.
Gəncəli gəncdən məktub qalmayıb, amma...
Adının çəkilməsini istəməyən tanışlarından biri AzadlıqRadiosuna deyir ki, 17 yaşlı Ruhin Bədəlov çox normal davranışlı birisi idi - böyük ehtimalla bu gənci canına qıymağa sövq edən səbəb onun qəbul imtahanından kəsilməsi olub: “Amma əsl səbəbin nə olduğunu demək çətindir, çünki o, məktub qoymayıb”.
APA informasiya agenltiiyi yazır ki, Gəncə sakini Ruhin Bədəlov ali məktəbə daxil ola bilmədiyinə görə bugünlərdə intihar edib.
Media Kürdəmirdə başqa bir abituriyentin - 18 yaşlı qızın eyni səbəbdən canına qəsd etdiyini yazır.
Bu intiharların gerçək səbəbinin qəbul imtahanı olub-olmadığını müəyyənləşdirmək asan deyil.
Hərçənd müşahidəçilər Azərbaycanda ali məktəbə qəbul imtahanları şərtlərinin stressli olduğunu deyirlər. Xüsusilə də ona görə ki, ali məktəbə qəbul imtahanı Qərb ölkələrindən fərqli olaraq ildə bircə dəfə keçirilir.
Psixoloq Günel Aslanova AzadlıqRadiosuna deyir:
“Bəzən abituriyentlər stressi azaltmaq üçün yanıma gəlirlər. Onlar üçün imtahan dəhşətli bir sınaqdır. Əgər kəsilsələr, bu, həyatın sonu deməkdir”.
Corc Vaşinqton Universiteti qərar verdi - gəlin, imtahansız oxuyun
Azərbaycanda gənclər universitetə qəbulu həyati məsələyə çevirərkən, okeanın o tayında - ABŞ-da nüfuzlu universitetlərdən biri- Corc Vaşinqton Universiteti mayın 27-də qərar verdi ki, qəbul üçün ümumiyyətlə imtahan keçirilməsin - kim istəyirsə və bacarırsa, pulunu versin, gəlsin oxusun.
Uşaq üçün universitetə qəbul olunmaq yox, oxumaq daha çətin olmalıdır.
Ümumiyyətlə, ABŞ-da son vaxtlar uğur qazanmaq üçün universitet təhsilinin vacibliyi şübhə altına alınır. Məsələn, ABŞ-ın ən gənc milyonerlərindən biri- Facebook-un sahibi Mark Zuckerberg, Microsoft-un sahiblərindən biri Billi Gates Harvard Universitetini yarımçıq qoyub. Apple-in yaradıcılarından biri Steve Jobs Reed College-i bitirməyib.
ABŞ-da Azərbaycandakı kimi mərkəzləşdirilmiş və dövlətin təşkil etdiyi qəbul imtahanı yoxdur.
Şagirdlər öz SAT (kollecə qəbul olunmaq üçün imtahan - ildə yeddi dəfə SAT imtahan mərkəzlərindən vermək mümkündür) balını, orta məktəb balını il boyu, ya da ildə iki dəfə qəbul keçirən məhdudiyyətsiz sayda universitetə göndərə bilirlər. Bir sözlə, Qərb qəbul sistemi daha liberaldır. Di gəl ki, universitetdə rüşvət demək olar ki, mümkün deyil və diplom doğrudan da qazanılır.
“Universitetə qəbul yox, orda oxumaq çətin olmalıdır”
Tarixçi alim Altay Göyüşov AzadlıqRadiosuna deyir ki, Azərbaycanda da təhsil almaq stimullaşdırılmalıdır və universitetə qəbul ildə bir neçə dəfə aparılmalıdır:
...qaydaları dəyişmək olar və imtahanı ildə üç dəfə keçirmək olar. Bu, mütləq həyata keçirilməlidir.
“Bir günə bu qədər stressi salmaq nəticələrə təsir edir. İnsanın imtahan günü halı pisləşə bilər, və s. Elə olur ki, abituriyent qaralamada doğru yazır, ağlamaya köçürəndə səhv edir. Xüsusilə də oğlanlar üçün çətindir. Onlar əsgər gedəcəklərsə, daha çox həyəcan keçirirlər.
Bu çox böyük bir iş deyil - qaydaları dəyişmək olar və imtahanı ildə üç dəfə keçirmək olar. Bu, mütləq həyata keçirilməlidir. Niyə bu işi uzadırlar, başa düşmürəm.
Təhsilin özü daha çətin olmalıdır, nəinki qəbul olunmaq. Bizdə isə indi tərsinədir. Uşaq üçün universitetə qəbul olunmaq yox, oxumaq daha çətin olmalıdır. Bu sıxma-boğma keyfiyyətə təsir etməkdir”.
Altay Göyüşov deyir ki, məqsəd təhsil verməkdirsə, onda cəmiyyət gəncə qucaq açmalı, hər kəsə imkan yaratmalıdır.
Təhsil eksperti Rəşad Əliyev hesab edir ki, imtahanların ildə bir neçə dəfə keçirilməsi ona mütləq və qeyri-sağlam münasibəti aradan qaldırardı: "Cəmiyyətimiz müəyyən qədər mühakiməyə meyllidir və bu baxımdan imtahana girərkən gənclərimizin əsas narahatçılıqlardan biri məhz odur ki, bu imtahanda əldə edəcəkləri nəticələr onların həm yoldaşları ilə, həm də qohum-qonşuda olan digər gənclərlə müqayisə, bir çox hallarda isə mühakimə edilməsi üçün istifadə olunacaq. Bu mənada qəbul imtahanlarının ildə cəmi bir dəfə keçirilməsi onun əhəmiyyətinin həddindən artıq şişirdir. Bir halda ki, ali məktəblərimizdə Bolonya sistemi və onun əsas elementlərindən biri olan kredit sistemi tətbiq edilir, niyə görə ali məktəblərimiz Bolonya sisteminə qoşulmuş digər ölkələrin ali məktəbləri kimi ildə iki dəfə deyil, bir dəfə qəbul keçirir?".
Facebook da “Qəbul imtahanı ildə bir neçə dəfə keçirilsin” adlı kampaniya başlayıb.
Hərçənd, Azərbaycanda tələbə qəbulu ən şəffaf və ədalətli sistem sayılır və cəmiyyətdə ən çox inam doğuran sahələrdəndir. 1992-ci ildən qurulan bu sistem mərhum prezident Əbülfəz Elçibəyin adı ilə bağlıdır və Türkiyə qəbul sisteminin oxşarıdır.