Britaniyanın ən populyar bulvar qəzeti “Sun”-ın internet versiyasının ön səhifəsində Britaniya kraliçası 2-ci Elizabeth-in nasistsayağı salyut verməsini əks etdirtən videosüjet yerləşdirilib.
Bukingem Sarayı bu hadisə ilə əlaqdar kraliçanı müdafiə edən bəyanatlarla çıxış edib.
Balaca Elizabeth sadəcə olaraq oynayırdı
Sarayın bəyantında deyilir ki, Adolf Hitlerin hakimiyyətə gəldiyi 1933-cü ilə aid bu film parçasında “kral ailəsinin uşaqları sadəcə olaraq oynayırlar”.
Cəmi 17 saniyə sürən videoda 6 və ya 7 yaşında olan gələcək kraliça anası, Uels şahzadəsi olan əmisi və kiçik bacısı şahzadə Margaretlə yanaşı əli ilə nasistsayağı salam jesti edir.
Britaniya mətbuatı qeyd edir ki, nasist Almaniyası ilə bağlı qalmaqallar kraliça ailəsini artıq bir xeyli müddətdir ki, qarabaqara izləyir.
Kral 8-ci Edward boşanmış qadınla evləndiyinə görə taxt-tacdan məhrum olduqdan sonra, 1937-ci ildə Almaniyaya getmiş və orada Hitler tərəfindən təntənə ilə qarşılanmışdı.
Bukingem sarayının sözçüsü deyib ki, “qəzetin əlahəzrətin şəxsi arxivinə aid videonu ələ keçirib qərəzli şəkildə sui-istifadə etməsi təəssüf hissi doğurur”.
Kralıça böyükləri yamsılayıb
Əslində bi qısa ağ-qara filmdə nasist salamını əvvəlcə ana kraliçanın və Edward-ın verdiyi, balaca qızların isə onları yamsıladıqları görünür.
Bukingem sarayından verilən başqa bir anonim şərhdə isə deyilir ki, “bu süjetə zamanın kəsiyində baxılmalıdır”.
Mənbə bildirib ki, zamanında bu görüntülər heç kimin qınağına səbəb olmazdı.
Adının çəkilməsini istəməyən mənbə əlavə edib ki, görüntüdə kraliçanın 6 yaşı var və onun hərəkətinə siyasi qiymət vermək absurddur.
O deyib ki, “Kraliça və onun ailəsinin müharibə illərində bu xalq üçün etdikləri, əlahəzrətin özünün 63 il qüsursuz xidməti bütün qınaqlara cavab ola bilər”.
Hitler Edward-ı taxta çıxaracaqmış
Qəzetlər bunu da xatırladırlar ki, indiki kraliçanın əmisi kral 8-ci Edward boşanmış amerikalı qadınla evləndiiyinə görə taxt-tacdan əl çəkməli olmuşdu. 1972-ci ildə ABŞ-da vəfat edənədək keçmiş kral “nasist rəğbətlisi” kimi tənqid edilirdi.
Bəzi hökumət sənədlərinə görə Hitlerin Britaniya adalarını zəbt edəcəyi təqdirdə Edward yenidən taxtda oturdulmalı idi.
“The Sun” qəzeti videonu dərc etməsini onun ictimai maraqla bağlı olması ilə izah edib.