Zarif regional əməkdaşlığa çağırır

Mohammad Javad Zarif Küveytdə mətbuat konfransında

-

İranın xarici işlər naziri Mohammad Javad Zarif “ekstremizm, terrorçuluq və təriqətçilik təhlükəsi”nə qarşı vuruşmaq üçün Yaxın Şərq ölkələri arasında birgə cəbhə yaradılmasına çağırır. “Bir ölkəyə qarşı hədə hamıya qarşıdır,” Zarif Küveytdə İran səfirliyinin keçirdiyi mətbuat konfransında deyib. “Heç bir ölkə digərlərinin yardımı olmadan regional problemləri həll edə bilməz”.

İran dünya gücləri ilə nüvə sazişi əldə edəndən bəri bu, Zarif-in ilk regional səfəridir. Həmin saziş Fars Körfəzi ölkələrinin narahatlığına səbəb olub. İranın qonşuları bu şiə dövlətinin regional çəkisinin arta biləcəyindən qorxurlar. İran İraq, Suriya, Livan, Yəmən və Bəhreyndə daxili münaqişələrə müdaxilədə ittiham olunur.

“İran siyasətində deyil, regionda münaqişə və müharibə istəyən bəzi ölkələrin siyasətində dəyişiklik lazımdır,” Zarif deyib. Zarif Küveyt əmiri və xarici işlər naziri ilə görüşüb. Daha sonra Qətərə gedib, İraqa da səfər edəcək.