Avropa rəsmisi İrana gedir

Federica Mogherini və Mohammad Javad Zarif

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini gələn həftə İran və Səudiyyə Ərəbistanına səfər edəcək.

Məqsəd İranla 6 dünya ölkəsi arasında əldə edilmiş yekun nüvə sazişini müzakirə etməkdir.

Mogherininin ofisindən verilən məlumata görə, o iyulun 27-də Səudiyyə Ərəbistanına, 28-də isə İrana gedəcək.

Avropa rəsmisi Səudiyyə rəsmiləri ilə regional problemləri, Tehranda isə İranla nüvə sazişinin yerinə yetirilməsini müzakirə edəcək.

İyulun 14-də əldə edilmiş bu razılaşmada İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

İranla bu saziş bir sıra Yaxın Şərq ölkələrində narahatlıqla qarşılanır.

Səudiyyə Ərəbistanı kimi ölkələr hesab edir ki, sanksiyaların qaldırılması İranın regionda nüfuzunu artıra və sabitsizliyə səbəb ola bilər.

Qərb və bir sıra ərəb ölkələri İranı Suriya, Yəmən və İraqdakı proseslərə müdaxilədə günahlandırır.

Tehran ittihamı rədd edir.