hərbi hissəyə Hacı ilə eyni gündə gəlmişdik.

Mülki paltarlarımız əynimizdə idi. Diqqətimi çəkdiyi üçün tanış olmaq istədim. Yanına yaxınlaşıb salam verdim. Cavab verməyib gözlərini üzümə zillədi.

Rus dilini bilmədiyini anladım. Türkmən olduğunu bir neçə gündən sonra öyrənəcəkdim.

Heç kimlə bir kəlmə kəsmir, ona verilən sualları anlamır, anlamağa da cəhd etmirdi.

Köhnə əsgərlər qoyun kimi fağır, dilsiz-ağızsız olmasından istifadə edib cibində olan-qalan pulunu əlindən almış, ona təhkim olunmuş yeni əsgər çəkmələrini, papağını, şalvarını, kitelini əlindən alıb öz köhnələri ilə dəyişmişdilər.

Hamı onu hansısa yolla istismar etməyə, fürsətdən yararlanmağa çalışır, biri aftafasını doldurmasını tələb edir, o biri çəkmələrini təmizlətdirir, başqası öz əvəzinə yer süpürtdürür, paltarını yuduzdururdu.

Heç kimə heç bir cavab vermir, kim nə deyirdisə, yerinə yetirir, danışmır, bir qırağa çəkilib gözünü məchul bir nöqtəyə zilləyir, növbəti tapşırığı alana kimi donub qalırdı.

Səsini yalnız kimsə sual verəndə, bir də axşam yoxlaması zamanı adı çəkiləndə eşitmək olurdu: “Ləjədiyev Hacı”.

Həmişə “mən” deməyə gecikir, yanındakı əsgər böyrünü dümsüklədikdən sonra ayılıb tezcə cavab verirdi.

Səsi elə məlul, elə yazıq səslənirdi ki, adamın tükləri biz-biz olurdu. Düşünürdüm, nəsə ruhi xəstəliyi var, yararsızdır, nahaq yerə gətiriblər bura.

Köhnələr hər gün onu vəhşi kimi döyür, elə vicdansız zarafatlar edirdilər ki, hamısıyla dalaşmaq, hədlərini göstərmək istəyirdim. Amma əlimdən heç bir şey gəlmirdi.

Hərbi hissədə qafqazlılar çox idi. Hamısı da hörmətli əsgərlər idi deyə, mənə çox dəyib-dolaşan olmurdu. Onunsa gününü qara əsgiyə bükmüşdülər.

Hər gecə yatdığı yerdə tumanının altına, ayaq barmaqlarının arasına diş pastası boşaldır, çirkli corablarını burnuna tutub iyrənc-iyrənc gülür, üzünə möhkəm şillə vurub oyadırdılar.

O da oyanıb heç nə olmamış kimi hamama gedir, yuyunur, qayıdıb yerinə girir, yatırdı. Eyni hal bəzən bir gecədə dəfələrlə təkrar olunurdu.

Gecələrin birində köhnələrdən biri Hacını yuxudan oyatdı:

- Ləcədiyev, çörək istəyirsən? Götür ye.

Hacı heç nə demədi. Yəqin ki, əsgərin rusca dediklərindən bir şey anlamamışdı.

Torbanı əsgərdən alıb içindəkini dişlədi. Ağzındakının çörək yox, şəpid olduğunu anlayıb yerə tüpürdü, öyüməyə başladı.

Kazarmadan isə qəhqəhə səsləri ucaldı. O, yenə heç bir şey demədi, çevrilib yatdı.

Bəzən də yatmağa qoymur, farağat vəziyyətində səhərə qədər saxlayır, oturub-qalxmağa, fırfıra kimi yerində fırlanmağa, öz-özünü şillələməyə, mahnı oxumağa məcbur edirdilər.

Məcbur qalıb yazıq səsilə türkmən dilində mahnı zümzümə edəndə mən əsəbdən ağlamış, eşidib bilən olmasın deyə, üzümü yastığa sıxmışdım.

Ana sevgisi haqqında şərqi mənə elə doğma gəlmiş, ruhumu oxşamışdı ki, sözlərini yadda saxlayıb dəftərçəmə köçürmüşdüm.

