Azyaşlı qızların qazancına göz dikən ailə...

Arxiv fotosu

-

"24 il əvvəl Ağdamdan köçkün düşüb Ağsu rayonuna sığındıq. Bircə məmur istəyirik, gəlib çox demirəm, bircə gününü bizimlə keçirsin. Həyatından küsər".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Ağdam köçkünü Dilarə Bəndəliyeva deyir. O, yaşayışlarının acınacaqlı olmasından danışır:

"Uçuq-sökük bir daxmada 9 nəfər yaşayır. Qara günlərimiz bitmək bilmir. Dəfələrlə Ağsu rayon İcra hakimiyyətinin başcısının qəbulunda olmuşam. Onu məsələdən agah etmisəm, ancaq hər dəfə mənə boş vədlər verib yola salır".

AZYAŞLI QIZLARIN ƏLİNƏ BAXAN AİLƏ

Deyir, övladlarından biri əlil olduğuna ona qulluq edir. Bu səbəbdən də bir işin qulpundan yapışa bilmir.

"Azyaşlı qızlarım küçələrdən dəmir qırıntıları, boş su qabları yığıb satırlar. Çörək pulu edirik. 3 gündür balalarım acdır".

Köçkünün sözlərinə görə, qaldığımız yer xəstəlik mənbəyidir. Nəmişlikdən ailə üzvlərinin ciyərləri sıradan çıxıb.

"Başçı bizə kömək əli uzatmaqdansa, Prezident Administrasiyasına şikayət yazdığıma görə məni hədələtdirir".

ŞİKAYƏT ETDİYİNƏ GÖRƏ ŞƏRƏ-BÖHTANA DÜŞÜB?

Ağsu rayon İcra Hakimiyyətindən bildirlib ki, Dilarə Bəndəliyeva barədə cinayət işi var. Diqqəti vəziyyətinin acınacaqlı olmasına çəkməklə özünü məsuliyyətdən kənarda saxlamaq istəyir.

Dilarə Bəndəliyeva isə deyir, yerli məmurlardan şikayət etdiyinə görə şərə-böhtana düşüb. Ümid edir ki, aidiyyəti qurumlar onun ailə vəziyyəti ilə maraqlanıb bir əncam çəkəcəklər.