- İlk Azərbaycan qəzeti "Əkinçi”-nin təsisçisi və baş redaktoru Həsən bəy Zərdabi ilə böyük yazıçı, dramaturq Mirzə Fətəli Axundovun “Əkinçi”də "Məktubat" bölməsində dərc edilmiş yazışması
Mirzə Fətəli Axundovdan Həsən bəy Zərdabiyə:
“Əzizimiz, gözümüzün işığı Həsən bəy, sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səmaratını zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin…
Çox yaxşı, sözün baməna və nəsihətin müfid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək.
Bizə de görək elmi harda öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur.
Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək, çox yaxşı, hansı istitaət ilə (maliyyə)?
Bərfərüz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, bəs necə edək?
Deyəcəksən ki, rus dilində oxuyun öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllimlər gətirdək ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?
Rusiya dövləti bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir, biz füqarə necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın ,ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə bahar olmaz.
Şəhər xalqı kənd əhlinə nisbətdə qətrədir dəryaya nisbət. Bəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan. Elm öyrənməyə istitaət gərək, vəsilə gərək.
Əvvələn istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz cəbhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünnü.
Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq hardan olsun?..”
Yanvar, 1877
Həsən bəy Zərdabinin Mirzə Fətəliyə cavabı
“Ey mənim dostum, ərz edirəm ki, o kağız (məktub nəzərdə tutulur) qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salır.
Doğrudur, bizim zəmanədə elmsiz qalan millətin puç olmağı məlum və aşkardır və əgər elm təhsil etmək üçün istitaət, ittifaq, vəsilə gərək imişsə və bunlardan heç biri biz müsəlman tayfasında yox imiş və ola bilməz imiş.
Bəs belə də sizin kağız bəzi elm təhsil edənlərin (təhsillilər nəzərdə tutulur) sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti bisəmərə olacaq.
İş, həqiqət belə deyil. Bu siz buyurduğunuz qədər müşkül deyil. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavannası çatan 500 adam tapılar və əgər onlardan 200-cə adam işdən xəbərdar olub öz millətini bisəmərə olmaqdan qorumaq istəyə, onda hər ildə 20 min manat cəm etmək olar.
Ey mənim dostum, heç bilirsinizmi bu məbləğ ilə nə qayırmaq olar? Əvvələn, on ilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın.
Tiflis və ya başqa şəhərdə bir məktəbxana açmaq olar ki, hər 300 ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun.
Həmin uşaqlar təhsil aldıqdan sonra onları şəhərlərə və ya kəndlərə aparıb evə 1 manat vermək ilə məktəbxana aça bilər.
Bu halda Qafqazın şəhərlərində və kəndlərində məktəbxana aça bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki o vaxt indikindən yaxşı müsəlman olarıq.
Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqətən, bu xəyaldır.
Amma onun xəyal olmağına səbəb biz özümüzük.
Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizə etmək istəyirik, qəflətdə olmaq nə lazım.
Yəqin deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü bizə mane olur. Əzizim, bizim zəmanədə və vilayətdə sünni, şiə sözü yalnız anlamaz ağzında qalıb.
Bəs, mənim dostum, halva-halva deməklə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz.”
Yanvar, 1877