Malayziya təyyarəsilə bağlı yeni video yayılıb

Qəza yerində, 20 iyul, 2014-cü il

-

Avstraliya qəzetləri ötən il Ukrayna səmasında vurulmuş təyyarəylə bağlı yeni video əldə ediblər. 17 dəqiqəlik videoda yaraqlılar MH17-nin qalıqlarını yoxlayır və onun hərbi deyil, mülki təyyarə olmasından heyrətlənirlər.

Videonu Sidneyin Daily Telegraph qəzeti yayıb. Videoda yaraqlılar təəccüblənirlər ki, onlar Ukrayna qırıcısını deyil, sərnişin təyyarəsini vurublar.

Videonu yaraqlıların özləri mobil telefonla çəkib. Bu video həmin təyyarəni məhz yaraqlıların səhvən vurmasına ilkin sübutdur. Təyyarədə 298 sərnişin vardı. Yaraqlılar Ukraynanın Sukhoi qırıcısını vurduqlarını güman ediblər.

Qəzetin sahibi – News Corp. bildirib ki, yaraqlıların çəkdiyi video bu həftə Donetskdən çıxarılıb. Onu əldə etməyə aylar sərf olunub. Qəzet onu da bildirir ki, Donetskdən qəza yerinə silahlılar göndərilib. Onlar vurulub yerə salınan qırıcıdan paraşütlə tullandığı güman edilən hərbi pilotları axtarmağa gəliblər. Videodakıların birinin boynunda özünü Donetsk Xalq Respublikası adlandıran qurumun işarəsi var.

Videoda silahlılar aydın eşidilən səslə ukraynalı pilotların axtarışından danışırlar. Təyyarənin mülki olduğunu görəndə heyrətlənirlər: “Bu ki mülkidir!” komandir deyir. Daha sonra söyləyir: “Deyirlər ki (qərargahı nəzərdə tutur), Sukhoi mülki təyyarəni vurub, bizimkilər də qırıcını”.