Noyabrın 17-də Nardaranda keçirilən mitinqdə daha bir qəzetin - «İdeal»ın bağlanması ilə bağlı tələb irəli sürülüb. Aksiyada iştirak edən İslam Partiyasının sədri Hacıağa Nuriyevin dediyinə görə, Məhəmməd peyğəmbərin «Sənət» qəzetində təhqir edilməsindən təxminən bir həftə sonra «İdeal» qəzetində də Allahla bağlı təhqiramiz ifadələr işlədilib. Bu baxımdan da iki saata qədər davam edən aksiyada kənd sakinləri hüquq-mühafizə orqanlarından həmin qəzet redaktorunun və yazı müəllifinin ciddi cəzalandırılmasını və nəşrin bağlanmasını tələb ediblər.
Bundan başqa, cənab Nuriyev deyir ki, onlar səmavi dinlər və müqəddəs hesab edilən şəxsiyyətlər və kitablar haqqında təhqiramiz ifadələr işlədənlərə qarşı ölkə qanunvericiliyində daha ciddi dəyişikliklər edilməsilə bağlı parlamentə müraciət ediblər. Hacıağa Nuriyevin sözlərinə görə, artıq Qafqaz Müsəlmanları İdarəsi də «İdeal» qəzetiylə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Proses noyabrın 21-nə təyin edilib.
«İdeal» qəzetinin noyabrın 14-ü tarixli sayında çap edilmiş «Xoşbəxtliyin süqutu və yaxud Allahın utanan üzü varmı?» məqaləsinin müəllifi Aydın Canıyev isə hesab edir ki, yazıda heç bir təhqiramiz ifadə işlədilməyib. O, bildirir ki, yazının səhv yozulmasıyla bağlı başqa bir məqaləylə qəzetdə çıxış edəcək və hər şeyə aydınlıq gətirəcək.