-
«Azərbaycan Dəmir Yolları» QSC Keşlə-Yalama xəttində elektrik qatarlarının hərəkətinin bərpası ilə bağlı hazırlıq işləri görür.
Bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
O deyib ki, hazırda Bakı-Sumqayıt dəmiryolunda əsaslı təmir işləri görülür: «Təmir işləri başa çatdıqdan və Bakı-Sumqayıt xətti istismara verildikdən sonra Keşlə-Yalama xəttində qatarların hərəkət qrafiki müəyyənləşəcək».
N.Əzməmmədov qeyd edib ki, bu məqsədlə «Azərbaycan Dəmir Yolları» Riqada hər biri dörd vaqondan ibarət beş elektrik qatarı almaq niyyətindədir: «Onlardan üçü artıq Bakıdadır: qatarlar texniki baxışdan və sınaqdan keçirilir. Daha ikisi sonra gələcək. Keşlə-Yalama marşrutu üzrə tariflərdə dəyişiklik olmayacaq».