Həmin günün sabahı Hacıya yaxınlaşıb söhbət etmək istədim, hərçənd mənlə nəsə danışacağına inanmırdım.

Ona ürək-dirək vemək, cəsarətli olmasını, kimsənin onu ələ salıb gülməsinə yol verməməsini demək istəyirdim.

Çox gec olsa belə, bəlkə də nəsə işə yarayacaq, vəziyyəti nisbətən yüngülləşəcəkdi...

Ona yaxınlaşdım, yanında əyləşdim, niyəsə yaman həyəcanlı idim. Rus dilində yox, öz doğma dilimdə dedim:

- Salam, Ləjədiyev, necəsən?

Cavab vermədi. Hardansa tapdığı nazik taxta parçasını ağzında gəvələyir, sağ əlinin şəhadət barmağını sol əlinin ovcunun içinə nəsə yazırmış kimi aparıb-gətirirdi.

Bilirdim ki, savadı yoxdur, hərfləri tanımır, yazı yaza bilmir.

- İstəsən, mən sənə yazmağı öyrədərəm.

Başını qaldırıb mənə baxdı və üzü elə bir şəkil aldı ki, güldüyünü, yoxsa doluxsunduğunu anlaya bilmək çox çətin idi.

Üzü bir andaca elə qırışdı, sanki sakit gölə daş atmışdılar. Həmin qəribə üz ifadəsi yarandığı kimi bir andaca yoxa çıxdı, Hacının üzündən quş kimi uçub getdi.

Nə edəcəyimi bilmədən dəftərçəmi çıxarıb vərəqin ortasına iri bir “a” hərfi yazdım.

- Bax, bu hərf “a” hərfidir. Hərflərdən dediyimiz sözləri yaza bilmək üçün istifadə edirik. Sən niyə indiyə kimi yazmağı öyrənməmisən?

Heç nə demirdi, gözlərini döşəməyə dikib çubuğunu gəmirməkdə idi. Həmin an gözümü ona dikib diqqətlə baxdım, onun uşaqlığını gözümdə canlandırmaq istədim, alınmadı.

Sanki elə beləcə doğulmuş, böyüməmiş, olduğu kimi qalmışdı. Heç onun qocalığını da təsəvvür etmək mümkün deyildi. Nə uşaq idi, nə qoca, nə də cavan.

Anladım ki, onunla danışmaq heç bir fayda verməyəcək, qalxıb başqa yerə getdim. Biz bir də səkkiz ay sonra danışa biləcəkdik.

Andiçmə mərasiminə bir neçə gün qalsa da, Ləjədiyev sağa-sola dönməyi bilmir, ən sadə fəndləri yerinə yetirməkdə çətinlik çəkirdi.

Yürüş zamanı sağ ayağını atarkən sol əlini qaldırmaq əvəzinə sağ əlini qaldırır, tez-tez ayaqlarını qarışdırır, qeyri-iradi başını aşağı salıb yeriyirdi.

Ona görə beş dəfə etməli olduğumuz məşqi on dəfə etdiyimiz üçün hamı qulağı eşidə-eşidə ona ağzına gələn qatı söyüşləri söyməkdən çəkinmir, üstünə qışqırırdı. Vuranlar da olurdu.

O isə bu ana-bacı söyüşlərinə məhəl qoymur, susur, elə hey susurdu.

Yəqin ki, heç nə anlamırdı. Himnin sözlərini də bilmirdi. Himn oxunanda ağzını balıq kimi açıb-örtür, bəlkə də öz dilində həmin ana haqqında olan mahnını zümzümə edirdi.

Çavuşumuz dönmələri ona öyrətmək üçün qeyri-adi üsul kəşf etmişdi. Sağ əlinə şəpid, sol əlinə çəkmə verib ucadan, gülə-gülə əmr etmişdi:

- Şəpidə dön... Çəkməyə dön...

Bir dəfə Ləjədiyev başını aşağı salaraq, bir əlində şəpid, bir əlində çəkmə, sağa-sola dönəndə əsgərlərdən biri arxadan yaxınlaşmış, dalına güclü bir təpik vurmuş, Hacı özünü saxlaya bilməyib yerə yıxılmış, hamı gülmüş, o isə həmişəki kimi susmuşdu.

