Həlak olan əsgərin ailə üzvlərinin xatirələri...

Eldar Fətəliyev ötən şənbə Gədəbəydə gedən döyüşlərdə həlak olub.

-

Bu dünyada vətən uğrunda ölmək qisməti də var.

Bütün arzuları, xəyalları, məqsəd və planları yarımçıq qalan, həyatı iyirmi dörd yaşında bir güllə ilə bitən Eldar Fətəliyev kimi.

1991-ci ildə Gədəbəyin Novoivanovka kəndində dünyaya göz açan bu insan ötən şənbə cəbhə xəttində gedən döyüşlərdə gözlərini əbədi olaraq yumdu. Yaşasaydı, bəlkə də, bu adı heç kim tanımayacaqdı, amma ailəsi, həyat yoldaşı, uşaqları, işi, gündəlik qayğıları olacaqdı. Bəlkə də, tanınmış olacaqdı, bilmirəm...

«DEYİRDİ Kİ, MƏN HƏRB ÜÇÜN YARANMIŞAM»

Nazan Fətəliyeva

Eldar Fətəliyevin anası Nazan Fətəliyeva ilə həmsöhbət olduq:

«18 yaşı tamam olanda, kənddə dostlarının əksəriyyətinə hərbi çağırış bileti gəlmişdi, Eldara isə yox. Hərbi komissarlığa gedib adını yazdırmışdı ki, mən də əsgər gedirəm. Əsgərliyini bitirib gəldikdən sonra evdə saxlaya bilmirdik. Nə qədər mane olsaq da, eşitmədi bizi, təzədən getdi hərbiyə».

Eldar Fətəliyevin oğulları.

«BELƏ OĞULU TORPAĞA BASDIRMAQ OLARMI?»

Ana sözlərinə belə davam edir:

«Bu yaxınlarda sevincək evə gəldi ki, ay ana, döyüşlərdə uğur qazanmışam. Sabah isə fəxri fərmanla təltif etdilər, oğlumu. Mən də anayam, ürəyim dözmürdü. Altı və üç yaşında iki oğlu vardı, ikisinə də əsgər paltarları almışdı.

Eldar Fətəliyevin ailəsi.

Deyirdi, oğullarım da mənim kimi vətənə xidmət edəcəklər!».

Xalası Nərgiz Süleymanova da deyir ki, o da Eldarın arxa cəbhədə qalıb işləməsini istəyib:

«O, özü postlara can atırdı, deyir ki, buralar cənnətdir xala. Biz Eldarla fəxr edirik, başımız dikdir».

Qalib Quliyev

«HƏR DƏFƏ EYNİ CAVAB VERİRDİ-VƏTƏN ANADIR!»

Eldar Fətəliyevin yeznəsi Qalib Quliyev də öz xatirələrini bölüşür:

«Eldarla biz çox yaxın olmuşuq, hətta yeznə-qayın münasibətlərindən də artıq olub o mənə. Qardaş kimi idi. Heç vaxt hərbidə olduğundan peşmançılıq hissi keçirməzdi. Hərdən maraqlanardım, şəraitin necədir, post çətin deyil ki? Hər dəfə eyni cavab verirdi-Vətən anadır! Anamızı qorumaq borcumuzdur! Eldar haqq dünyasına qovuşdu, Allah rəhmət etsin!».