Yunanıstan iyulun 13-də Beynəlxalq Valyuta Fonduna 456 milyon avroluq ikinci ödənişi də etməyib.
Bununla Afina borcun ödənilməsinə qoyulmuş vaxtı iki həftə ərzində ikinci dəfə pozdu.
Hazırda vaxtı keçmiş kredit borcunun ümumi məbləği təxminən 2 milyard avrodur.
Yunanıstan ötən ayın sonunda kredit borcunu ödəmədiyinə görə, Beynəlxalq Valyuta Fondu Afinaya yardım proqramını dondurdu və ölkə defolt təhlükəsi ilə üzləşdi.
Fondun məlumatına görə, borcun ödənilməsinə qoyulmuş vaxtın uzadılması ilə bağlı Afinanın sorğusuna yaxın həftələrdə baxılacaq.
Avrozona ölkələrinin liderləri bu günlərdə Brüssel görüşündən sonra islahatlar əvəzində Yunanıstana 3-cü yardım paketinin ayrılması barədə razılıq əldə ediblər.
Yunanıstan hökuməti iyulun ortasınadək bu məsələni parlamentdə müzakirəyə çıxarmalıdır.
Şərhçilər hesab edir ki, bu ölkədə yeni sosial etirazlara səbəb ola bilər.