Andiçmə günü gəldi. Mərasim bitdikdən sonra bizə saat on ikidən axşam səkkizə kimi şəhərə çıxmağa icazə verildi.

Mən dostlaşdığım əsgərlərlə şəhəri gəzməyə getdim, Hacını hərbi hissə darvazasının yanındakı kətildə oturub gözünü yola dikən görmüşdüm, axşam qayıdanda da orada idi, həmin kətilə oturmuşdu və gözlərini eyni yerə dikmişdi.

Andiçmənin sabahı günü bölüklərə bölündük. Ləjədiyevlə eyni tabora düşsək də, fərqli bölüklərdə idik.

Bilirdim ki, bölükkdə vəziyyəti yaxşı deyil, köhnələr incidir, gün verib, işıq vermirlər.

Tez-tez gün növbətçisi çıxır, ən murdar işləri görür, hamıdan az yatıb, hamıdan çox işləyirdi.

Bir gün onu ayaqyolunda gördüm. Corab yuyurdu. Bildim ki, öz corabı deyil, mülki corabdır. Sonra paçasının arasında tutduğu tumanları yumağa başlayanda, özümü saxlaya bilməyib divara güclü yumruq vurdum, yerə tüpürüb ayaqyolundan çıxdım.

Onu hər dəfə bir az da solmuş, bir az da sınıxmış, daha da ölmüş görürdüm.

Sanki yavaş-yavaş məhv olur, çürüyür, hər gün ölümə daha da yaxınlaşırdı. İnanmırdım ki, evlərinə sağ-salamat çıxıb gedə biləcək.

1987-ci ilin yeni il gecəsi köhnələr onu hərbi hissənin yaxınlığındakı mağazadan yemək-içmək almağa göndərmiş, Ləjədiyev isə tutulub beş sutka haupvaxta göndərilmişdi.

Haupvaxtdan qayıdanda daha da arıqlamış, quruyub qaxaca dönmüşdü. Gözlərinin ətrafında yaranmış göyümtül halqalardan böyrəklərinin çürüdüyünü anlamaq olurdu.

Hər ay aldığı məvacibin tamamını əlindən alırdılar. Arada onu özümlə bufetə aparıb çayla kökə alırdım.

Kökəni iştahla dəvə kimi gövşəyir, qaynar çayı birnəfəsə başına çəkirdi. Heç “sağ ol” da demədən başını aşağı salıb uzaqlaşırdı.

Fevralın on doqquzu hərbi hissənin hasarı yanında patrul çıxdım. Hacı ilə birgə xidmət edəcəkdik. Hər bölük bir patrul nəfəri verməli idi.

Onunla ikinci və son söhbətimiz o zaman baş tutdu. Daha doğrusu, həmin günün sabahı.

Axşam saat doqquzda yeməkxanadan birbaşa posta gəldik, postda gecə saat birə kimi biz dayanmalı, saat birdə isə bizi digər iki nəfər əvəzləməliydi.

Mən altıma taxta qoyub oturmuş, o isə ayaq üstə “farağat” vəziyyətində dayanmışdı.

Bilirdim ki, köhnə əsgərlər onun payına postda tərpənənə, “farağat” vəziyyətindən çıxana, nəsə danışana ana söyüşü söyüblər.

Heç nəyə görə yox, sadəcə məzə üçün. Ona görə də gəlib yanımda oturması üçün heç bir təklif etmədim. Bilirdim ki, nə qədər təkid etsəm də xeyri olmayacaq.

Qarşıda dörd saat var idi və Hacı dörd saat adamın iliyini donduran şaxtada dimdik dayanmalı, tərpənməməli idi.

Mən siqareti siqaretə calayıb ona baxır, danışmağa mövzu axtarırdım. Vaxt getmirdi. Mahnı zümzümə etdim, gəzişdim, qalxıb hasarın o biri tərəfinə baxdım. Vaxt isə getmirdi ki, getmirdi.

İki saat sonra yağış başladı. Çovğun göydən sanki vedrə ilə tökülən yağışı qapaz kimi Hacının üzünə, vücuduna çırpır, o isə əllərini yanına daha da bərk sıxır, sinəsini bir az da qabağa verməyə çalışırdı.

