İ Əliyev:“Media ən yaxın dəstəkçilərimdəndir”

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşüb, Mətbuat Şurasının üzvlərini mükafatlandırıb.

İlham Əliyev milli mətbuatın 140 illiyi münasibətilə jurnalistlər və xalqı təbrik edib, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu deyib.

“Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var, amma Azərbaycan mətbuatı müstəqillik dövründə tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”.

İlham Əliyev1998-ci ildə Azərbaycanda senzuranın ləğv edildiyini və bununla mətbuatın tarixində yeni dövr açıldığını bildirib.

Prezident bildirib ki, mətbuat bu gün Azərbaycanda azad cəmiyyət yaradılması və cəmiyyətdə gedən proseslərin inkişafında əhəmiyyətli rol oynayıb.

İlham Əliyev bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli və beynəlxalq aləmdə milli maraqları qorumalıdır.

Prezident daha sonra qeyd edib ki, erməni lobbisi və digər dairələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası ölkənin daxili və xarici siyasətinə heç bir təsir etmir:

Sonda prezident milli mətbuatın 140 illiyi münasibətilə Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim edib.