Bakıda səhərlər həyat belə başlayır - [fotoqalereya]

.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakının səhəri belə başlayır - reportajı dinlə

Səhər 7-dən işə başlayır, maaşı 180 manatdır

“Hər səhər mənim üçün bir ümiddir. Hər səhər yuxudan oyananda nəyəsə ümid edib qalxırsan. Günün də elə o ümidlər başlayır. Səhər hansı əhval-ruhiyyəylə başlasan, gün ərzində də onunla davam edəcək. Mən də hər səhər ümidlə oyanıram ki, gedib işimi görəcəyəm. İşə elə tələsirəm, fikirləşirəm ki, vaxtında gedib sulamasam, hansısa ağac susuz qala bilər. Demək olar ki, bu ağaclar, kollar mənim ikinci ailəmdir”.

Səhər saat 7-dir. Şəhərdəki iş yerlərinin hamısının qapısı bağlıdır. Ancaq bağban Anar Əliyev iş başındadır. Onun səhəri ağaclar, güllər, yaşıllıqlarla açılır. 28 yaşlı bağban artıq 4 ildir bu işlə məşğuldur:

“Hər səhər bir ümidlə açılır. Ümidlərin içində bu işim də var. İşimə məsuliyyətlə yanaşıram. Mənim işim özüm üçün bir sağlamlıqdır, insanlar üçün də. Çox əziyyət çəkirik. Bu yaşıllıqların qalması bizdən asılıdır. Yaydır, gec sulasan, yaxşı baxmasan, yaşıllıqlar yana bilər”.

Anar sevə-sevə ağacları sulayır. Saat 4-ə qədər günü onlarla keçəcək. Bağban deyir ki, aldığı 180 manat maaşı artırsaydılar, lap yaxşı olardı:

“Əziyyətimiz böyükdür. Ancaq əziyyətimizə görə maaşımız aşağıdır. Biz də istəyərik ki, işimizi qiymətləndirib maaşlarımızı qaldırsınlar”.

Bazarda da, dəmiryolunda da iş başlayıb

Artıq günəş get-gedə daha çox görünməyə başlayır. Bazara ilk satıcılar gəlib. Əlindəki iri zənbilləri yerə qoyub nəfəsini dərən qadın boş yer axtarır. Həmidə Əvəzova Lənkərandan gəlib. Bazara özünün yetişdirdiyi məhsulları gətirib:

“Alma, pomidor, lobya, pomidor-xiyar, bibər gətirmişəm. Hamısı öz həyətimdəndir. Avtobusdan indi düşmüşəm. Yay oldu, mənim səhərim belə başlayır”.

Dəmiryol vağzalı boşdur. Elanlar səslənsə də gəlib-gedən yoxdur. Relslərin arasından qazıntı səsi gəlir.

Bir qadın əlində kiçik dəmir alətlə dəmiryolundakı daşları-çınqılları təmizləyir. Mira Daşdəmirova deyir ki, hər səhər işə saat 8-də başlayır:

“Qol çəkirik, müdiriyyət deyir ki, “filan sahəyə getməlisən”. İşimin adı yollar üzrə xadimədir. Yollardakı otları vurub süpürürdük. İndi ot yoxdur deyə belə işlərlə məşğuluq. İşə necə başlasaq, işimiz də elə gedəcək. İndi nə qədər ki, səhərdir, sərin olur. Səhər-səhər işləmək yaxşıdır, gün olanda işləmirik. Hər səhərimə şükr eləyirəm ki, sağ-salamatıq, nəfəs alırıq, yaşayırıq. ”

Küçələrə su səpmişəm...

Dəmiryol vağzalı ətrafındakı mağazalar da yavaş-yavaş açılır. Dükanın qapısını açan bir kişinin ilk işi əlinə şlanqı alıb küçəni sulamaq olur:

“Hər səhər işə belə dükanın qarşısını sulamaqla başlayıram, toz olmasın deyə. Suyla yumasam, yoldan keçənlər toza batar”...

Satıcı Rövşən Mehrəliyev deyir ki, küçənin tozunu yuyandan sonra işə başlayır. Yoxsa əli işə yatmır.

Bikeflər də var

Bulvara gedən yolun sağ tərəfində isə iki kitabçı kitablarını səkiyə düzür. Bu səhər ilk iş günləri olacaq:

“İşə bu səhərdən başlayırıq. İşləməyə qoymurlar, görək bu gün necə olacaq”.

Təmizlikçi Namiq də kefsizdir:

“Əhvalım yoxdur. Gəlib işə başlamışam, ancaq özümü yaxşı hiss eləmirəm. Hər səhər tezdən durmaq deyəsən get-gedə çətinləşir”.

Bulvardakılar da iş başındadır

Bakı Bulvarında isə bir kişi ayağına iri, rezin çəkmə geyib hovuza tökülmüş zibilləri toplayır. Həmkarı onun gördüyü işdən danışır:

“Zir-zibili altdan yığır, ordakı motor da suyu çölə vurur. Həmin su sonradan güllərə, kollara verilir. Bizim də səhərimiz belə başlayır”.

Səhər tezdən olsa da yay günəşi xeyli qalxıb. Dənizin ləpələrində bərq vurur. Dəniz kənarında qaçanlar, velosiped sürənlər də artıq görünməyə başlayıb.