Daldalandığım ağacın altında onu seyr edir, uşaq kimi ağlayırdım.

Nəhayət, dözməyib onu çağırdım. Fikir vermədi.

Yerimdən qalxıb yanına getdim, yaxasından yapışıb ağacın altına gətirmək istədim, müqavimət göstərdi, sinəsinə güclü bir yumruq ilişdirdim ki, bəlkə müqavimətini qıra bilərəm. Olmadı.

Güclə, birtəhər dartıb ağacın altına gətirdim. O isə qaçıb öz yerinə qayıtdı. Bir neçə dəfə cəhd etsəm də, bacara bilmədim:

- Xəstələnib öləcəksən, özünə yazığın gəlmir? Hacı, qurban sənə, gəl bura. Kim nə deyib, qələt edib. Mən sabah danışacam onlarla.

O isə mənə məhəl qoymurdu. Bilirdi ki, yalan deyirəm, heç kimlə danışmağa ixtiyarım və gücüm çatmaz.

Mənim özümü ondan betər vəziyyətə sala bilərlər. Ağacın altına çəkildim, tir-tir titrəyə-titrəyə saat biri gözlədim.

Saat bir tamamda bizi dəyişəcək bölük növbətçisinin yanında iki yox, bir əsgər vardı. Deməli, Hacını köhnə əsgərlərdən biri əvəzləməliydi, o isə gəlməmişdi.

Hacı yenidən dörd saat da postda durmalı, səhərə kimi farağat vəziyyətində gözləməli idi. Nəsə etmək istəyirdim, əlimdən bir şey gəlmirdi.

Kazarmaya qayıdıb yerimə uzandım, sanki bayaqdan postda dəqiqələri sayan, yuxusu gözündən tökülən mən deyildim. Səhərə qədər yatmayıb Hacını düşündüm.

Səhəri gün yeməkdən qayıdandan sonra öyrəndim ki, Hacı bərk xəstələnib, tibb məntəqəsinə aparıblar.

Bölük növbətçisindən icazə alıb tibb məntəqəsinə qaçdım, Hacının yatdığı otağa girəndə otağın ayaq, tər, sidik qarışığından yaranmış kəsif qoxusu üzümə vurdu.

Çarpayısına yaxınlaşdım. Gözləri açıq idi. Məni tanıdı. Kağız kimi ağarmış üzünü, gözlərindəki ölgün ifadəni görəndə anladım ki, sabaha sağ çıxan deyil.

Sinəmə şiddətli ağrı doldu, sanki kimsə qaynar bir dəmir götürüb köksümə yapışdırmışdı.

Hönkürüb ağlamaq istədim, nə qədər çalışsam da, qəhərimi uda bilmirdim. Yaxınlaşıb başını sığalladım:

- Sənə dedim axı, gəl ağacın altına, niyə gəlmədin?

Ağrının təzyiqinə dözmədən, hönkürə-hönkürə bu sözləri qaynar nəsnələr kimi ağzımdan yerə qusdum.

Gözlərini mənə zillədi və ilk dəfə güclə eşidiləcək səsi ilə mənlə danışdı, nəsə dedi:

- Anamın yanına gedəcəm, Qəribov. Onun üçün çox darıxmışam.

Gülümsədim. Sevinc və kədər hissləri bir-birinə, onlar da göz yaşlarıma qarışmışdı.

- Düz deyirsən. Bax, bir ilimiz gedib. Bir ili də başa vurub evimizə, anamızın yanına gedəcəyik. Sağalacaqsan, heç narahat olma.

Özüm də inanmadığım bu sözləri elə şövqlə, elə qətiyyətlə demişdim, əmin idim ki, Hacı mənə inanıb.

İnanıb ki, sağala biləcək. Gözlərini mənə zilləyib üç dəfə dərindən nəfəs aldı və onunla son söhbətimizi bu iki sözlə sona çatdırıb gözlərini yumdu:

- O, ölüb.

İki gün sonra isə Hacı öldü. Qarşıdakı bir ildə hərbi hissədə heç kəs onu xatırlamadı.