Plutona ilk missiya baş tutdu

Plutonun kosmik aparatdan çəkilmiş fotosu

-

Çərşənbə axşamı- iyulun 14-də səhər ABŞ-ın Milli Kosmik Araşdırmalar Agentliyinin (NASA) alimləri Plutona missiyanın çatmasına qalan saniyələri sayırdılar. Missiya 3463 gün, yaxud 9 il yarım çəkib. Saatın əqrəbləri sıfıra dəyəndə, agentliyi sevinc qışqırıqları bürüyüb.

“Adamlar bunun mümkün olmadığını düşünürdülər... ancaq son 9 ildə bu iş qüsursuz həyata keçirildi,” NASA-da keçirilən brifinqdə “Yeni üfüqlər” (New Horizons) kosmik aparatının baş tədqiqatçısı Alan Stern deyib. Aparat 2006-cı ildə buraxılıb.

Pluton Günəş sisteminin 9 planeti içində öyrənilməmiş ən sirli cırtdan planet idi. NASA planetə çatan ilk təşkilat oldu.

Yerdən Plutona 5,87 milyard kilometrdir. Bu səbəbdən onun tərkibi və orada baş verənlər tədqiq olunmayıb. Pluton 248 ilə Günəş ətrafında fırlanır.