Basin küçəsindən didərgin düşmüş bakılı...

Arxiv fotosu

-

Azı 2 ildir ki, keçmiş Basin küçəsində park salınıb. Burada istirahət edənlərin çoxu həmin ərazidəki keçmiş evlərdən birinin sakini olmuş Ellada xanımın elə yaxınlqıdakı şəraitsiz mənzillərdən birində kirayədə yaşamasından xəbərsizdilər. Ellada Şərifova sökülmüş evinə görə hələ də kompensasiya almadığını deyir:

"Bank hesabı açıb 17 min manat pul köçürüblər. Deyirlər, götürsən də budur, götürməsən də. Görün həyasızlıq nə həddə çatıb ki, gedirəm icra hakimiyyətinə, məni az qala başçının köməkçisinin köməkçisi qəbul edir. O da deyir ki, verilən pul ev almağa çatmırsa, get yataqxanadan bir otaq al".

Ellada xanımın evi söküləndə özü rayonda olub. Qonşular zəng vurub ki, əşyalarını çölə atıblar, ev yerlə-yeksan edilib.

"Mən özümü çatdıranda gördüm daş-qalaq ev əşyalarıma qarışıb. Heç kəsin başına gəlməsin... Olduqca ağır səhnədir. Gülə-gülə evdən çıxırsan və qayıdırsan ki... Heç bir cüt başmaq da götürə bilmədim".

Evi söküləndən sonra Bakı şəhər İcra Hakimiyyəti onun bank hesabına 17 min manat köçürüb. Ancaq o, bu pula indiki durumda ev ala biləcəyini ağlına da gətirmir:

"Evimin sahəsi 16 kvadratmetr idi. Yeni təmir etmişdim. Avadanlığımın çoxu da təzə idi. İndi deyirlər, get kənarda bir yataqxanada otaq al. Mən niyə şəhərin mərkəzində, 50 il yaşadığım evimi sizə verib şəhərin kənarına, özü də yataqxanaya köçməliyəm? 2 ildən çoxdur ki, mən Bakı şəhər İcra Hakimiyyətinin qəbul şöbəsində düşüb qalmışam".

Keçmiş ev sahibəsi ödənilən məbləğin azlığından narazıdır. Ölkə başçısına müraciət edib ki, mənzil bazarındakı qiymətlərlə ayaqlaşmadığına görə bu məbləğ artırılsın.

Hüquqşünaa Fuad Hüseynov deyir, məhkəmə qərarı və mənzil sahibinin razılığı olmadan söküntü işlərinin aparılması qanunsuzdur:

"Orda çoxları eyni taleyi yaşadı. O adamların bir qismi məhkəmələrə müraciət etməyin perspektivsiz olduğunu düşünərək bu addımı atmadılar. Bir qismi isə məhkəməyə müraciət etsə də, nəticəsi ürəkaçan olmadı. Məhkəmələr Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiaları təmin etmədi. Ancaq bununla belə, Leyla xanım məhkəmələri mütləq keçməlidir. Bu, gələcəkdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunması üçün mütləq bir mərhələdir".

Bakı şəhər İcra Hakimiyyəti "Qış bulvarı"nın salınması ilə əlaqədar həmin ərazidə sökülən evlərin sahiblərinə hər kvadrata görə 1500 manat ödəyib. İcra hakimiyyəti bunu edərkən Nazirlər Kabinetinin müvafiq qərarına əsaslandığını bildirib.